Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1959/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, şikayətçi X1 nümayəndəsi və vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(006)-1959/2022 saylı qərarı ilə (Hakim E.M.Hüseynov) B.Yetimovanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməmişdir. Bundan sonra şikayətçi B.Yetimova xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-1994/2022 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək başlanmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı, eləcə də şikayətin icraata qəbul edilməsinə dair məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə hazırlıq iclasl mərhələsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, TC vətəndaşı olmaqla uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstərir, vergi ödəyicisidir və fəaliyyət göstərdiyiz sexdə ətraf mühitə zərər vuracaq fəaliyyətlə məşğul deyildir. İstehsal fəaliyyəti zamanı mövcud tullantılar norma daxilindədir. Barəsində tətbiq edilən inzibati tənbehlə razı deyil və barəsində tərtib edilən inzibati tənbeh tətbiq etmə haqqında protokol əsassız və qanunsuzdur. Hesab edir ki, bu onun sahibkarlıq fəaliyyətinə yaradılan maneədir. Barəsində tərtib edilmiş protokola görə o, İXM-nin 233.1-ci maddəsinin tələblərini pozmuşdur, həmin maddədə «Ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması» göstərilmişdir. Lakin protokolda xx.xx.2021-ci il tarixində Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 3 ünvanda yerləşən alüminium əritmə sexinin fəaliyyəti zamanı atmosfer havasına yayılan zərərli qaz birləşmələrinin normadan artıq atılması göstərilmiş və barəsində İXM-nin 233.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Səlahiyyətli orqan inzibati xətanın törədilməsinin sübutu kimi fotoşəkillərə və MNX-nin xx.xx.2021-ci il tarixli monitorinq aktı ilə əsaslandırmışdır. Araşdırma zamanı ANKAT 64Mz-03 markalı xüsusi texniki vasitədən istifadə edilməsi protokolda göstərilmişdir. Lakin xüsusi texniki vasitənin yararlılığı, nə vaxt texniki müayinədən keçirilməsi göstərilməmiş və bu araşdırmada onun iştirakı təmin edilməmişdir. Qeyd etmişdir ki, o, protokola ümumiyyətlə razı deyil, çünki tərəfindən hər hansı bir inzibati xəta törədilməmişdir. Yol verilə bilən çirklənmə normasının nə qədər olması, normadan artıq hansı həddə yol verildiyi lazımi qaydada araşdırılmamış, istifadə edilən texniki vasitənin özünün yararlılığı protokolda göstərilməmişdir. Bundan başqa, protokolda götərilənlər qəbul edilmiş qərarda göstərilənlərlə uyğun gəlmir. Protokolda əks edilən pozuntu İXM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. İnzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar inzibati xəta haqqında tərtib edilmiş protokola uyğun deyil. Bundan başqa bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən monitorinq aparılmamış, fəaliyyətlərindəki ehtimal edilən qüsurla bağlı onlara heç bir bildiriş verilməmişdir. Azərbaycan Respublikasının 53.1.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-nin 53.1.2-ci maddəsinə şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inizbati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyi sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə İXM-nin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə görə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Hesab edir ki, İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli şəxsin qərarından verdiyi şikayətə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Qərarı aldığı vaxtdan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddət tərəfindən ötürülməmişdir. Onu da qeyd etmişdir ki, İXM-nin 129.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə görə dövlət rüsumu ödənilmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və onun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2022-ci il tarixdə əldə etmişlər və xx.xx.2022-ci il tarixdə həmin qərardan şikayət verilmişdir. Bunu təsdiq edən sənədləri iş materiallarına əlavə etmişlər. Bundan başqa, bildirmişdir ki, onlar şikayətçi B.İ.Yetimova barəsində çıxarılmış protokolla və qərarla razı deyillər. Belə ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib edilsə də, inzibati tənbeh vermə haqqında qərarın əsaslandırıcı hissəsində həmin Məcəllənin 234.0.1-ci maddəsinin dispozisiyası əsas gətirilmişdir. Göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi C.Q.Bəşirov bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərar şikayətçinin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakin çatdırılmanı təsdiq edən sənədi məhkəməyə təqdim edə bilmir. Həmçinin bildirmişdir ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar düzgün maddə ilə qəbul edilmişdir. Belə ki, zərərli qaz birləşmələrinin atmosferə buraxılmasına dair, normativlərə uyğun ölçmələr aparıldıqdan sonra protokol tərtib edilmişdir. Buna görə də verilmiş şikayət əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi, döngə 3 ünvanında yerləşən alüminium əritmə sexinin fəaliyyəti zamanı atmosfer havasına yayılan zərərli qaz birləşmələrinin normadan artıq olması müəyyən edilmiş, buna görə də B.İ.Yetimova barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi, döngə 3 ünvanında yerləşən alüminium əritmə sexinin fəaliyyəti zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olması müəyyən edilmiş, buna görə də B.İ.Yetimova Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci il tarixli, 0659 saylı monitorinq aktının surətindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi, döngə 3, FHN.XRX xidmətinin yanı ünvanında yaşayan Vəliyev Ülvünün etdiyi müraciət tərəflərindən yerində araşdırılmışdır. Şikayətçi onun yaşadığı ünvanın yaxınlığında fəaliyyət növünü bilmədiyi müəssisədən ətraf mühitə yayılan səs-küyün və iy-qoxunun onu narahat etdiyi bildirmiş, bununla bağlı sözügedən ərazidə müvafiq monitorinqlər keçirilmiş, şikayətçi ilə əlaqə yaradılaraq monitorinqdə iştiraka dəvət edilmiş, sonuncu iştirakdan imtina etmişdir. Bu səbəbdən monitorinqlər birtərəfli qaydada aparılmışdır. Vizual baxış zamanı müəyyən olunmuşdur ki, həmin ərazidə "xxxx" MMC-yə aid təkər emalı sahəsi (plastik qırıntıları əritmə sahəsi) istehsalat zamanı ətraf mühitə yayılan səs-küyün səviyyəsi normalardan çoxdur. 71 dBA (norma 60dBA), eyni zamanda F/Ş B.Yetimova məxsus alüminium əritmə sexindən atmosfer havasına yayılan zərərli qaz birləşmələrinin miqdarı normalardan çoxdur. CO-11,9 mq/m3 (norma 5mq/m3 ) ölçmə işləri müvafiq olaraq PCE-322A və ANKAT 64M3-03 cihazları vasitəsi ilə aparılmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərardadından görünür ki, Yetimova Bilal tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət məhkəmə icraatına qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə B.İ.Yetimovaya məxsus sexdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən vətəndaşın müraciəti əsasında monitorinq aparılmış, monitorinq zamanı Nazirliyinə Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi, döngə 3 ünvanında yaxınlığında yerləşən "xxxx" MMC-yə aid təkər emalı sahəsi (plastik qırıntıları əritmə sahəsi) istehsalat zamanı ətraf mühitə yayılan səs-küyün səviyyəsi normalardan çox olması müəyyən edilmiş və MMC-nin direktoru barəsində həmin tarixdə atmosfer havasına yayılan zərərli qaz birləşmələrinin normadan artıq olmasına görə AR İXM-nin 233.1-ci maddəsi ilə protokol tərtib edilməsinə baxmayaraq Qərar ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olmasına görə çıxarılmışdır. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, aparılan monitorinq zamanı "xxxx" MMC-yə aid təkər emalı sahəsi (plastik qırıntıları əritmə sahəsi) istehsalat zamanı alüminium əritmə sexindən atmosfer havasına yayılan zərərli qaz birləşmələrinin miqdarı normalardan çox olması aşkar edilməsinə baxmayaraq protokol AR İXM-nin 234.0.6-cı maddəsinin (müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsi) dizpozisiyasının pozulması faktı kimi deyil həmin Məcəllənin 233.1-ci maddəsinin (ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olması) dizpozisiyasının pozulması faktı kimi qəbul edilmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) şərhinə görə inzibati xətanın obyekti ekoloji cəhətdən təhlükəli maddələrin və tullantıların dövriyyəsi zamanı insanların sağlamlığının və ətraf mühitin mühafizəsinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yaranan ictimai münasibətlərdir. İnzibati xətanın predmetini isə ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli maddələr, o cümlədən radioaktiv, bakterioloji, kimyəvi maddələr və digər tullantıların nəzərdə tutulmuş normadan artıq olan miqdarı təşkil edir. Təhlükəli tullantılar dedikdə, istehsal üçün yararsız olan məhsullar, yaxud öz istehlak xüsusiyyətlərini itirmiş xammal növləri, onların istehsal edilməyən qalıqları, məmulatlar və ya texnoloji proseslərin gedişində yaranan bərk, maye və qaz hallarında olan canlı varlıqlar və onların yaşadığı mühiti zəhərləyən və ya digər formada korlaya bilən maddələr başa düşülür. Həmçinin, həmin Məcəllənin 234.0.6-cı maddəsinin (müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsi) şərhinə görə bu inzibati xətanın predmeti təbii mühitin ünsürü kimi, atmosfer havasıdır. Atmosfer havası - atmosferin yerüstü qatında mövcud qazların (azot, oksigen, karbon və s.) təbii qarışığıdır. Yuxarıda qeyd olunan işləri apararkən onlara zərərli maddələrinin atılması və bir sıra hallar qanunvericiliklə mühafizə edilir. Bu inzibati xətanın obyektiv cəhətlərindən biri də müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsidir. Bu inzibati xətanın subyektini müvafiq normativ-hüquqi aktlara əsasən atmosfer havasının mühafizəsinə nəzarət etməli olan, yaxud sənaye və məişət tullantıları zamanı ekoloji təhlükəsizlik qaydalarına əməl etməli olan 16 yaşına çatmış şəxslər (fiziki, vəzifəli və hüquqi şəxslər) təşkil edirlər. Bununla da, məhkəmə hesab edir ki, qanunverciliyində mənasından göründüyü kimi, "xxxx" MMC-nin direktoru barəsində tərtib edilmiş protokolda göstərilmiş əməldə (atmosfer havasına yayılan zərərli qaz birləşmələrinin normadan artıq olması) AR İXM-nin 233.1-ci maddəsinin tərkibi yox, (müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsi) həmin Məcəllənin 234.0.6-cı maddəsinin tərkibi yaranmışdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçi B.İ.Yetimovanın barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətçi B.İ.Yetimovaya lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati təhbeh vermə barədə qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakıları rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 61, 48, 76, 84, 129 və 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1959/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1959/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver