Məhkəmə qərarları › İş №3(006)-1987/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1987/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1987/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X4 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə, «X4 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyi (hüquqi ünvanı: ünvan 1ti Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə «X4 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mülkiyyətində olan «Mercedes Benz 3029 Xüsusi Təy.» markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 16:21-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 məhkəməyə ünvanlanmış etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, sorğu Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (bundan sonra “Nümayəndəlik”) təqdim edilməmişdir. Belə ki, məhkəməyə təqdim edilən poçt qəbzində Nümayəndəliyin ünvanı qeyd edilməmişdir. Həmçinin, qəbzin çatdırıldığı xx.xx.2023-cü il tarixdə, onu qəbul etmiş, imzalamış “Qarayev” soyadında Nümayəndəlik əməkdaşı Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev 6 ünvanında işləməmiş, sənəd qəbul etməmişdir. Nümayəndəliyin həmin tarixdə 2000-dən yuxarı işçi sayı olmuşdur, ola bilər ki, icraatını apardıqları hansısa layihədə eyni soyadlı əməkdaşlar olsunlar. Lakin, şirkətə daxil olan bütün yazılı məktublar, sorğular Nümayəndəliyin rəsmi qeydiyyatda olduğu ünvana yəni, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev 6 ünvanına daxil olur. Bu ünvanda isə daha öncə qeyd etdiyi kimi “Qarayev” soyadlı əməkdaş işləməmişdir. Məhkəmənin diqqətinə çatdırırlar ki, təcrübədə görülür ki, bəzən başqa şirkətə, fiziki şəxsə ünvanlanmış məktublar Nümayəndəliyə daxil olur, lakin onlar etik davranış sərgiləyərək poçt xidməti ilə əlaqə saxlayır, məktubun yanlış gəldiyini bildirirlər. Görünür ki, burdada eyni hal baş vermiş, Nümayəndəliyə ünvanlanmış məktub hansısa başqa ünvana təhvil verilmiş, sonradan da Nümayəndəliyə daxil olmamışdır. Tərtib olunmuş protokol İnzibati Xətalar Məcəlləsinin 100.2, 100.3, 100.4-cü maddələrinin tələbləri pozularaq tərtib olunmuşdur.Yəni, Protokol tərtib olunması barədə Nümayəndəlik məlumatlandırılmamış, hüquqi şəxsin nümayəndəsi dəvət edilməmiş, hüquq və vəzifələr izah edilməmiş, tərtib edilmiş protokolun surəti verilməmiş, nümayəndəliyin protokolla tanış olmaq, ona münasibət bildirmək hüququları pozulmuşdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin məktubu və müvafiq xəbərnamədən görünür ki, «X4 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus «Mercedes Benz 3029 Xüsusi Təy.» markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumatın verilməsi xahiş olunmuş, bununla bağlı göndərilmiş məktubun xx.xx.2023-cü il tarixdə “Qarayev” soyadlı şəxsin qəbul etməsi qeyd olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, «X4 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyində xx.xx.2023-cü il tarixdə “Qarayev” və yaxud “Qarayeva” soyadlı əməkdaş işləməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə tənzimlənir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Qeyd olunan Məcəllənin 57.3-cü maddəsinə görə ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Beləliklə, 5 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir, təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut da təqdim olunmamışdır. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: «X4 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar