Məhkəmə qərarları › İş №3(006)-1953/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1953/2020

07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1953/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əzizova Şəbnur Rəfail qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxxxx» MMC-nin rəhbəri Şəxs nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokolu tərtib edən Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, «xxxxxx» MMC-nin rəhbəri işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2- 2(81)-1706/2016 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxxxx» MMC-nin rəhbəriŞəxs nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında barəsində tərtib olunan inzibati xəta haqqında protokolla razı olmayaraq izahatında bildirdi ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2-2(81)-1706/2016 saylı icra vərəqəsinə əsasən «xxxxxx» MMC-dən 143715,81 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “xxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Nəsimi rayonu icra və probasiya şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən icraatında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2-2(81)- 1706/2016 saylı icra sənədi üzrə "xxxxxx" MMC-dən 143715,81 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxxxxxxx" MMC-nin xeyrinə tutulmasına dair müdafiə etdiyi Şəxs xəbərdar edilmiş və işə inzibati qaydada baxılması üçün məhkəməyə təqdimat verilmişdir. Hesab edir ki, "xxxxxx" MMC-nin direktoru Şəxs əməlində hər hansı inzibati xəta tərkibinin əlaməti olmadığından təqdimat üzrə icraata xitam verilməlidir. Quba rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx.xx.2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2-2(81)-1706/2016 saylı icra sənədi üzrə "xxxxxx" MMC-dən 143715,81 manat məbləğində borcun 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxxxxxxx" MMCnın xeyrinə tutulmasına qərar verilmişdir. Eyni zamanda qərardan görünür ki, "xxxxxx" MMC-yə təklif olunmuşdur ki, qərarı könüllü icra etsin. "xxxxxx" MMC-nin əmlakı siyahıya alınaraq üzərinə həbs qoyulması qərara alınmışdır. Bundan başqa 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2-2(81)-1706/2016 saylı icra sənədi üzrə "xxxxxx" MMC-dən 143715,81 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxxxxxxx" MMC-nin xeyrinə tutulmasına dair icra sənədi üzrə Nəsimi rayonu İcra və Probasiya şöbəsi 2017-ci ildə icraata başlayaraq, Quba rayonunda " xxxxxx" MMC-yə məxsus olan torpaqlar hərraca çıxarılaraq satılmışdır. Həmin torpaqlar "xxxxxxxxx" MMC-nin mülkiyyətinə keçmişdir. Bundan sonra, Nəsimi rayonu İcra və Probasiya şöbəsində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2-2(81)-1706/2016 saylı icra sənədi üzrə "xxxxxx" MMC-dən 143715,81 manat məbləğində borcun və 30manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxxxxxxx" MMC-nın xeyrinə tutulmasına dair icra sənədi üzrə icraata xitam verilmişdir. "xxxxxx" MMC-yə məxsus Quba rayonunda yerləşən əmlak Quba rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə yenidən siyahıya alınmışdır. Bundan başqa, həm Quba rayonunda, həm də Bakı şəhərində fərqli icra və probasiya şöbələrində eyni iş üzrə icraata başlamaq haqqında eyni şəxs barəsində qərarlar vermək qəbuledilməzdir. Eyni zamanda, Nəsimi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Tural Edilovun xx.xx.2017-ci il tarixli qiymətləndiricinin dəvət edilməsinə dair qərarı əsasında borclu "xxxxxx" MMC-yə məxsus Quba rayonu, Vəlvələ kəndində olan 9 hektar torpaq sahəsinin qiymətləndirilməsi həyata keçirilmişdir. Bundan sonra, hərrac keçirilmiş həmin torpaqlar tələbkar, "xxxxxxxxx" MMCnin mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmişNəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 bildirdi ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2-2(81)-1706/2016 saylı icra vərəqəsinə əsasən "xxxxxx" MMC-dən 143715,81 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “xxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2016-cı il tarixdə icraata qəbul olunduqdan sonra qanunla müəyyən olunmuş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu "xxxxxx" MMC-nin icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra sənədi üzrə öhdəliyin tam olaraq yerinə yetirilməsi mümkün olmamışdır. İcra sənədi xx.xx.2018-ci il tarixdə icra məmuru Ramin Quliyev tərəfindən icraata qəbul olunduqdan sonra qanunla müəyyən olunmuş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu "xxxxxx" MMC-nin icra sənədində göstərilən ünvanına göndərilmişdir. Şəxs barəsində məcburi gətirilmə haqqında qərar qəbul olunmuşdur. Halhazırda tələbkar məhkəmə qərarının icra edilməsini tələb edir. Borclu tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-1706/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2-2(81)-1706/2016 saylı icra vərəqəsinə əsasən "xxxxxx" MMC-dən 143715,81 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “xxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sabiq böyük icra məmuru Tural Ədilov tərəfindən xx.xx.2016-cı il tarixli “icraata başlamaq haqqında” qərar qəbul edilmiş və bu barədə həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş “xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. Daha sonra Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən xx.xx.2018-ci il tarixli “icraata başlamaq haqqında” qərar qəbul edilmiş və bu barədə həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş “xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən “xxxxxx” MMC-nin rəhbəri Şəxs xx xxxx 2019-cu il tarixdə və xx xxx 2020-ci il tarixdə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “xxxxxx” MMC-nin rəhbəri Şəxs xx xxxxxx 2020-ci il tarixli izahatından görünür ki, Şəxs icra sənədindən xəbərinin olduğunu, “xxxxxx” MMC-yə məxsus torpaq sahəsinin satıldıqdan sonra qalıq borcunun olduğunu bilməməsini və həmin şirkətin ləğv olunduğunu bildirsə də, icra sənədinin tam olaraq icra edilməsi ilə bağlı cavab verməkdən yayınmışdır. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: «xxxxxx» MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar