Məhkəmə qərarları › İş №3(006)-2027/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2027/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2027/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Cəlilabad Rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, ünvan 1 ünvanında Şəxs MMC isitfadəsinə verilmiş ərazidə müxtəlif növ tullantıların qalaqlanması və tullantı emalı yerlərinin müəyyənləşdirilməsi aşkar edilmiş bununla da, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “RTZ“ MMC-nin nümayəndəsi və vəkili Cəlilabad Rayon Vəkil Bürosunun vəkili C.B.Cəfərov məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Şəxs MMC barəsində tərtib edilmiş protokol əsassızdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 79 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov, Ş.Əzizbəyov. S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsində 1,388 ha torpaq sahəsi Şəxs MMC-yə ayrılmış, Şəxs MMC həmin ərazidə çoxmənzilli yaşayış binalarını, hazırda «Gülüstan Residence» adlanan yaşayış kompleksini inşa etmişdir. Həmin binalardakı yaşayış sahələri (ayrı-ayrı mənzillər) müqavilələr əsasında vətəndaşlara satılmış və binalarda mənzil alan sakinlər təmir işlərini tamamlayaraq mənzillərə köçüb yaşamağa başlamışlar. Qeyd olunan yaşayış kompleksinin 1 və 2 saylı binaları qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq səlahiyyətli dövlət orqanlarının tərtib etdiyi istismara qəbul aktı əsasında tam istismara verilmişdir. Məlumat üçün bildirmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 119-134-cü maddələrinə uyğun olaraq çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin iştirakı ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılır. Cəmiyyət qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərir. Cəmiyyətin nizamnaməsi qəbul edilir və cəmiyyət ayrıca hüquqi şəxs kimi yaradılır, dövlət qeydiyyatından keçir. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq kompleksdə yaşayış və qeyri-yaşayış sahəsi olan mülkiyyətçilər 2022-ci ildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmaq üçün yığıncaq keçirmiş, cəmiyyətin yaradılması barədə qərar qəbul edərək cəmiyyətin sədrini də seçmişlər. Yığıncaq keçirən sakinlər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qeydə almması üçün aidiyyatı dövlət orqanına müraciət etmişlər və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydə alınmışdır. "xxxx" MMMC-nin adına xx.xx.2022-ci il tarixli «Qeyri-kommersiya qurumunun vergi uçotu haqqında» şəhadətnamə verilmişdir. Hazırda qeyd olunan binaların idarəçiliyini 01 yanvar 2023-cü il tarixdən etibarən "xxxx" MMMC-nin həyata keçirir, o cümlədən yaşayış binasının sahə mülkiyyətçilərinin (sakinlərin) istifadə etdikləri kommunal xidmətlərə görə yaranan borclarının yığılmasını da təmin edir və ödənişləri qəbul edir. "xxxx" MMMC-nin müstəqil əsaslarla yaranmış təşkilatdır və Şəxs MMC-yə heç bir aidiyyatı və heç bir bağlılığı yoxdur. Eləcə də Şəxs MMC-nin həmin binaların idarəçiliyi ilə bağlı heç bir rolu, məsuliyyəti və öhdəliyi yoxdur. Odur ki, AR İXM-nin 266.2 və 271-ci maddələrinin tələblərinin pozulmasına görə Şəxs MMC-nin məsuliyyətə cəlb edilməsi əsassızdır. Qeyd olunan normaların tələblərinin yerinə yetirilməsi vəzifəsi "xxxx" MMC-yə aid edilməlidir və həmin tələbləri "xxxx" MMMC təmin etməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123.0.1-ci maddəsinə əsasən (Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri) bu fəslin, digər qanunların, başqa normativ hüquqi aktların, habelə cəmiyyətin nizamnaməsinin tələblərinin verinə yetirilməsini təmin etmək, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilə üzrə öhdəlikləri verinə yetirmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsidir. Göründüyü kimi, həmin binaların idarəçiliyi "xxxx" MMMC-yə aiddir. Odur ki, qeyd olunan binaların ümumi əmlakının lazımi sanitariya vəziyyətini təmin etmək vəzifəsi də həmin cəmiyyətə aid edilir. Həmçinin bildirmişdir ki, binalardan çıxan məişət tullantılarının yığılması üçün qutuların yerləşdirilməsindən ötrü həmin yaşayış kompleksində ayrıca ərazi nəzərdə tutulmuşdur. Şəxs MMC həmin ərazini "xxxx" MMMC-nin yaranmazdan əvvəl ayırmış və istifadəyə vermişdir. Lakin idarəçilik "xxxx" MMMC-nin keçdikdən sonra yaşayış kompleksində antisanitariya şəraiti yaranmış, tullantıların daşınmasında fasilələr olmuşdur. Yaranmış vəziyyətin aradan qaldırılması üçün Şəxs MMC tərəfindən "xxxx" MMMC-yə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli yazılı müraciətlər edilmiş, hətta bərk məişət tullantılarının yığılması üçün ayrılmış ərazinin, layihəsi də təqdim edilmiş, tullantı qutularının ərazidə qoyulması, yığılan tullantıların daşınması tövsiyə edilmiş, bildirilmişdir ki, əks halda, ərazinin çirkləndirilməsi və antisanitar vəziyyətin yaranmasına görə müvafiq qurumlara müraciətlər ediləcəkdir. Bu mənada Şəxs MMC nəinki yaranmış vəziyyətə görə məsuliyyət daşımır, hətta bu vəziyyətin aradan qaldırılması üçün müvafiq müraciətlər də etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlə İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin təqsiri sübuta yetirilmədiyindən MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında Şəxs MMC isitfadəsinə verilmiş ərazidə müxtəlif növ tullantıların qalaqlanması və tullantı emalı yerlərinin müəyyənləşdirilməsi aşkar edilmiş bununla da, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 266.2 və 271-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin "xxxx" MMMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli, 165 saylı məktubdan görünür ki, Şəxs MMC tərəfindən “X3 Kompleksi”ndə məişət tullantıları üçün ərazi ayrılmışdır. Məişət tullantılarını yalnız ayrılmış ərazidə toplanılmasının edilməsi, o cümlədən müvafiq təşkilat tərəfindən ayrılmış ərazidə məişət tullantıları üçün qutuların yerləşdirilməsi və mütəmadi daşınılması üçün addımlar atılması xahiş olunmuşdur. Əks halda xüsusi mülkiyyətdə olan ərazinin "xxxx" MMMC tərəfindən çirkləndirilməsi və antisanitar vəziyyətin yaradılmasına görə müvafiq qurumlara müraciət ediləcəkdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin "xxxx" MMMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli, 171 saylı məktubdan görünür ki, Şəxs MMC tərəfindən “X3 Kompleksi”ndə məişət tullantıları üçün ərazinin layihəsi qoşma sənəd təqdim edilmişdir. Məişət tullantılarını yalnız ayrılmış ərazidə toplanılmasını təmin edilməsi, o cümlədən müvafiq təşkilat tərəfindən ayrılmış ərazidə məişət tullantıları üçün qutuların (konteynerlərin) yerləşdirilməsi və gündəlik daşınılması üçün addımlar atılması xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X1 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə təqsirli bilinməsinə dair qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, baş məsləhətçi müfəttiş F.H.İsgəndərov tərəfindən protokol tərtib edilərkən Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov, Ş.Əzizbəyov. S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsində 1,388 ha torpaq sahəsində inşa edilmiş çoxmənzilli binaların binaların idarəçiliyini 01 yanvar 2023-cü il tarixdən etibarən "xxxx" MMMC-nin həyata keçirməsini, o cümlədən yaşayış binasının sahə mülkiyyətçilərinin (sakinlərin) istifadə etdikləri kommunal xidmətlərə görə yaranan borclarının yığılmasını da təmin və ödənişləri qəbul etməsi, "xxxx" MMMC-nin müstəqil əsaslarla yaranmış təşkilat olmasını və Şəxs MMC-yə heç bir aidiyyatı və heç bir bağlılığı olmaması, eləcə də Şəxs MMC-nin həmin binaların idarəçiliyi ilə bağlı heç bir rolu, məsuliyyəti və öhdəliyi olmaması nəzərə alınmamışdır. Yuxarıda qeyd olunan hallar isə Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla da öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, protokolu tərtib edən orqan Şəxs MMC-nin inzibati xəta hadisəsini törətməsində təqsirini sübuta yetirməmiş, hadisənin həqiqiliyini təsdiq edən və bir-birini tamamlayan digər mötəbər sübutlar iş materiallarına əlavə etməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, baş məsləhətçi müfəttiş F.H.İsgəndərov işin bütün hallarının məcmusunun hərtərəfli, tam, obyektiv araşdırmasını aparmadan, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov, Şamil Əzizbəyov, Salatın Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə yaşayış binalarının kimə, hansı MMC-yə aid olması müəyyən edilmədən Şəxs MMC barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən sübut etmə vəzifəsi protokolu tərtib edən orqanın üzərinə düşür. Azərbaycan Respublikasının 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin inzibati xəta hadisəsi törətməsində təqsirliliyini sübuta yetirilmədiyindən MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov, Şamil Əzizbəyov, Salatın Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə yaşayış binalarının kimə, hansı MMC-yə aid olması və inzibati xəta hadisəsinin hansı subyekt tərəfindən törədilməsi müəyyən edilməsi məqsədi ilə iş materialları araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 266.2 və 271-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov, Şamil Əzizbəyov, Salatın Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə yaşayış binalarının kimə, hansı MMC-yə aid olması və inzibati xəta hadisəsinin hansı subyekt tərəfindən törədilməsi müəyyən edilməsi məqsədi ilə iş materialları araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılsın. Qərardan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar