Məhkəmə qərarları › İş №3(006)-2026/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2026/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2026/2022 09.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Qərardan şikayət verən şəxs X9, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X5, Zərər çəkmiş şəxs X8 iştirakları ilə, X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin 06 may 2022-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X14 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi 06 may 2022-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidməti Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarı ilə vəzifəli şəxs kimi 1500 manat cərimə edilmişdir. Həmin qərarın verilmə səbəbi Mərkəzi Hərbi Poliklinikanın sabiq işçisi X8 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidməti Bakı şəhər İdarəsinin rəisinə ünvanlanmış məktubunda tələb olunub ki, X13 işə bərpa olunmalıdır. Həmin qərar verilərkən cavabdeh tərəfindən bir sıra məsələlərin nəzərə alınmadığını, icraata birtərəfli baxıldığını hesab edir. Mərkəzi Hərbi Poliklinika hərbi təşkilatdır, Müdafiə Nazirliyində xidmətin xüsusi dövlət xidmət növü olduğu nəzərə alınsa, bununla bağlı bütün hərbi qulluqçulardan və mülki işçilərdən yüksək nizamintizam tələb olunur. Eyni zamanda işçi işə qəbul olan zaman “Əmək Məcəlləsini”-nin 47-ci maddəsinin “f” bəndini nəzarə alaraq (tərəflərin hüquqi bərəbərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razlığı ilə) işə götürən və işçi arasında müddətli əmək müqaviləsi bağlanılır. Poliklinikanın sabiq işçisi X13 işlədiyi dövr ərzində dəfələrlə nizamintizamsız işçi kimi özünü göstərmişdir və bununla bağlı dəfələrlə intizam tənbehinə məruz qalmışdır. Ona görə də X13 ilə bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən müqaviləyə xitam verilmişdir. Lakin, X8 müraciəti nəzarə alınaraq Müdafiə Nazirliyinin Tibb idarəsinin tabeliyində olan X1 öz peşəsinə uyğun, vəzifə maaşı eyni olmaqla xx.xx.2022-ci il tarixdən həkim-stomatoloq kimi işə qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X14 ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirmişdir ki, X13 heç vaxt müddətsiz əmək müqaviləsinə əsasən işə qəbul edilməmişdir. Onunla müvəqqəti əmək müqaviləsinin bağlanmasının səbəbi isə vakant iş yerlərinin müvəqqəti olaraq boşalması ilə bağlı olmuşdur. Vüqar Əliyevin müvəqqəti olaraq işə qəbul edilməsi işəgötürən kimi ondan asılı olmayan səbəblərlə bağlı olmuşdur. Belə ki, Vüqar Əliyev hərbi vəzifə olan həkim stomotoloq vəzifəsinə, həmin vakant vəzifə hərbi rütbəli həkim stomotoloq tərəfindən komplektləşdirilənə kimi təyin edilmişdir. Daha sonra isə həkim stomotoloq qadının analıq məzuniyyətində olduğu müddət ərzində həmin vəzifəyə təyin edilmişdir. Həm də ki, həmin vəzifələrə Vüqar Əliyevi o yox, ondan əvvəlki Mərkəzi Hərbi Poliklinikanın rəisləri təyin edib, işdən azad etmişlər. Bundan başqa Mərkəzi Hərbi Poliklinikanın hərbi təşkilat olması və orada xidmətin xüsusi dövlət xidməti olması nəzərə alındıqda bütün hərbi qulluqçulardan və mülki işçilərdən yüksək nizam-intizam tələb olunur. X13 isə işlədiyi dövr ərzində dəfələrlə nizam-intizamsız işçi kimi özünü göstərmiş, bununla bağlı dəfələrlə intizam tənbehinə məruz qalmışdır. Bu səbəbdən Vüqar Əliyevlə bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Vüqar Əliyevin işə bərpa olunması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3832/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişlər. Eyni zamanda cərimə tətbiq edilərkən onun maddi vəziyyəti və şəxsiyyətini xarakterizə edən hallar nəzərə alınmamışdır. Vətən müharibəsi iştirakçısıdır. “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X10 bildirmişdir ki, hazırki iş üzrə vətəndaş X4 Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək vəzifəli şəxs X14 tərəfindən əmək hüquqlarının pozulduğunu bildirmiş və bununla bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən müvafiq araşdırma aparılarkən, bu zaman həqiqətən də işəgötürən vəzifəli şəxs Asəf Məmmədov tərəfindən, İXM-nin 192.6-cı maddəsinin tələbləri pozularaq inzibati xətaya yol verildiyi məlum olmuş, bu səbəbdən də X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs Asəf Məmmədov barəsində İXM-nin müvafiq maddəsinə uyğun olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, X8 24 yanvar 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Bu zaman Müdaifə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi Asəf Məmmədov tərəfindən Əmək Məcəlləsinin 45, 59 və 73-cü maddələrinin tələbləri pozulmuş və X6nun arzusu nəzərə alınmamışdır. Əmək Məcəlləsinin 45-ci maddəsində göstərilir ki, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Şəxs ilə xx.xx.2012-ci il tarixdə əmək müqaviləsi imzalanmış və müddət başa çatdıqda əlavə olaraq 1 il olmaqla xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Müdafiə Nazirliyinin Hərbi Poliklinikası tərəfindən təqdim olunan sənədlərdən də göründüyü kimi, Əmək Məcəlləsinin 45.5-ci maddəsinin tələbləri pozulmuşdur. Müdafiə Nazirliyinin Hərbi Poliklinikasından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunan sənədlərdə qeyd olunur ki, X6 xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Tibb İdarəsinin tabeliyində olan müəssisəyə öz ixtisasına uyğun olaraq həkim-stomotoloq vəzifəsinə təyin olunmuşdur. Lakin, işçi başqa işə keçirilərkən Əmək Məcəlləsinin 59-cu maddəsinin tələbləri pozularaq işçinin razılığı alınmamışdır. Əmək Məcəlləsinin 59-cu maddəsində göstərilir ki, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Təqdim olunan sənədlərə baxış keçirilərkən işçinin Əmək Müqaviləsinə bir çox dəyişikliklərin edilməsi aşkar edilmişdir. Bu dəyişikliklər əl ilə işçinin razılığı olmadan edilmiş, həmçinin Əmək Məcəlləsinin 46.6-cı maddəsinin tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 46.6-cı maddəsində göstərilir ki, Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxıl edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Həmçinin o da qeyd olunmalıdır ki, X6nun ailənin tək işləyən üzvü olması və xəstə valideynlərinə baxması faktı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi X14 tərəfindən nəzərə alınmamışdır. Nəticədə, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi X14 tərəfindən işçi ilə bağladığı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin yuxarıda qeyd edilən müddəasına riayət olunmamışdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X13 bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi X14 tərəfindən o, qanunsuz olaraq işdən azad edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən həmin müqaviləyə xitam verilmişdir. O, bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. Eyni zamanda işdən azad edilməyi barədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisinin xx.xx.2022-ci il tarixli əmrini məhkəmə qaydasında mübahisələndirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3832/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddiası qismən təmin edilərək xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim stomotoloq vəzifəsinə işə bərpa edilməyi qət edilmişdir. Hazırda həmin qətnamədən apellyasiya şikayəti verildiyindən qətnamə qanuni qüvvəsini almamışdır. xx.xx.2022-ci il tarixdən isə Müdafiə Nazirliyinin Tibb İdarəsinin tabeliyində olan X2 həkim-stomatoloq işləyir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 may 2022-ci il tarixli, MN № ******* saylı qərardan görünür ki, X8 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam verdiyinə görə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək, onun barəsində 1500 manat məbləğində inzibati cərimə şərti tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət müəyyən olunmuş, əks halda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulmuş cərimənin ödənilməli olması qərara alınmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisinin xx.xx.2012-ci il tarixli 2 nömrəli əmrindən çıxarışından görünür ki, X13, Stomatoloji kabinetdə vakantda olan kabinet rəisi vəzifəsinə (hərbi vəzifəsinə) həmin vəzifə hərbi qulluqçularla komplektləşdirilənədək xx.xx.2012-ci il tarixdən işə qəbul olunmuşdur. İş materiallarında olan işəgötürən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi, tibb xidməti polkovniki X3 ilə X6 arasında bağlanmış 32 nömrəli Əmək müqaviləsinin 2.1-ci bəndindən görünür ki, əmək müqaviləsi müddətli bağlanmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisinin xx.xx.2022-ci il tarixli 16 nömrəli əmrindən çıxarışından görünür ki, X13, poliklinikanın Cərrahiyyə bölməsinin stomatoloji kabinetinin həkim-stomatoloqu, Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 24 yanvar 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3832/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 24 yanvar 2022-ci il tarixli, 16 saylı əmrinin ləğv edilməsi, iddiaçı X8 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkimi vəzifəsinə işə bərpa edilməsi, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır . Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X8 24 yanvar 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 45, 59 və 73-cü maddələrinin tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. X6 ilə xx.xx.2012-ci il tarixdə əmək müqaviləsi imzalanmış və fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etmişdir. Lakin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisinin xx.xx.2022-ci il tarixli 16 nömrəli əmri ilə X8 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 24 yanvar 2022-ci il tarixdən xitam verilərək işdən azad edilmişdir. Həmçinin X6 xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Tibb İdarəsinin tabeliyində olan müəssisəyə həkim-stomotoloq vəzifəsinə təyin olunmuşdur. Lakin, işçi başqa işə keçirilərkən Əmək Məcəlləsinin 59-cu maddəsinin tələbləri pozularaq işçinin razılığı alınmamışdır. Əmək Məcəlləsinin 59-cu maddəsində göstərilir ki, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 may 2022-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 3,12, 21, 128-130, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 may 2022-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar