Məhkəmə qərarları › İş №3(006)-1943/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1943/2021

23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1943/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi "xxxx" ASC-nin nümayəndəsi X1, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 08 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından "xxxx" ASC-nin direktoru X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin direktoru X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 08 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi "xxxx" ASC-nin direktoru O.V.Məmmədov ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən X2 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsi əsası ilə vəzifəli şəxs kimi onun barəsində İXM-nin 192.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol əsasında 08.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Qeyd edir ki, V.V.Zülfüqarov 25.10.2019-cu il tarixdə Cəmiyyətin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin yerləşdiyi binada qəsdən, etinasızlıqla əməkdaşı olduğu şöbə müdirinin fəaliyyətinə kəskin və yüksək səslə etiraz etməklə, eləcə də əmək müqaviləsinə əsasən əmək funksiyasına və vəzifə borcuna aid olmasına baxmayaraq sığorta hadisələrinin rəhbəri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə vəzifə təlimatı ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməklə baş vermiş yol-nəqliyyat hadisələrini araşdırmaqdan yüksək səslə və şöbə müdiri ilə kəskin formada mübahisə edərək imtina etməklə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş və ona verilən tapşırığı icra etməmişdir. Nəticədə, Cəmiyyətin maddi zərərə məruz qalmaq ehtimalı yaranmışdır. Qeyd olunan halı V.V.Zülfüqarovun işlədiyi Departamentin direktoru və digər işçiləri akt tərtib edərək təsdiqləmişlər. Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir. Həmin Məcəllənin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Bildirir ki, qanunvercilikdə işəgötürənin işçilərlə əmək müqaviləsi bağlamaq və ona xitam vermək hüquqları, eyni zamanda işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifələri, işçinin həmin vəzifələri icra etmədikdə isə əmək müqaviləsinə xitam verilməsi əsasları müəyyən edilmişdir. Qanunun tələbindən də göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin vəzifəsidir, lakin işçi əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasını yerinə yetirməmiş və əmək intizamına riayət etməmiş, nəticədə işçi kimi vəzifələrini düzgün icra etməmişdir. Beləliklə, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsi 04.11.2019-cu il tarixdən ləğv edilmişdir. Bundan sonra V.V.Zülfüqarov "xxxx" ASC-yə qarşı “əmrin ləğvi və əmək kitabçasında dəyişikliyin aparılması tələbinə” dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək 04.11.2019-cu il tarixli, AS-k 19/241 saylı əmrin ləğv edilməsi və işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli, 2-(006)- 7275/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" ASC-nin 04.11.2019-cu il tarixli, AS-k-19/241 saylı əmrinin ləğv edilməsi və V.V.Zülfüqarovun "xxxx" ASC-nin SHTDnin Sığorta Hadisələri şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli, 2-(006)-7275/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən tərəflərindən ƏƏSMN yanında X5 10.12.2020-ci il tarixli, AS-20/1484 saylı məktubla “Əmək müqavilələrinin Elektron İnformasiya sistemində” müvafiq düzəlişin aparılmasına köməklik göstərilməsi üçün müraciət edilmişdir. Bunu nəzərə alaraq “Əmək müqavilələrinin Elektron İnformasiya sistemində” müvafiq düzəliş aparıldıqdan sonra V.V.Zülfüqarov ərizə ilə ƏƏSMN yanında X5 müraciət edərək Cəmiyyət tərəfindən maddi hüquqlarının pozularaq əmək müqaviləsinə xitam verilmədiyini bildirmişdir. Bildirir ki, “Əmək müqavilələrinin Elektron İnformasiya sistemində” müvafiq düzəliş aparıldıqdan sonra V.V.Zülfüqarov həmçinin ərizə ilə Cəmiyyətə müraiət edərək əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirir ki, V.V.Zülfüqarov "xxxx" ASC-nin baş ofisinə yaxınlaşaraq ərizəsini birbaşa özü Cəmiyyətin əməkdaşlarına təqdim etmiş və bunu edərkən əmək müqaviləsinə həmin gün xitam verilməsini təkidlə tələb etmişdir. Hətta əmək müqaviləsinə xitam əmrinin hazır olacağı müddət ərzində "xxxx" ASC-nin baş ofisinin yerləşdiyi inzibati binada gözləyəcəyini bildirmişdir. Göründüyü kimi qeyd olunan hal, yəni V.V.Zülfüqarov tərəfindən təqdim edilmiş əmək müqaviləsinə xitam verilməsi üçün ərizədə tarixin göstərilməməsi sonuncu tərəfindən məqsədli şəkildə Cəmiyyətin əməkdaşlarının xoş niyətindən sui-istifadə edilərək həyata keçirilmişdir. "xxxx" ASC bildirir ki, əməkdaşları tərəfindən xitam ərizəsində tarix göstərilməsinə riayət edilməməsi V.V.Zülfüqarovun heç bir maddi hüququnun pozulması ilə nəticələnməmişdir. Göstərilənlərə əsasən, ƏƏSMN yanında X7 Xidmətinin 08.05.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi F.F.Hüseynli şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərardan məlumatları olmamış, qərar ASC-yə göndərilməmişdir. Yalnız "xxxx" ödəniş portalına baxdıqdan sonra ASC-nin direktoru barəsində qərar qəbul edilməsi barədə məlumatları olmuşdur. V.V.Zülfüqarov adında şəxs onların əməkdaşı olub, sonuncu Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə işdən çıxarılmış, daha sonra Məhkəmənin qətnaməsi çıxarıldıqdan sonra, ASC tərəfindən işə bərpa olunması ilə bağlı dəvət olunaraq işə bərpa olunmuşdur. Bundan sonra V.V.Zülfüqarov onlara “Dost” Xidmətinə işə düzəldiyini və onun əmək müqaviləsinə xitam verilməsini bildirmiş, o, V.V.Zülfüqarova ərizəsinin təmin olunacağını, hazırda isə rəhbərliyin olmadığını dedikdə sonuncu səs-küy yaratmış və dərhal əmək müqaviləsinə xitam verilməsini tələb etmişdir. Bundan sonra V.V.Zülfüqarovun əmək müqaviləsinə həmin gün xitam verilmişdir. V.V.Zülfüqarov ərizəni əvvəlcədən hazırladığına görə ərizəsinə tarix qoymamış buna görə də onun işdən azad olunma tarixi göstərilməmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa şikayətçinin nümayəndəsi F.F.Hüseynli məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, V.V.Zülfüqarov yeni işlə təmin olunduğu üçün ASC-dən çıxmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi T.F.Kərimov şikayətlə razılaşmayaraq bildirmişdir ki, inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə bağlı ASC-yə məlumat verilmiş və nümayəndəsi dəvət edilmişdir. Bundan başqa o, bildirmişdir ki, şikayətçi V.V.Zülfüqarov bir ilə yaxındır ki, ASC ilə mübahisə edir, buna baxmayaraq həmin əməkdaşa diqqətlə yanaşılmamışdır. Həmçinin Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər və ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin maddənin 4-cü bəndinin tələbinə görə isə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Həmçinin həmin maddənin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 08 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara məcmu halında qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 08 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş V.V.Zülfüqarovun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş, buna görə də "xxxx" ASC-nin direktoru O.V.Məmmədov Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 06 may 2019-cu il tarixli, 005623 saylı əmək kitabçasının surətindən görünür ki, V.V.Zülfüqarov 06 may 2019-cu il tarixdən 10 avqust 2020-ci il tarixədək müxtəlif vəzifələrdə "xxxx" ASC-də fəaliyyət göstərmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin Sığorta Hadisələri Şöbəsinin mütəxəssisi V.V.Zülfüqarov tərəfindən yazılmış ərizədən görünür ki, o, olduğu vəzifədən azad edilməsini 17 fevral 2021-ci il tarixdə xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin direktoru O.V.Məmmədov tərəfindən Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin Sığorta Hadisələri Şöbəsinin mütəxəssisi vəzifəsində çalışan V.V.Zülfüqarovun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə O.V.Məmmədov Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 08 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur; 3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; 4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur; 5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin direktoru O.V.Məmmədov tərəfindən işçi V.V.Zülfüqarovun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizəsinə 1 ay müddətində baxılmalı olduğu halda sonuncu V.V.Zülfüqarovu ərizəsini verdiyi gün işdən azad etmiş və bu səbəbdən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbinin pozulmasına dair Qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 08 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan "xxxx" ASC-nin direktoru O.V.Məmmədovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin direktoru X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 08 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar