Məhkəmə qərarları › İş №3(006)-2001/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2001/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2001/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət verən şəxs X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 08 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 08 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində şirniyyat evini ********** saylı VÖEN əsasında 2015-ci il tarixdən 2018-ci ilin aprelin 20-nə kimi işlətmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə o, fəaliyyətinin və əməliyyatları tam dayandırmış, bu barədə vergi orqanına bəyannnamə də təqdim etmişdir. Bəyənnamədən sonra onun VÖEN-i dayandırılmışdır. Lakin ona xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən məktub göndərilmiş və həmin məktubla tanış olduqda ona məlum olmuşdur ki, onun barəsində MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Həmin qərarla tanış olduqda ona məlum olmuşdur ki, guya o, işlətdiyi işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 345 manatdan aşağı əmək haqqı verildiyi müəyyən edilmişdir. Nəticədə guya o, Əmək Məcəlləsinin 155-ci maddəsinin tələblərini pozduğu üçün İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bildirir ki, o, bu qərardan narazıydır. Belə ki, o, 2018-ci il tarixdən fəaliyyətini dayandırmışdır. Onun onların əmək müqaviləsinə xitam verilməməsindən məlumatı belə olmamışdır. Ona görə ki, o, 2018-ci il tarixdən tamamilə işimi dayandırmışdır. O vaxtdan da o, nə özü işləyir, nə də işçi işlədir. Bildirir ki, fəaliyyət göstərdiyi obyektdə hər hansı bir karantin rejimi qaydasının pozuntusu baş verməmişdir. Bundan əlavə, əgər fəaliyyət göstərdiyi obyektdə hər hansı bir karantin rejimi qaydasının pozuntusu baş vermişdirsə, o zaman həmin faktı təsdiq edən fotoşəkillər onlara təqdim olunmalı idi. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən barəsində inzibati xəta haqında protokol tərtib olunarkən, onun məlumatı olmamış, protokol tərtib edilərkən, ona İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş, bu barədə protokolda müvafiq qeyd aparılmamış, ona həmin inzibati xəta haqqında protokolun surəti verilməmiş, həmçinin həmin protokol tərəfindən imzalanmamışdır. Ona görə də hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 08 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilərək iş üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Bununla yanaşı, şikayətçi X4 məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, onun cəmi 3 nəfər işçisi olmuş, iş bağlanandan sonra həmin işçilərlə yolları ayrılmışdır. Onun fəaliyyəti 2023-cü ilə kimi dayandırılmışdır. Bundan sonra təkrar müraciət etməmiş, lakin buna baxmayaraq hər hansı bir iş fəaliyyəti ilə də məşğul olmamışdır. Ona Sevinc adlı işçisi müraciət edib ki, təzə işə girmək istəyir, sadəcə adı əvvəlki işində qeyddə qalıbdır. Elə hər şey də bundan başlayıbdır. O, həmin işçinin işinə xitam verdikdən sonra bu protokol onun barəsində tərtib olunubdur. O, bununla bağlı Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsindən arayış almış, həmin arayışı məhkəməyə təqdim edir. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X10 izahatında göstərdi ki, iş materialları ilə tanış olmuşdur, xəta şikayətçinin məsuliyyətsizliyindən baş vermişdir. Belə ki, həmin müqavilənin yəni, fəaliyyətin dayandırılmasına dair müddət bitdikdən sonra yenidən fəaliyyətsizliyinə dair ərizə ilə yenidən müraciət olunmalıydı. Bu hal isə baş vermədiyindən verilmiş protokolu müdafiə edir, şikayətin təmin təmin olunmamasını məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 08 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Vergilər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, X3 (VÖEN: **********) vergi orqanına təqdim etdiyi ərizəyə əsasən onun fəaliyyəti xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müvəqqəti dayandırılmışdır. İş materiallarında olan Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilmiş “Sertifikatın aktivləşdirilməsi haqqında” 15 mart 2024-cü il tarixli bildirişdən görünür ki, X1 15 mart 2024-cü ildən aktivləşdirilmişdir. İş materiallarında olan X4 tərəfindən verilmiş “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, xadimə vəzifəsində işləyən X5 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan Dövlət Vergi Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, X3 vergi orqanına təqdim etdiyi ərizəyə əsasən onun fəaliyyəti xx.xx.2024-ci il tarixdən xx.xx.2034-cü il tarixədək müvəqqəti dayandırılmışdır. Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməli, X3 hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, X3 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri müəyyən edilmir. Məhkəmə tərəfindən iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, şikayətçi X3 vergi orqanına təqdim etdiyi ərizəyə əsasən onun fəaliyyəti xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmış, bundan sonra X4 əvvəllər işçisi ilə bağlanmış əmək müqaviləsinə xitam vermək məqsədilə 15 mart 2024-cü il tarixdə sertifikatını aktivləşdirilmiş, xx.xx.2024-cü il tarixdə X5 ilə bağlanmış əmək müqaviləsinə xitam vermiş, nəhayət, vergi orqanına təqdim etdiyi ərizəyə əsasən X3 fəaliyyəti xx.xx.2024-ci il tarixdən xx.xx.2034-cü il tarixədək müvəqqəti dayandırılmışdır. Məlum olur ki, xx.xx.2023-cü il tarixdə X2 fəaliyyətinin dayandırılma müddəti başa çatsa da o, yalnız xx.xx.2024-ci il tarixdə yenidən fəaliyyətinin dayandırılması barədə vergi orqanına müraciət etmişdir. Lakin, məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, məhkəmə iclasında tədqiq edilən sübutlar göstərilən zaman kəsiyində (xx.xx.2023xx.xx.2024) X4 ilə işçilər arasında xarakterinə və həqiqi mahiyyətinə görə faktiki olaraq əmək münasibətləri mövcud olmamışdır. Həmin müddət ərzində işçilərin X4 tərəfindən faktiki olaraq işlərə cəlb edildiyini təsdiq edən hər hansı sübut işdə mövcud deyil. Məhkəmə, qanunu və işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamını rəhbər tutaraq hesab edir ki, hazırki iş üzrə göstərilən müddət ərzində K.Mirzəyeva ilə işçilər arasında faktiki olaraq əmək münasibətləri mövcud olmadığından onun işəgötürən kimi öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyətə cəlb edilməsi haqq-ədalət meyarları ilə uyğun gəlmir. Əks yanaşma, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə zidd olar. Belə ki, həmin Qərarda vurğulanır ki, tərəflər arasında əmək münasibətlərinin olubolmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X3 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 08 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və X3 hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 08 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar