Məhkəmə qərarları › İş №3(006)-2025/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2025/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2025/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, «İnkişaf üçün Maliyyə” BOKT MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 598.1.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən «İnkişaf üçün Maliyyə” BOKT MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən «İnkişaf üçün Maliyyə” BOKT MMC-də xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2018 - xx.xx.2023-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilmiş, bununla da, «İnkişaf üçün Maliyyə” BOKT MMC-nin direktoru Şəxs Azərbaycan Respublikasının İXM-nin 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən «İnkişaf üçün Maliyyə” BOKT MMC-də xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2018 xx.xx.2023-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in (DNP) 2.1.1-ci maddəsinə görə (analoji tələb xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (PL/TMM) Qanunun 12.1-ci maddəsində də göstərilmişdir) monitorinq subyekti tərəfindən aşağıdakı qayda və prosedurlar hazırlanmalıdır: - müştəri uyğunluğu tədbirlərinə və müştəri profili üzrə risklərin qiymətləndirilməsinə dair daxili qayda və prosedurların təsdiq edilməsi; - müştərilərin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurların təsdiq edilməsi; - məlumat və sənədlərin saxlanılmasına və konfidensiallığına dair daxili qayda və prosedurların təsdiq edilməsi; - şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) təsdiq edilməsi; - şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə (bundan sonra - MMX) təqdim olunması üzrə daxili qayda və prosedurların təsdiq edilməsi. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də yuxarıda qeyd edilən qayda və prosedurlar yoxlama dövründə hazırlanmamış, yalnız xx.xx.2023-cii il tarixində təsdiq edilmişdir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 10.1.4-cü maddəsinə görə (analoji tələb PL/TMM Qanunun 12.1.4-cü maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən yoxlanılan dövr ərzində əməkdaşlara müvafiq təlimlər keçirilməmişdir. Bundan başqa, ƏL/TMM Qanunun 10.1.5-ci maddəsinə görə (analoji tələb PL/TMM Qanunun 12.1.7-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-nin daxili audit mexanizmini tənzimləyən təkmil qayda və prosedurlar mövcud deyil, habelə yoxlama dövründə ƏL/TM sahəsinin adekvatlılığını yoxlayan daxili audit həyata keçirilməmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar BOKT-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında xx.xx.2018 - xx.xx.2023cü il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2023-cü il tarixdə aşkarlanmışdır. Göstərilənlərə əsasən , «İnkişaf üçün Maliyyə” BOKT MMC-nin direktoru Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi yazılı izahatına uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində Mərkəzi Bank tərəfindən BOKT "xxxx" MMC-də (bundan sonra təşkilat) xx.xx.2018-xx.xx.2023-cü tarixləri arasındakı dövrü əhatə edən kompleks yoxlama keçirilmişdir. Həmin yoxlamanın nəticəsinə görə xx.xx.2024-cü il tarixində İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Aşağıdakı hallara görə inzibati xəta haqqında həmin protokolu qanunsuz və əsassız hesab edir. Yoxlama nəticəsində pozuntu kimi aşkarlanmış məsələlərdən birincisi "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.1.1-ci maddəsinə uyğun olaraq müvafiq qayda və prosedurların hazırlanmamasıdır. Yoxlamanın nəticələri əks etdirən Yoxlama haqqında hesabatdan və Protokoldan göründüyü kimi DNP-nin 2.1.1-ci maddəsinə uyğun olaraq müvafiq qayda və prosedurlar təşkilat tərəfindən xx.xx.2023-cü il tarixində qəbul olunmuşdur. Əvvəla, qeyd etmək istəyirik ki, Mərkəzi Bankın bununla bağlı protokolda qeyd olunmuş mövqeyi ziddiyyətlidir. Belə ki, müvafiq qayda və prosedurların təşkilat tərəfindən qəbul olunduğu tarix (xx.xx.2023) yoxlamanın əhatə etdiyi dövrə (xx.xx.2018xx.xx.2023) təsadüf etsə də, protokolda müvafiq qayda və prosedurların yoxlama dövründə hazırlanmadığı qeyd olunmuşdur. Bundan əlavə, DNP-nin 2.1.1.7-ci yarımbəndinə uyğun olaraq şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) xx.xx.2023-cü il tarixində təsdiq edilmişdir. Mərkəzi Bank xx.xx.2023-cü il tarixində təşkilata məktub göndərərək, DNP-nin 2.1.1.7-ci yarımbəndinə uyğun olaraq şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) xx.xx.2023-cü il tarixinədək təsdiqlənərək Maliyyə Monitorinq Xidmətinə göndərilməsini tələb etmişdir. Mərkəzi Bankın məktubunda şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) xx.xx.2023-cü il tarixinə qədər təsdiq olunmasının prioritet kimi müəyyənləşdirilməsi, digər sənədlərin hazırlanaraq qəbul olunmasına nəzarət orqanı olan Mərkəzi Bank tərəfindən möhlət verilməsi kimi qəbul olunmalıdır. Protokolda pozuntu kimi qeyd olunmuş ikinci məsələ işçilərin təlimə cəlb olunmamasıdır. Belə ki, hesabatda məsul şəxs tərəfindən filial müdirlərinə, filialların idarə olunması şöbəsinin müdirinə və monitorinq menecerlərinə təlim keçirilməsinin qeyd olunmasına baxmayaraq protokolda təlimin keçirilmədiyi qeyd olunmuşdur. Bununla bağlı qeyd edir ki, DNP-nin 4.2.9-cu maddəsinə əsasən öhdəlik daşıyan şəxsin müvafiq işçiləri ildə bir dəfədən az olmayaraq planlı təlimdə iştirak etməlidirlər. Hesabatdan da göründüyü kimi, xx.xx.2023-cü il tarixində işçilərə təlim keçirilmişdir. Yəni, təşkilat öhdəlik daşıyan şəxs kimi Qanunun və DNP-nin tələblərinə uyğun olaraq 2023-cü ildə işçiləri təlimə cəlb etmişdir. Bundan əlavə, təşkilatın məsul şəxsi, onun əvəzedicisi və baş daxili auditoru təşkilatın hesabına Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən təşkil olunmuş ödənişli təlimlərə göndərilmişdir. Protokolda pozuntu kimi qeyd olunmuş digər məsələ audit mexanizmi bağlıdır. Audit planına uyğun olaraq filialların kredit fəaliyyəti ilə bağlı həyata keçirilən kredit sənədlərin yoxlanılması üçün yoxlama vərəqəsi (check list) tətbiq olunur. Həmin yoxlama vərəqəsində verilmiş kreditin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” AR Qanunun tələblərinə uyğun olun olmamasının yoxlanılmasını təsdiq edən bənd var. Göründüyü kimi, yoxlanılması həyata keçirilən kredit sənədlərində Qanunun tələbləri ilə bağlı audit yoxlaması həyata keçirilib. Mərkəzi Bank tərəfindən tərtib olunmuş protokol həyata keçirilmiş yoxlamanın nəticələrini əks etdirən yoxlama haqqında hesabata uyğun deyildir. Belə ki, yoxlama haqqında hesabatda qeyd olunmuş bütün nöqsanlar xx.xx.2023cü il tarixində ləğv olunmuş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun (PL/TMM) tələbləri ilə bağlıdır. Belə ki, məlum olduğu kimi xx.xx.2023-cü il tarixinə kimi “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun (PL/TMM) qüvvədə olmuşdur. xx.xx.2023-cü il tarixində isə həmin Qanun ləğv olunmuş və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanun (ƏL/TMM) qüvvəyə minmişdir. Həm yoxlama haqqında hesabatda, həm də protokolda qüvvədən düşmüş PL/TMM Qanununa istinad olunması, xx.xx.2023-cü il tarixinə qədər olan dövr üçün həmin Qanunun tələbləri rəhbər tutularaq protokol tərtib İnzibati Xətalar Məcəlləsinin 53-cü ilə ziddiyyət təşkil edir. X3 Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Hesab edirlər ki, xx.xx.2023-cü il tarixinə qədər olan dövrdə fəaliyyətlərində hər hansı bir çatışmazlıq olub-olmamasından asılı olmayaraq həmin dövrə görə inzibati xəta haqqında icraat aparılmamalıdır. Yuxarıda qeyd olunanlardan əlavə, inzibati xəta haqqında icraat zamanı İnzibati Xətalar Məcəlləsinin aşağıda qeyd olunan tələbləri də nəzərə alınmalıdır. Tərtib olunan protokolun İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olmadığını göstərən hallardan biri də inzibati xəta haqqında protokolun inzibati xətanın aşkarlanmasından 160 gün sonra tərtib olunmasıdır. Səlahiyyətli orqan tərəfindən tərtib olunmuş protokolda inzibati xətanın xx.xx.2023-cü il tarixində aşkarlandığı qeyd olunmuşdur, protokol isə xx.xx.2024-cü il tarixində tərtib olunmuşdur. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməlidir. Hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilə bilər. Protokolun tərtib olunması müddətinin uzadılması hallarından biri də inzibati araşdırmanın aparılmasıdır. Bu işdə inzibati araşdırma aparılması haqqında qərardad qəbul olunmadığı üçün protokolun tərtib olunma müddətinin 160 gün olması inzibati araşdırmanın olması ilə əsaslandırıla bilməz. Lap inzibati araşdırma olsa belə qanunla müəyyən olunmuş 2 aylıq müddət pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, «İnkişaf üçün Maliyyə” BOKT MMC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankının Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin Bank Olmayan Kredit Təşkilatı «İnkişaf üçün Maliyyə” MMC-də aparılan "xxxx"ından görünür ki, 1. MMC-də yuxarıda qeyd edilən qayda və prosedurlar yoxlama dövründə hazırlanmamış, yalnız xx.xx.2023-cii il tarixində təsdiq edilmişdir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 10.1.4-cü maddəsinə görə (analoji tələb PL/TMM Qanunun 12.1.4-cü maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsinə dair tədbirlər görməlidirlər. 2. BOKT tərəfindən yoxlanılan dövr ərzində əməkdaşlara müvafiq təlimlər keçirilməmişdir. Bundan başqa, ƏL/TMM Qanunun 10.1.5-ci maddəsinə görə (analoji tələb PL/TMM Qanunun 12.1.7-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsinə dair tədbirlər görməlidirlər. 3. BOKT-nin daxili audit mexanizmini tənzimləyən təkmil qayda və prosedurlar mövcud deyil, habelə yoxlama dövründə ƏL/TM sahəsinin adekvatlılığını yoxlayan daxili audit həyata keçirilməmişdir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər: 4.2.1. işgüzar münasibətlərin yaradılmasından əvvəl; 4.2.2. iyirmi min manat məbləğində (bundan sonra – limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir); 4.2.3. maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl; 4.2.4. əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda; 4.2.5. əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda. Həmin Qanunun 4.4.4-cü bəndinə əsasən işgüzar münasibətlərin məqsədini və mahiyyətini aydınlaşdırmalı və bu barədə müştəridən məlumat və sənədlər əldə etməlidirlər; Həmin Qanunun 4.5.1-ci bəndinə əsasən aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərlə, habelə müştərinin fəaliyyəti və risk profili, o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərlə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatların təhlil edilməsi Həmin Qanunun 4.7-ci bəndinə əsasən hüquqi şəxsin (publik hüquqi şəxslər istisna olmaqla) benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi aşağıdakı ardıcıllığa uyğun olaraq həyata keçirilməli və eyniləşdirmə məlumatlarının verifikasiyası aparılmalıdır: 4.7.1. son nəticədə hüquqi şəxsdə mühüm iştirak payına (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) malik olan fiziki şəxs (şəxslər) müəyyən edilməli; 4.7.2. mühüm iştirak payına malik olan fiziki şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda və ya iştirak payı əsasında hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) mövcud olmadıqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli; 4.7.3. əgər hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli. Həmin Qanunun 4.10-cu bəndinə əsasən öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Həmin Qanunun 10.1.4-cü bəndinə əsasən işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə - fiziki şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxsləri iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Göründüyü ki, 1. «İnkişaf üçün Maliyyə” BOKT MMC tərəfindən yoxlanılan dövr ərzində əməkdaşlara “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə təlimlər keçirilməməsi, 2. Həmçinin, «İnkişaf üçün Maliyyə” BOKT MMC-nin daxili audit qaydalarında da “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə daxili auditin keçirilməsinə dair tələbin olmasına baxmayaraq, auditi həyata keçirəcək daxili audit mexanizmi mövcud deyildir. 3. Yoxlama dövründə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə daxili audit həyata keçirilməməsi aşkarlanmışdır. Belə olan halda, «İnkişaf üçün Maliyyə” BOKT MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddələrin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında «İnkişaf üçün Maliyyə” BOKT MMC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, «İnkişaf üçün Maliyyə” BOKT MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «İnkişaf üçün Maliyyə” BOKT MMC-nin direktoru Şəxs Azərbaycan Respublikasının İXM-nin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar