Məhkəmə qərarları › İş №3(006)-1999/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1999/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1999/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi X1, şikayətçi X2 iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin 19 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 05 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin 19 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 05 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 19 aprel 2021-ci il tarixdə, saat 11:24 radələrində ünvan 1 ünvanında onun barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, 21 aprel 2021-ci il tarixdə həmin protokolun səhv olunması ilə bağlı Bakı şəhər BPİ-nin DYPİ-nə yaxınlaşmış, idarənin 108-ci otağında Vüsal müəllimin iştirakı ilə başveriş inzibati xəta hadisəsinin görüntüsünü əks etdirən video müşahidə kameralarına baxış keçirilmiş, lakin heç bir kamera görüntüsü tapılmamış və barəsində tərtib edilmiş protokolun səhv olduğunu bildirmişlər. Həmin vaxt o, polis idarəsinin 2-ci otağına göndərilmiş, mayor X5 ona bir ay ərzində cavab veriləcəyini bildirmişdir. Bir aydan sonra mayor E.S.Qasımova yaxınlaşdıqda sonuncu ona inzibati xəta hadisəsi ilə bağlı heç bir kamera görüntüsünün və sübutun olmadığını buna görə də həmin protokolun silinməsinin mümkünsüz olduğunu bildirərək məhkəməyə müraciət etməsini bildirmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhər BPİ-nin DYPİ-nin 19 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 05 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üztə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi İ.M.Əhmədov ərizəsinin mahiyyətinə uyğun izahat verərək bildirmişdir ki, ona yazılmış cərimənin silinməsi ilə bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət etsə də müddəti buraxmasına görə şikayət ərizəsi geri qaytarılmışdır. Ona piyada keçidi ilə bağlı cərimə yazılsa da o, hərəkətdə olan zaman piyada keçidində heç kəs olmamış, keçidi keçəndən sonra onun barəsində protokol tərtib edilmişdir. İnzibati xəta hadisəsi elə yerdə törədilmişdir ki, hər yerdə kamera görüntüləri var, o yoldan keçən vaxt işıqforun rəngi yaşıl olmuş yolu düz gedib sola dönmüş, daha sonra polis əməkdaşı saxla əmri vermiş və o da avtomobilini saxlamışdır. Vüsal müəllimə zəng vurmuş, maşın görüntüsünü tələb etmiş, ona patrul maşının qabaqda saxlandığını, ona görə də çəkiliş olmadığı bildirilmişdir. O, barəsində tərtib edilmiş protokola imza etməmişdir. Belə ki, o hər gün yol gedir və sms bildirişlə radarların məlumatı gəlir və o da həmin cərimələri ödəyir. O sadəcə polis əməkdaşından ona güzəşt olunmasını istəmişdir. Göstərilənləri nəzərə alaraq, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, şikayətçi məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, avtomobilini sağda saxlamışdır, lakin inspektorun avtomobili solda olmuşdur. Bundan başqa, o bildirmişdir ki, hərəkətdə olan piyada piyada keçidinə daxil olmamış o, yolu keçmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ-nin DYPİ-nin nümayəndəsi N.V.Ələkbərzadə bildirmişdir ki, müəyyən sübutlarla bağlı keçən prosesi təxirə salınmışdır, lakin 1 ay müddət olduğundan görüntü qalmamışdır. Hadisənin baş verdiyi yerdə təhlükəsizlik kamerası olsa da şikayətçi kameraya düşməmişdir. Buna baxmayaraq inzibati xəta hadisəsi zamanı orada olmuş şəxs şahid qismində ifadə verə bilər. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü YPX inspektoru X3 bildirmişdir ki, şikayətçi İ.M.Əhmədovu tanıyır, sonuncu Üzeyir Hacıbəyli və Kövkəb Səfərəliyeva küçəsi 15 ünvanında piyada keçidində piyadanın hərəkətini saxlamış və avtomobilini sürüb getmişdir. O, həmin vaxt İ.M.Əhmədova özünü təqdim edərək onun törətdiyi xətanı sonuncuya bildirmiş, İ.M.Əhmədov özünü həmin vaxt ona Xırdalan şəhər polis əməkdaşı kimi təqdim etmişdir. İ.M.Əhmədov ona tanışları olduğunu desə də o, sonuncunun barəsində protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o çox vaxt “Port Baku”nun qarşısında dayanır. Həmin gün piyada keçidini keçməyə çalışan vətəndaş polis inspektoruna yaxınlaşaraq onların orada xidmət apardıqları halda piyada keçidindən istifadə edə bilmədiyini və maşının onu tapdaladığını demiş, inspektor vətəndaşın piyada keçidindən keçməsinə mane olan və yolun sol tərəfindən keçən avtomobili saxlatmışdır. Həmin avtomobil “Mercedes Benz” markalı avtomobil olmuşdur. Bundan başqa, E.F.Verdiyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Mercedes Benz” markalı avtomobilə saxla işarəsini verdikdən sonra həmin avtomobil YPX avtomobilinin qabağında dayanmışdır. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 19 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İ.M.Əhmədov 19 aprel 2021-ci il tarixdə, saat 11:24-də ünvan 1 ünvanında idarə etdiyi “Mercedes Benz E270 CDİ” minik markalı, **-ZS-*** qeydiyyat nişanlı avtomobillə sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 05 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İ.M.Əhmədov 19 aprel 2021-ci il tarixdə, saat 11:24-də ünvan 1 ünvanında idarə etdiyi “Mercedes Benz E270 CDİ” minik markalı, **-ZS-*** qeydiyyat nişanlı avtomobillə sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. İş materillarına əlavə edilmiş Bakı şəhəri BPİ-nin DYPİ-nin 19 iyun 2021-ci il tarixli məktubun surətindən görünür ki, araşdırma zamanı yol verilən inzibati xətanın aşkar olunması və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. İş materillarına əlavə edilmiş Bakı şəhəri BPİ-nin DYPİ-nin AR DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsinə ünvanlanmış 20 avqust 2021-ci il tarixli məktubun surətindən görünür ki, xidməti zərurətlə əlaqədar Bakı şəhər BPİ DYPİ-nin istifadəsində olab “BMW” markalı, AZ **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinə quraşdırılmış videonəzarət kamerasının yaddaşından 19 aprel 2021-ci il tarixdə, saat 11:25 radələrində “Mercedez” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qeydə alınmış videogörüntü və səs yazısının Bakı şəhəri BPİ-nin DYPİ-nə təqdim olunması xahiş edilmişdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsinin 24 avqust 2021-ci il tarixli məktubunun surətindən görünür ki, **-YP-*** dövlət nömrə nişanlı yol-patrul xidməti avtomaşınına quraşdırılmış videonəzarət avadanlığının Texniki Xidmət Mərkəzində saxlancda olan yaddaş diskində arxivləşmə müddəti bitdiyindən müraciətdə qeyd edilən 19.04.2021-ci il tarixinə olan videogörüntülər mövcud deyildir. İş materillarına əlavə edilmiş İ.M.Əhmədovun 02 sentyabr 2021-ci il tarixli elektron poçt məktubundan görünür ki, İ.M.Əhmədov İXP ******* saylı protokoldan narazı olduğunu göstərmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İ.M.Əhmədovun barəsində 19 aprel 2021-ci il tarixdə, saat 11:24-də ünvan 1 ünvanında idarə etdiyi “Mercedes Benz E270 CDİ” minik markalı, **-ZS-*** qeydiyyat nişanlı avtomobillə sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olması ilə bağlı YPX inspektoru tərəfindən 19 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, İ.M.Əhmədov həmin vaxt inzibati xəta hadisənin mövcudluğu ilə razılaşmadığı üçün inspektor tərəfindən yerində qərar qəbul edilməmiş və iş baxılması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinin tələbinə əsasən Bakı şəhər BPİ DYPİ-nə göndərilmişdir. Bakı şəhər BPİ DYPİ-nin 05 may 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə İ.M.Əhmədov Azərbaycan Respublikasının İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, İ.M.Əhmədovun barəsində Bakı şəhər BPİ DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, İ.M.Əhmədova istinad edilən inzibati xəta hadisəsi xüsusi texniki vasitənin köməyi ilə videogörüntü şəklində qeydə alınmışdır. Lakin həmin videogörüntü bugünədək İ.M.Əhmədovun elektron kabinetində yerləşdirilməmiş və ya sonuncuya hər hansı digər formada təqdim edilməmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İ.M.Əhmədova lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Yuxarıda göstərilən səbəblərdən də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi inzibati xəta hadisəsinin mövcudluğu əks etdirən videogörüntüləri və ya səs yazıları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər BPİ-nin DYPİ-nin 19 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 05 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ-nin DYPİ-nin 19 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 05 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər BPİ DYPİ-nə göndərilməli və həmin qərar əsasında Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin Mərkəzi İnformasiya sistemində İ.M.Əhmədovun barəsində yerləşdirilmiş inzibati cəriməyə dəbbə pulunun hesablanması şikayətin məhkəməyə daxil olduğu 02 avqust 2021-ci il tarixdən dayandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin 19 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 05 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinə göndərilsin. Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin 19 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 05 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cəriməyə dəbbə pulunun hesablanması şikayətin məhkəməyə daxil olduğu 02 avqsut 2021-ci il tarixdən dayandırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar