Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1952/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X8 Qərardan şikayət vermiş şəxs: X1 nümayəndəsi Nümayəndə oğlunun iştirakları ilə X1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən qəbul edilmiş 10.04.2022-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin rəisi X3 10.04.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə olunub. Aşağıdakılara əsasən bu qərarı qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, 10.04.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən guya o, 31.03.2022-ci il tarixdə, saat 09:10 radələrində Nəsimi Rayon Məhkəməsinin qarşısında keçmiş həyat yoldaşının anasını təhqir etməklə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilən inzibati xətanı törədib. Halbuki, göstərilənlər həqiqəti əks etdirmir. Çünki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsində onun verdiyi “nikahın pozulması tələbinə dair” mülki iş üzrə məhkəmənin hazırlıq iclasından sonra o, məhkəmənin inzibati binasının qarşısında taksi gözləyərkən keçmiş həyat yoldaşının anası Gövhər Kazımova onun yanından keçərkən ona qarşı qarğış və təhqirlər etmişdir. O da mobil telefonunu çıxarıb çəkən kimi qarşı tərəf təhqirləri saxlamış, bundan sonra Gövhər Kazımova ona qarşı qərəzli olaraq “102” xidmətinə şikayət edib guya onu təhqir etdiyini söyləmişdir. Halbuki, o, Gövhar Kazımovanı təhqir etməmiş və heç bir ictimai qayda pozmamışdır. O, 04 aprel 2022-ci il tarixdə 20-ci polis bölməsinə çağırılarkən əksinə onun ona qarşı təhqirlərə yol verdiyi barədə izahat və şikayətini bildirmişdir. Buna baxmayaraq, işi aparan təhqiqatçı iş üzrə qeyri-obyektivliyə yol vermiş, nəticədə o, inzibati məsuliyyətə cəlb olunmuşdur. Qərardan da aydın görünür ki, bu qərar 20-ci polis bölməsinin rəisi X7 tərəfindən verilməli olduğu halda, səlahiyyəti olmayan başqa bir şəxs - X5 tərəfindən 10 aprel 2022-ci il tarixdə imzalanmışdır. Halbuki qərar əslində çox gec verilmişdir. Belə ki, qərarın elektron sistemə yalnız 12 may 2022-ci il tarixndə yerləşdirlməsi bunu sübut edir. Həmçinin, inzibati xəta haqqında protokola əsasən hadisənin 31.03.2022-ci il tarixdə baş veridiyi qeyd olunsa da, protokol 10.04.2022-ci il tarixdə tərtib olunmuşdur. Qeyd olunan hallar nəzərə alınaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X1 nümayəndəsi Nümayəndə şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 10.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən X4 31.03.2022-ci il tarixdə, sat 09:10 radələrində ünvan 1 ünvanda xırda xuliqanlıq etmişdir; - 10.04.2022-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarla X2 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. Bu qərarı qəbul edən vəzifəli şəxs kimi X7 göstərilsə də, onu imzalayan şəxs X6 qeyd edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və şikayəti təqdim edilmiş materiallarla birgə nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən qəbul edilmiş 10.04.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Məhkəmədə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin dəlilləri üzrə tam araşdırma aparılmadan, işə baxılarkən müəyyən edilmiş hallar göstərilmədən iş üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən qəbul edilmiş 10.04.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1952/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1952/2022
13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver