Məhkəmə qərarları › İş №3(006)-20/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-20/2022

15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-20/2022 15.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 iştirakı ilə X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 2-ci ərazi Dövlət yangın nəzarəti idarəsi tərəfindən qəbul edilmiş 30.08.2021-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 20.08.2021-ci il tarixdə X7 Xidmətinin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən “Boğça" şirniyyat mağazasında yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasına görə barəsində MN ******* nömrəli protokol tərtib edilmiş və daha sonra 30.08.2021-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Sözügedən qərarın qəbul edilməsi zamanı kobud prosessual pozuntulara yol verilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən yoxlayıcı orqan sahibkarı və aidiyyəti şəxsləri yoxlama materiallarına baxılması ilə bağlı iclasın vaxtı və yeri haqqında rəsmi qaydada yazılı şəkildə xəbərdar etməyə borcludur. Bununla bağlı ona yoxlama materiallarına baxılması ilə bağlı iclasın vaxtı və yeri haqqında məlumat verilməmişdir. Bundan əlavə həmin Qanunun 32.1-ci maddəsinə görə yoxlayıcı orqanın vəzifəli şəxsləri yoxlama materiallarına baxarkən düzgün qərar çıxarılması üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Onun yoxlama materiallarına baxılması prosesində iştirak etməməyi əhəmiyyət kəsb edən halların qapalı qalmasına gətirib çıxarmışdır. İnzibati Xətalar Məcəlləsinin 117.2-ci maddəsinə əsasən qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə verilir. X7 Xidmətinin əməkdaşları isə qanunvericiliyin bu tələbini də pozaraq qərarı ona təqdim etməmişlər. Tərtib edilmiş MN ******* nömrəli protokol barədə qabul edilmiş qərarı ancaq 08.12.2021-ci il tarixdə Nəsimi rayon İcra şöbəsinin bildirişindən sonra əldə etmişdir. Bundan əlavə, qərar verilərkən İnzibati Xətalar Məcəlləsinin 115.1.3 və 115.1.4-cü maddələrinə riayət edilməyərək qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq 30.08.2021-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsinin 10.03.2022-ci il tarixli qərarı ilə rayon məhkəməsinin qərarı ləğv edilərək iş yenidən baxılması üçün qaytarılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayət vermiş şəxs və qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan 12.08.2021-ci il tarixli, KY211592444 saylı çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən şirniyat mağazasında plan üzrə 16.08 -20.08.2021-ci il tarixdə müaiyənin aparılmasına icazə verilir; - 20.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən həmin tarixdə ünvan 1 ünvanda yerləşən şirniyyat mağazasında keçirilmiş planlı YTM (müayinə) zamanı obyektdə mövcud olan istilik və havlandırma sistemlərinin normativ sənədlərin tələblərinə uyğun şəkildə quraşdırılmadığı aşkar edilmişdir; - 30.08.2021-ci il tarixli, MN 485909 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 2-ci ərazi Dövlət yangın nəzarəti idarəsi tərəfindən qəbul edilmiş 30.08.2021-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün həmin orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Bundan əlavə, həmin Məcəlləyə əsasən:  Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3–540.5, 541–544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır (116.1-ci maddə);  İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur (116.2-ci maddə);  Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir (116.3-cü maddə);  İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur (116.4-cü maddə). Sadalanan maddi hüququ normalarından müəyyən olunur ki, vəzifəli şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə müvafiq olaraq inzibati tənbeh tədbiri tətbiq edilməzdən öncə səlahiyyətli orqan həmin şəxsə münasibətdə (eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarmalıdır. Göründüyü kimi qanunverici bu halı dispozitiv deyil, məhz imperativ qaydada müəyyən etmişdir. Yəni başqa sözlə desək, səlahiyyətli orqan İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin tələblərinə əməl etmədən vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edə bilməz və inzibati qaydada tənbeh edə bilməz. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 2-ci ərazi Dövlət yangın nəzarəti idarəsi tərəfindən qəbul edilmiş 30.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar