Məhkəmə qərarları › İş №3(006)-197/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-197/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-197/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 107; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 545433,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın və Şəxs MMC-nin nümayəndələri məhkəməyə gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2022-ci il tarixli məlumatda Şəxs MMC-nin xx.xx.2020-ci il tarixdə 545433,00 ABŞ dolları dəyərində vəsaiti xaricə köçürdüyü və 02 il müddətində bu vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Köçürmə sənədinə görə Şəxs MMC tərəfindən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ”nin hesabına xx.xx.2020-ci il tarixli, 01/8/2020 saylı müqavilə ilə bağlı xx.xx.2020-ci il tarixli, 277 saylı invoys üzrə xx.xx.2020-ci il tarixdə 545433,00 ABŞ dolları pul göndərilmişdir. Şəxs MMC ilə Türkiyədə fəaliyyət göstərən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” arasında təzə meyvə və tərəvəzlərin alqısatqısına dair xx.xx.2020-ci il tarixli, 01/8/2020 saylı müqavilə bağlanılmışdır. Şəxs MMC ilə Rusiyada fəaliyyət göstərən ООО "xxxx" şirkəti arasında meyvə və tərəvəzlərin satışı və çatdırılmasına dair xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı müqavilə bağlanılmışdır. Şəxs MMC, “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” və ООО "xxxx" şirkəti arasında xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı üçtərəfli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” satıcı, ООО "xxxx" şirkəti alıcı, Şəxs MMC isə vəsitəçi qismində çıxış edir. Müqavilənin predmeti – meyvə və tərəvəzlərin beynəlxalq alqı-satqısıdır. Vasitəçi satıcıdan məhsulların alışını alıcının tapşırığı əsasında həyata keçirir. Alıcı satıcıya ödənişi vasitəçi vasitəsilə və ya birbaşa həyata keçirir. Məhsul Rusiya Federasiyasının ərazisinə çatdırılır. Şəxs MMC-nin "xxxx" ASC-dən olan hesabındakı çıxarışa görə ООО "xxxx" şirkəti tərəfindən MMC-yə xx.xx.2020-ci il tarixdə 545433,00 ABŞ dolları pul göndərilir və həmin günü 545433,00 ABŞ dolları xx.xx.2020-ci il tarixli, 01/8/2020 saylı müqavilə ilə bağlı xx.xx.2020-ci il tarixli, 277 saylı invoys üzrə “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ”nə köçürülür. Rusiya Federasiyasının gömrük orqanı tərəfindən tərtib edilmiş mallara dair bəyannaməyə əsasən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” tərəfindən ООО "xxxx" şirkətinə xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı müqavilə üzrə 545433,00 ABŞ dolları dəyərində göndərilmiş məhsul idxal olunub. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, məhkəmədə müəyyən olunur ki, Şəxs MMC ilə Türkiyədə fəaliyyət göstərən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” və Rusiyada fəaliyyət göstərən ООО "xxxx" arasında xx.xx.2020-ci il tarixdə 25/2/2020 saylı üçtərəfli alqı-satqısı müqaviləsi bağlanılmış, eyni zamanda Şəxs MMC “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” arasında təzə meyvə və tərəvəzlərin alqı-satqısına dair xx.xx.2020-ci il tarixli, 01/8/2020 saylı və ООО "xxxx" şirkəti arasında meyvə və tərəvəzlərin satışı və çatdırılmasına dair xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı müqavilələr bağlanılmışdır. Üçtərəfli müqaviləyə əsasən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” satıcı, ООО "xxxx" şirkəti alıcı, Şəxs MMC isə vəsitəçi qismində çıxış edir. Müqavilənin predmetini meyvə və tərəvəzlərin beynəlxalq alqı-satqısı təşkil edir, vasitəçi satıcıdan məhsulların alışını alıcının tapşırığı əsasında həyata keçirir, alıcı da satıcıya ödənişi vasitəçi vasitəsilə və ya birbaşa həyata keçirir, məhsul isə Rusiya Federasiyasının ərazisinə çatdırılmalıdır. Bununla əlaqədar ООО "xxxx" şirkəti tərəfindən "xxxx"MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2020-ci il tarixdə 545433,00 ABŞ dolları pul göndərmiş, MMC də həmin tarixdə bu vəsaiti xx.xx.2020-ci il tarixli, 01/8/2020 saylı müqavilə ilə bağlı xx.xx.2020-ci il tarixli, 277 saylı invoys üzrə “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ”nə köçürülür. Daha sonra xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı müqaviləyə uyğun olaraq “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” 545433,00 ABŞ dolları dəyərində məhsulu ООО "xxxx" şirkətinə göndərir və onlar da Rusiya Federasiyasına idxal olunur. Göründüyü kimi, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Şəxs MMC-nin sifarişi əsasında icra edilmiş ödəniş avans ödənişi deyil, vasitəçilik xidməti ilə bağlı olmuşdur. Belə ki, MMC-nin hesabına Rusiyada fəaliyyət göstərən ООО "xxxx" şirkətindən qabaqcadan göndərilən 545433,00 ABŞ dolları məbləğində pul daxil olmuş və Şəxs MMC də məhz bu vəsaitdən 545433,00 ABŞ dollarını Türkiyədə fəaliyyət göstərən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ”nin hesabına köçürmüş, nəticədə də sonuncu şirkət sifariş verilmiş məhsulları alıcı olan ООО "xxxx" şirkətinə göndərmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar