Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2020/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X1, Qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində mənə məxsus olan NİSSAN X-TRAİL markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saat 18:52də Bakı şəhəri, Cəlil Məmmədquluzadə, 120 (GPS.40.39750737, 49.********) ünvanında həmin vaxt orada xidmət aparan yol-patrul inspektoru polis baş serjantı X4 tərəfindən qanunsuz olaraq saxlanılmışdır. Belə ki, Tbilisi prospektindən Həsən Əliyev küçəsinə dönüb, “Gənclik” metrosu istiqamətində hərəkət edərkən C.Məmmədquluzadə küçəsi ilə kəsişmədə işıqforun yaşıl işığı yanarkən hərəkətini davam etdirmişdir. Lakin qeyd etməlidir ki, işıqforun yaşıl işığı yanan zaman yol-polis inspektoru öz xidməti avtomobilindən əli ilə maşını saxlamağı haqqında ona işarə edərək nəqliyyat vasitəsini idarə edərkən onun diqqətini yayındırmışdır. Bununla kifayətlənməyib əsassız şəkildə yolda hərəkət zamanı sıxlıq olmasına baxmayaraq onun avtomobilinə yol vermədiyini əsas gətirərək qərəzli şəkildə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi və yolayrıcını keçmə qaydalarının pozulmasına görə İXP ******* nömrəli əsassız və qanunsuz protokol tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixində İXP ******* nömrəli protokolla bağlı Bakı Şəhər X7 İdarəsinin polis mayoru X3 tərəfindən əsassız olaraq 80 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növünün tətbiq edilməsi barədə TP ******* saylı qərar qəbul edilmişdir. "Yol hərəkəti haqqında” qanunun 74-cü maddəsinin 2-ci bəndinə əsasən hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün operativ nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər, Lakin yol-patrul inspektoru hadisə zamanı operativ nəqliyyat vasitəsinin sayrışan işıq və xüsusi səs siqnalını qoşmadığından o da digər hərəkət iştirakçıları ilə bərabər hüquqa malikdir və ona yolda sıxlıq baş verərkən yol verməyini tələb etməsi qanunsuz və əsassızdır. “Yol-patrul xidməti haqqında” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq olunmuş təlimatın 4.7-ci bəndinə əsasən YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırdarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Qeyd olunan hadisəni YPX inspektoru üzərində olan kamera və həmin küçədə mövcud olan müşahidə kameraları ilə təsdiqləmək mümkündür. Göstərilənləri nəzərə alaraq xahiş edirəm ki, İXP ******* saylı protokol hissəsində qəbul edilmiş qərarı ləğv edəsiniz. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, iş materialları ilə tanış olmuşlar, verilmiş şikayəti əsassız hesab edir və bununla bağlı sübutları vardır. Belə ki, şikayətçi “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddənin 2-ci bəndinin tələblərini pozubdur. Həmçinin 1.25 nişanın tələbləri pozulubdur. Şikayətçi yol ayrıcına daxil olanda bilməliydi ki. qarşıdan əks istiqamətdən gələn nəqliyyat vasitələrinə maneə yaratmamalıdır. Bu şəxs yol ayrıcına daxil olur, lakin sonra yolu boşalda bilmir və nəticədə əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinə maneə yaradır. Bu da İXMnin 327.2-ci maddəsinin tələblərinin pozulması deməkdir. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 18:52-də “Nissan X-Trail” minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş üzrə icraat aparmış səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş 01 ədəd diskdə olan görüntülərə baxış zamanı X1 xx.xx.2024-cü il tarixdə saat 18:52-də “Nissan X-Trail” minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozması müşahidə edilir. Məhkəmə, şikayət verən şəxs X2 oğluna istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 75 maddəsinin İİ hissəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2020/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2020/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver