Məhkəmə qərarları › İş №3(006)-1957/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1957/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1957/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş hüquqi şəxs “X7” MMC-nin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 04 iyun 2019-cu il tarixli, e-2(006)- 2639/2019 saylı və Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, e-2(004)-898/2021 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 04 iyun 2019-cu il tarixli, e-2(006)-2639/2019 saylı icra vərəqəsinə əsasən ondan 1160 manat məbləğində pul vəsaitinin alınıb zərərçəkmiş hüquqi şəxs “X7” MMC-yə verilməsi qət edilmişdir. Bundan əlavə, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, e-2(004)-898/2021 saylı icra vərəqəsinə əsasən ondan və X4 müştərək qaydada 10157 manat 24 qəpik məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınıb zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Həmin icra sənədlərinin verilməsinə əsas olan qətnamələrdən xəbəri olsa da, barəsində axtarış elan edilməsindən məlumatı olmamışdır. Onun borc üzrə ödənişləri ödəmək üçün maddi imkanı olmamış, həmçinin anası xəstə olduğundan icra məmurunun çağırışlarına gələ bilməmişdir. Buna baxmayaraq, əgər ona vaxt verilərsə ödənişləri hissə-hissə həyata keçirəcəkdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “X7” MMC-nin nümayəndəsi X5 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 04 iyun 2019cu il tarixli, e-2(006)-2639/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 1160 manat məbləğində pul vəsaitinin alınıb zərərçəkmiş hüquqi şəxs “X7” MMC-yə verilməsi qət edilmişdir. Şəxs icra sənədi üzrə heç bir ödəniş etmir və müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınır. Hal-hazırda icra sənədində göstərilən borc məbləğin ödənilməsini tələb edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X2 bildirdi ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 04 iyun 2019-cu il tarixli, e-2(006)- 2639/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 1160 manat məbləğində pul vəsaitinin alınıb zərərçəkmiş hüquqi şəxs “X7” MMC-yə verilməsi qət edilmişdir. Bundan əlavə, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, e-2(004)-898/2021 saylı icra vərəqəsinə əsasən Şəxs və X4 müştərək qaydada 10157 manat 24 qəpik məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınıb zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə verilməsi qət edilmişdir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və qanunla müəyyən olunmuş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarların surəti bildirişlərlə bərabər borclu Şəxs icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarların surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara, həmçinin xx.xx.2022-ci il tarixdə barəsində axtarış elan edilməsi haqqında qərara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Hal-hazırda tələbkarlar məhkəmə qərarının icra edilməsini tələb edir. Müxtəlif dövlət orqanlarına sorğular verilsə də, borclu Şəxs adına heç bir əmlak müəyyən edilməmişdir. Borclu tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Nəsimi rayon məhkəməsinin e-2(006)-2639/2019 saylı, 04 iyun 2019-cu il tarixli və Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, e-2(004)- 898/2021 saylı icra vərəqələrinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 04 iyun 2019-cu il tarixli, e-2(006)-2639/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 1160 manat məbləğində pul vəsaitinin alınıb zərərçəkmiş hüquqi şəxs “X7” MMC-yə verilməsi barədə qərar qəbul olunmuşdur. Bundan əlavə, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, e-2(004)-898/2021 saylı icra vərəqəsinə əsasən Şəxs və X4 müştərək qaydada 10157 manat 24 qəpik məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınıb zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə verilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarlardan, həmçinin “Tələbin könüllü icrası haqqında” bildirişlərdən və xx.xx.2022-ci il tarixli “Axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində “İcraata başlamaq haqqında” qərarlar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, həmçinin onun barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar