Məhkəmə qərarları › İş №3(006)-2023/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2023/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2023/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayət vermiş şəxs: X4 iştirakları ilə Bakı şəhəri Binəqədi Rayon Dövlət X9 tərəfindən qəbul edilmiş 01 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 29 oktyabr 2022-ci il tarixdə idarə etdiyi «FORD FUSİON MİNİK» markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonunun ərazisində hərəkətdə olmuşdur. Həmin gündən bir müddət keçdikdən sonra polis əməkdaşı tərəfindən ona zəng olunaraq yol nəqliyyat hadisəsi törətdiyi və hadisə yerindən yayındığı üçün o, polisə dəvət edilmişdir. O da polis əməkdaşına yaşadığı ünvana bu barədə rəsmi qaydada bildiriş göndərilməsini xahiş etmişdir. Bir müddət sonra yenidən ona zəng olunaraq eyni məzmunlu məsələ ilə bağlı polisə dəvət etmişlər. O, yenə də polis əməkdaşından rəsmi qaydada bildiriş göndərilməsini tələb etmişdir. Ona heç bir bildiriş, heç bir protokol və heç bir qərar göndərilməmişdir. Həmin vaxtdan 05 aydan çox müddət keçdikdən sonra onun telefonuna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə inzibati xəta törətdiyi və 100 manat cərimə olunması barədə sms gəlmişdir. O, bununla bağlı Binəqədi Rayon Dövlət X7 yaxınlaşmış və orada ona izah edilmişdir ki, o, 29 oktyabr 2022-ci il tarixdə idarə etdiyi «FORD FUSİON MİNİK» markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonunun ərazisində hərəkətdə olarkən hansısa avtomobili vurmuş və hadisə yerindən yanınmış, bu avtomobilin sürücüsü onun barəsində polisə şikayətlə müraciət etmişdir. O, həmin hadisəni sübut edəcək videoçəkilişi tələb etmiş, polis əməkdaşının ona göstərdikləri videoçəkilişdə idarə etdiyi avtomobilin öz hərəkət zolağı ilə hərəkətdə olduğunu, heç bir hadisə baş vermədiyini və heç bir yol hərəkəti qaydasının pozulmadığını görmüşdür. Bu barədə polis əməkdaşına bildirsə də, polis əməkdaşı ona hadisə ilə bağlı şikayət olduğunu və həmin şikayət əsasında inzibati xəta haqqında iş açıldığını, xətanın onun tərəfindən törədildiyini, hadisə vaxtında onun avtomobilinin bu ərazidən keçdiyini bildirmişdir. O videogörüntünü polis əməkdaşından tələb etsə də, ona təqdim edilməkdən imtina etmişlər. Bundan sonra özü barəsində şikayət edən şəxslə söhbət etmiş, sonuncu da ona bildirmişdir ki, onun avtomobilini ağ rəngli «FORD FUSİON MİNİK» markalı avtomobil vurub qaçmış, lakin hadisənin onun tərəfindən törədildiyini, yəni sürücünün o, olduğunu təsdiq etməmişdir. Hesab edir ki, hər hansı bir qayda pozuntusu etmədiyi halda qəbul edilmiş qərar əsassız və sübutsuz olduğundan ləğv edilməli, işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X6 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Dövlət X9 tərəfindən qəbul edilmiş 01 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X2 Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddəsi); • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); • İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır (100.2-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Dövlət X9 tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə tam riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Dövlət X9 tərəfindən qəbul edilmiş 01 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Dövlət X9 tərəfindən qəbul edilmiş 01 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar