Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1989/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:50-də idarə etdiyi “VAZ 2107 minik” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti ilə C.Hacıbəyli küçəsinin kəsişməsində “Nissan Sunny” minik markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla əlaqədar Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında protokol tərtib olunan Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 275 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:02-də DİN-in TŞX-nin operatorundan daxil olmuş məlumatda, Şəxs Vaqif prospekti ilə C.Hacıbəyli küçəsinin kəsişməsində VAZ 2107 minik” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Nissan Sunny” minik markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və xəsarət alan var. Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 11:50 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan VAZ 2107 markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi ilə üzü Nəsimi Bazarı istiqamətində hərəkət edirdi. Həmin vaxt Vaqif prospektinin kəsişməsinə daxil olduqda bir anlıq diqqətsizlik edərək yol kəsişməsində quraşdırılan svetoforun qadağan edici qırmızı işığına fikir vermədən düzünə yolayırıcını keçərkən sağ tərəfdən Vaqif prospekti ilə svetoforun yaşıl işığında hərəkətdə olan sonradan marka və nömrə nişanını gördüyü “Nissan Sunny” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşma baş verdi. Toqquşma avtomaşının sağ hissəsindən olduğu üçün avtomaşında qabaq sağ oturacaqda sərnişin qismində əyləşən həyat yoldaşı X1 baş nahiyyəsindən xəsarət almış, hadisədən sonra həyat yoldaşı 1 saylı KTM-nə müraciət edərək ilkin tibbi yardım edildikdən sonra evə buraxılmışdır. Hadisə onun ehtiyatsızlığından baş vermişdir. Dəymiş maddi ziyanı sığorta şirkəti öz üzərinə götürmüşdür. Araşdırma zamanı izahatı alınmış X1 bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 11.50 radələrində həyat yoldaşı Şəxs idarə etdiyi “VAZ 2107” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi ilə üzü Nəsimi Bazarı istiqamətində gedirdik. Həmin vaxt Vaqif prospektinin kəsişməsinə daxil olduqda yol kəsişməsində quraşdırılan svetoforun qırmızı işığında yolayırıcını keçərkən sağ tərəfdən Vaqif prospekti ilə svetoforun yaşıl işığında hərəkətdə olan sonradan marka və nömrə nişanını bildiyi “Nissan Sunny” minik markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşma baş verdi. Hadisə nəticəsində zərbədən o baş nahiyyəsindən xəsarət almışdır. Onu həyat yoldaşı digər avtomaşınla 1 saylı KTM-nə yola saldı. Xəstəxanada həkimlər tərəfindən ilkin tibbi yardım edildi və müayinələrdən sonra evə buraxılmışdır. Hazırda səhhəti yaxşıdır. Onun baş vermiş hadisəylə əlaqədar xəsarət aldığına görə həyat yoldaşı Raufa qarşı və digər Nissan markalı avtomaşının sürücüsünə qarşı heç bir şikayəti və tələbi yoxdur. Araşdırma zamanı izahatı alınmış X2 bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 11:50 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Sunny” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Vaqif prospekti ilə Dədəqorqud parkı istiqamətindən üzü Koroğlu parkı istiqamətinə hərəkət edirdi. Həmin vaxt Vaqif prospekti ilə C.Hacıbəyli küçəsinin kəsişməsində svetoforun qırmızı işığında gözləmiş və yaşıl işıq yandıqdan sonra hərəkətə başlayaraq yolayırıcını düzünə keçərkən sol tərəfdən Vaqif prospekti ilə yüksək sürətlə hərəkətdə olan sonradan marka və nömrə nişanını gördüyü VAZ 2107 markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın qarşısına keçdikdə avtomaşının ön hissəsi ilə Vaz markalı avromaşının ön sağ hissəsindən toqquşmuşdur. Toqquşma nəticəsində zərbənin təsirindən idarəetməni itirdikdə avtomaşın yolun sağ kənarında səki daşına toqquşaraq dayandı. Hadisə nəticəsində o xəsarət almamış. Lakin Vaz markalı avtomaşında olan qadın sərnişin xəsarət almışdır. Hadisə yerində həmin qadına köməklik də etmiş, hadisə zamanı avtomaşını təxminən 40 km saat sürəti ilə hərəkət etmişdir. Vaz markalı avtomaşın svetoforun qadağan edici qırmızı işığında yolayırıcına daxil olub sol tərəfdə hərəkətdə olan avtomaşınların qarşısından qəfil olaraq qarşısına çıxaraq toqquşmuşdur. Həmin anda məsafə az olduğu üçün əyləcdən istifadə etmək üçün macal tapmamışdır. Dəymiş maddi ziyanı sığorta şirkəti öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 2/16933 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi-müayinə” protokolundan görünür ki, Şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 xx.xx.2024-cü il tarixli, 379 nömrəli rəyindən görünür ki, 1980-ci il təvəllüdlü A.A.Allahverdiyevanın bədən səthində aşkar edilmiş xəsarətlər - sağ gicgah-alın nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yarası, sol əlin arxa səthinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X7 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. A.Allahverdiyevanın bədən səthində aşkar edilmiş xəsarətin lokalizasiyasını və xarakterini nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin hallarını araşdırıb və belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxsin onunla barışmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-1989/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1989/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver