Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1981/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Altınors (Rzayeva) Kübra Cavanşir qızının iştirakları ilə xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-1657/2014 saylı, 18 fevral 2014-cü il tarixli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-1657/2014 nömrəli, 18 fevral 2014-cü il tarixli icra sənədi barədə xəbərdar olmuş və əvvəllər aliment üzrə ödənişləri vaxtında etmişdir. Lakin sonra keçmiş qaynatası ilə arada olan razılığa əsasən qızının ailə həyatı qurduğu vaxt aliment üzrə ödənişi ona birbaşa həmin vaxt hədiyyə etmək qərarına gəlmiş, həmçinin Altınors (Rzayeva) Kübranın qızı ilə birlikdə Türkiyəyə getməsinə razılıq vermişdir. Buna baxmayaraq, o, qızına pul göndərmiş, Altınors (Rzayeva) Kübra Cavanşir qızı Bakı şəhərinə gəldikdə ona qızına xərclik olaraq 500-700 manat arası hər il pul vermişdir. Sonradan onun barəsində tələbkar tərəfindən şikayət edilməsi onu təəccübləndirmiş, belə ki, ona bu barədə hər hansı məlumat verilməmiş, hər dəfə zərurət olduğu müəyyən miqdarda pulu tələbkara vermişdir. Halhazırda tələbkara 1600 dollar və 200 manat pul ödəyir və bir müddət sonra qalan borcunu hissə-hissə olmaqla tam ödəyəcəkdir. Qeyd olunanları və onun icra sənədinin icrasından yayınmamasını nəzərə alaraq, barəsində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Altınors (Rzayeva) Kübra Cavanşir qızı verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-1657/2014 saylı, 18 fevral 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 23 yanvar 2014-cü il tarixdən başlayaraq, 16.12.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 (yüz on) manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. O, Türkiyəyə qızı ilə birlikdə köçdükdən sonra aliment üzrə ona ödənişlər verilməmiş, yalnız Bakı şəhərinə gəldikdə az bir miqdarda məbləğ ona verilmişdir. Lakin qızının maddi ehtiyaclarını qarşılamaq ona çətin olduğundan aliment üzrə ödənişlərin edilməsini tələb etmişdir. Hal-hazırda ona 1600 dollar və 200 manat məbləğində ödəniş edildiyindən Şəxs qarşı şikayətçi deyil, lakin qalan borcun hissə-hissə ödənilməsini tələb edir. Şəxs barəsində qəbul olunacaq qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-1657/2014 saylı, 18 fevral 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 23 yanvar 2014-cü il tarixdən başlayaraq, X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 (yüz on) manat məbləğində alimentin tutularaq tələbkar Altınors (Rzayeva) Kübra Cavanşir qızının xeyrinə ödənilməsi qət edilmişdir. 01.05.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada icrasının təmin edilməsi üçün borclunun ünvanına bildiriş göndərilmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən tələbkara pul tam olaraq ödənilməmiş və barəsində 29.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tələbkar isə borcun tam olaraq ödənilməsini tələb edir. Sonda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-1657/2014-008 saylı, 18 fevral 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 23 yanvar 2014-cü il tarixdən başlayaraq, X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 (yüz on) manat məbləğində alimentin tutularaq tələbkar Altınors (Rzayeva) Kübra Cavanşir qızının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəməyə tələbkar Altınors (Rzayeva) Kübra Cavanşir qızı tərəfindən təqdim edilmiş ərizədən görünür ki, 1600 dollar və 200 manat pul vəsaiti Altınors (Rzayeva) Kübra Cavanşir qızı tərəfindən qəbul edilmiş və qlana borcun hissə-hissə ödənilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1981/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1981/2021
29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver