Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-198/2021 13.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə X2 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 oğlu qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi tərəfindən tərtib olunmuş protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. Belə ki, həmin tarixdə o, tibbi maskadan istifadə etməklə Bakı şəhəri, Azadlıq prospekti 27 saylı ünvanda olarkən polis əməkdaşı tərəfindən saxlanılmışdır. Bu zaman maska onun burnundan aşağıda olsa da, ağız nahiyəsini tam şəkildə örtmüşdür. Lakin 22-ci polis şöbəsinin əməkdaşı Yəhya Mahmudov ona tibbi maskadan düzgün istifadə etmədiyini, buna görə də karantin qaydalarını pozduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə protokol tərtib olunaraq 200 manat məbləğində cərimə ediləcəyini bildirmişdir. O, polis əməkdaşına burnunda çəpər əyriliyi və burun tıxanıqlığı problemi olduğunu, bu səbəbdən maskanı rahat nəfəs ala bilmək üçün ağız nahiyəsində saxladığını desə də, sonuncu buna əhəmiyyət verməmişdir. Eyni zamanda bununla bağlı arayışı da təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan onun ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X6 oğlu şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən X4 həmin tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 27 saylı ünvanda tibbi maskadan düzgün istifadə etməyərək karantin qaydalarını pozmuşdur; - Qax Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 10.12.20-ci il tarixli arayışdan aydın olur ki, X3 burun çəpər əyriliyi və burun tıxanıqlığı diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. Göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-198/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-198/2021
13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver