Məhkəmə qərarları › İş №3(006)-2014/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2014/2021

03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2014/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin 20-ci PB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Ukrayna Respublikası, Xarkov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 02 avqust 2021-ci il tarixdə icarə əsasında işlətdiyi Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 72 ünvanında yerləşən “Çardaq” çay evində qəlyan hazırlayaraq karantin rejimi qaydasını kobud şəkildə pozmuş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi RPİ-nin 20-ci PB-nin polis sahə rəisi S.Ş.Abdullayev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 02 avqust 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Çardaq” çay evində keçirilən tədbirlər nəticəsində müştərilərə qəlyan hazırlanan zaman xüsusi karantin rejimi qaydalarının pozulması aşkar edilmiş və həmin obyekti icarə əsasında işlədən xx.xx.1986cı il təvəllüdlü vətəndaş Şəxs Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa məhkəmə iclasında sahə rəisi S.Ş.Abdullayev verilmiş suala cavab olaraq bildirmişdir ki, Şəxs 23:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq 20-ci PB-nə gətirilmiş və barəsində 23:15-də tutma haqqında protokol tərtib olunmuşdur. Həmçinin o, bildirmişdir ki, polis əməkdaşları obyektə daxil olarkən bir qəlyan ofisiant tərəfindən hazırlanırmış, bir qəlyan hazır vəziyyətdə közdə olmuş və digər qəlyan isə barəsində inzibati icraat aparılan şəxs tərəfindən hazırlanırmış, bununla bağlı videogörüntülərdə mövcuddur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, təxmini 4 aydır ki, ünvan 3 ünvanında yerləşən icarə əsasında “Çardaq” çay evini işlədir və 14054908 nömrəli VÖEN-lə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 02 avqust 2021-ci il tarixdə işlətdiyi “Çardaq” çay evinin mətbəxindən özünə və dostuna qəlyan hazırlayan zaman iki nəfər mülki geyimdə olan şəxs obyektə daxil olmuş, özlərinin polis olduğunu bildirmiş və əlində olan hazırladığı qəlyanı aşkar etmişlər. Bununla əlaqədar o, həmin şəxslər tərəfindən 20-ci PB-nə dəvət edilmişdir. Belə ki, kebinetdə əyləşən müştərilərə qəlyan verilməmiş, sadəcə olaraq həmin polis əməkdaşları hazırlanmış qəlyanı aşkar etmiş və ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi qaydasını pozduğunu nəzərə çatdırmışlar. Əməlindən səmimi peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəci barədə söz verməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 02 avqust 2021-ci il tarixdə saat 23:00-da polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 03 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 avqust 2021-ci il tarixdə icarə əsasında işlətdiyi Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 72 ünvanında yerləşən “Çardaq” çay evində qəlyan hazırlayaraq karantin rejimi qaydasını kobud şəkildə pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 02 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, vətəndaş Şəxs icarə əsasında işlətdiyi kafedə müştərilərinə qəlyan təqdim etməklə xüsusi karantin rejimi qaydasını kobud şəkildə pozmuş və nəticədə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına dair əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair söz verməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli məhkəmədə verilən izahatlardan da göründüyü kimi tutma protokolunda göstərildiyi 02 avqust 2021-ci il tarixdən, saat 23:15-dən deyil, şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni 02 avqust 2021-ci il tarixdən, saat 23:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən isə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 211.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 02 avqust 2021-ci il tarixdən, saat 23:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Müvəqqəti Saxlanılanların Məntəqəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar