Məhkəmə qərarları › İş №3(006)-200/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-200/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-200/2022 10.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Abbasov Elçin oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1995-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 07.01.2022-ci il tarixdə “Oba” marketdən 20 manat dəyərində yağ oğurlayaraq xırda talama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Abbasov Elçin oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 07.01.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən “Oba” marketdən “French Cow” markalı kərə yağı oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 20 manat məbləğində maddi ziyan vurmuşdur. Aparılmış araşdırma nəticəsində onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, o, 5 ildir ki, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən “Oba” adlı marketdə administrator vəzifəsində çalışmaqdadır. 07.01.2022-ci il tarixdə marketin ərzaq vitrinlərinə baxış keçirən zaman vitrində birinin dəyəri 20 manat dəyərində olan “French Cow” markalı kərə yağlarından bir ədədinin əskik olduğunu aşkar etmiş, bu barədə market işçilərindən soruşmuş, işçilər gün ərzində həmin maldan satılmadığını söylədikdə mağazanın müşahidə kameralarının qeydə aldığı görüntüləri izləmiş və görüntüdə bir nəfər şəxsin vitrindən sözügedən yağı oğurlayaraq marketi tərk etdiyi müəyyən edilmişdır. Hadisə nəticəsində ümumilikdə ona 20 manat maddi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək oğurladığı yağı evə apardığını, əməlindən peşman olduğunu, hazırda zərəri ödəmək üçün üzərində pul olmadığını bildirmiş və ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 08.01.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış araşdırmanın nəticələri üzrə cinayət tərkibinin olmaması əsasına görə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında 08.01.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:22-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 240 (iki yüz qırx) saat ictimai işlər tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs məhkəmə zalından dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar