Məhkəmə qərarları › İş №3(006)-1980/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1980/2020

10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1980/2020 10.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X18 nümayəndəsi və vəkili X2, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X3 iştirakları ilə Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə icla-sın-da baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şikayətdə göstərilmişdir ki, “R&M X13” şirkətinin Azərbaycan Respublikasındakı filialının keçmiş işçiləri X14, X15, X8, X9 və X4 işdən qanunsuz çıxarılmaları ilə bağlı Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyinə edilmiş müraciətləri əsasında filialın rəhbəri X25 Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.700 manat məbləğində cərimə olunmuşdur. Buna səbəb isə guya xx xxx 2020-ci il tarixdə İlqar Kərimov istisna olmaqla digər 4 nəfər şəxsə könüllü qaydada işdən azad olunması barədə ərizə yazmayacaqları təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqavilələrinə xitam veriləcəyi, bu halın da onların gələcək iş fəaliyyəti üçün maneçilik törədəcəyi ilə hədələdiyindən onlar işdən azad olunmaları barədə ərizə yazmış və həmin gün Philip D.Naylor tərəfindən onların əmək müqavilələrinə qanunsuz olaraq xitam verilmişdir. Hədə-qorxu ilə ərizələrinin alınmasına baxmayaraq həmin işçilər xx xxx 2020-ci il tarixdə işdən azad olunmaları barədə ərizələrinin geri götürülməsinə dair yeni ərizələrlə şirkətə müraciət etsələr də, işə bərpa olunmamışlar. İlqar Kərimov isə ərizəsi alınmadan Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. xx xxxx 2017-ci il tarixdən İ.Kərimova direktor vəzifəsinin icrası ilə bağlı etibarnamə verilsə də, onun əmək müqaviləsinə dəyişiklik edilməmiş, həmin vəzifəni icra etməyə görə əmək haqqı ödənilməmiş və onun əmək müqaviləsinə xitam verilən zaman menecer vəzifəsi əvəzinə etibarnamə əsasında verilmiş vəzifəsinə xitam verilmiş, bu zaman müqavilənin tarixi düzgün qeyd edilməmişdir. Lakin işin mahiyyəti ondan ibarətdir ki, İ.Kərimov şirkət tərəfindən verilmiş etibarnamə əsasında direktor vəzifəsini icra etmiş, həmin etibarnamə “R&M X13” şirkətinin xx xxxxx 2020-ci il tarixli qərarı əsasında xx xxx 2020-ci il tarixdən etibarən ləğv edilmiş, filialın direktoru vəzifəsinin icra etməsi üçün P.D.Naylora şirkət adından etibarnamə verilmişdir. İ.Kərimova verilmiş etibarnamə şirkət tərəfindən ləğv edildiyi üçün onun filialın direktoru kimi fəaliyyət göstərməsi üçün heç bir hüquqi əsas olmamış və buna görə də həmin vəzifə üzrə əmək müqaviləsinə xitam verilmiş hesab olunur. İ.Kərimovun əmək müqaviləsinə xitam verildiyini, yeni rəhbərin təyin edildiyini öyrənən digər şikayət vermiş şəxslər yeni rəhbərlə işləmək istəmədiklərindən ərizə verərək xx xxx 2020-ci il tarixdən etibarən işdən azad edilmələrini xahiş etmişlər. Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunvericiliyin tələbləri pozularaq qəbul edilmişdir. Belə ki, şirkətin işçilərə hədə-qorxu gələrək işdən azad olunmaları barədə ərizə vermələrini təklif etməsi həqiqətə uyğun deyildir. İşçilər tərəfindən indiyədək şirkətin rəhbərliyi barədə heç vaxt narazılıq ifadə olunmamışdır. İşçilər ərizələrində xx xxx 2020-ci il tarixindən işdən azad edilmək istədiklərini göstərdikləri üçün onlar həmnin tarixdən işdən azad edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq sonradan işdən azad edilmələri barədə ərizələrinin geri götürülməsinə dair yazdıqları ərizənin şirkət üçün heç bir hüquqi qüvvəsi olmamışdır. İ.Kərimovun əmək müqaviləsinə baxdıqda isə onun biznesin inkişafı üzrə menecer vəzifəsində işləyərkən aldığı əmək haqqı ilə direktor vəzifəsini icra etdiyi vaxt aldığı əmək haqqının məbləği arasındakı fərqi görmək mümkündür. Odur ki, onun direktor vəzifəsini icra etməyə görə əmək haqqının ödənilmədiyini iddia etməsi əsassızdır. İ.Kərimov xx xxxxxx 2013-cü il tarixli əmək müqaviləsi əsasında işləmiş, işdən azad edilərkən vəzifəsinin direktor olduğu qeyd olunmuş və qanunvericiliyin tələbərinə uyğun qaydada müqaviləsinə xitam verilmişdir. Göstərilənlərə əsasən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında X18 nümayəndəsi və vəkili X5 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X11 izahatında bildirdi ki, “R&M X13” şirkətinin Azərbaycan Respublikasındakı filialının keçmiş işçilərinin əmək müqavilələrinə qanunsuz olaraq xitam verilməsinə dair onların müraciəti üzrə araşdırma aparılarkən X18 əməlində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkib əlamətləri olduğundan o, həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilmişdir. Şikayətin rədd olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə X25 İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; - Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X25 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1.700 manat məbləğində cərimə edilmişdir; - “R&M X13” şirkətinin İdarə Heyətinin qərarı ilə xx xxx 2020-ci il tarixdən etibarən X14 “R&M X13” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri vəzifəsindən azad edilmiş, şirkət tərəfindən ona verilmiş bütün etibarnamələr ləğv olunaraq həmin tarixdən etibarsız hesab edilmişdir. xx.xx.2020-ci il tarixdən etibarən X25 “R&M X13” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri vəzifəsinə təyin edilmiş və şirkət tərəfindən müvafiq etibarnamə verilmişdir; - X16, X9, X8 və X4 xx.xx.2020-ci il tarixdə “R&M X13” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri X23 yazdığı ərizələrin surətlərindən görünür ki, onlar həmin tarixdən şirkətdə tutduqları vəzifələrdən azad olunmasını və əmək müqavilələrinə xitam verilməsini xahiş etmişlər; - “R&M X13” şirkətinin Azərbaycan Respublikasındakı filialının xx xxx 2020-ci il tarixli 003/20, 004/20, 005/20 və 006/20 saylı müvafiq əmrlərin surətindən görünür ki, X16, X9, X8 və X12 ilə bağlanılmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən həmin tarixdən xitam verilərək onlar tutduqları vəzifələrdən azad olunmuşlar. Əmrlərin bir nüsxəsi qeyd olunan şəxslərə həmin tarixdə təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər; - 69.3-ci maddəsinin 3-cü hissəsinə görə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; - 69.4-cü maddəsinə əasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, “R&M X13” şirkətinin Azərbaycan Respublikasındakı filialının keçmiş işçiləri X14, X15, X8, X9 və X4 müraciəti əsasında inzibati xəta haqqında iş üzrə icraat başlanılmış,xx.xx.2020-ci il tarixdə X25 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuş və bu protokol əsasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarla o, 1.700 manat məbləğində cərimə olunmuşdur. Eyni zamanda məhkəməyə təqdim edilmiş ərizələrin surətlərindən görünür ki, X14, X8, X9 və X12 xx xxx 2020-ci il tarixdən tutduqları vəzifələrdən həmən tarixdən azad olunması ilə bağlı müraciət etmiş, bu ərizələr əsasında şirkətin müvafiq əmrləri ilə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən bu şəxslərlə bağlanılmış əmək müqavilələrinə xitam verilərək onlar qeyd olunan tarixdə tutduqları vəzifələrdən azad olunmuşlar. İşçilərin isə sonradan əvvəlki ərizələrinin geri götürməsi belə müraciətin hüquqi qüvvəsini yaratmır. İşçilərin əmək müqavilələrinə hədəqorxu gəlinərək xitam verilməsi faktı isə hər hansı dəlillərlə öz təsdiqini tapmamışdır. Bundan əlavə “R&M X13” şirkətinin İdarə Heyətinin qərarı ilə X14 “R&M X13” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri vəzifəsindən azad edilərək şirkət tərəfindən ona verilmiş bütün etibarnamələr ləğv edilmişdir. Göründüyü kimi, “R&M X13” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri X25 tərəfindən X15, X8, X9 və X12 ilə bağlanılmış əmək müqavilələrinə qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilmiş, filialın əvvəlki rəhbəri olmuş X1 də Mülki Məcəllənin tələblərinə uyğun ləğv olunmuş və bu işə də qurumun yeni rəhbəri olan X18 heç bir aidiyyəti yoxdur. Belə olan halda “R&M X13” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri X25 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinin pozulması faktı müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsi öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar