Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2028/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X2, qərarından şikayət verilmiş orqan Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin 10 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: R.F.Əfəndiyev şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin 10 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi R.F.Əfəndiyev şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 27 fevral 2023cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində Bakı şəhər DYPİ-nin YPX-nin inspektoru X3 tərəfindən saxlanılaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 77-ci maddəsinin tələbini pozduğunu bildirilmiş və barəsində protokol tərtib etmişdir. Bu barədə o, DİN-ə şikayət ünvanlayaraq bildirmişdir ki, həmin maddənin tələbini pozmamış və inzibati xəta hadisəsi saat 18:08-da sürət həddi çox aşağı olan ərazidə tıxac vaxtı qeydə alınmışdır. Bu şəraitdə həmin maddə göstərilən qəflətən tormozlama və istiqaməti dəyişmə halı baş verməmişdir. Göstərilənlərə əsasən, Bakı şəhəri DYPİ tərəfindən qəbul olunmuş 10 mart 2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi R.F.Əfəndiyev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi E.M.Qanbayev şikayətlə razılaşmayaraq bildirmişdir ki, R.F.Əfəndiyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən stop nişanında dayanmalı və sonra hərəkət etməli idi. Lakin sonuncu bu qaydanı gözləməmiş, digər istiqamətində olan avtomobillər üstünlük təşkil etdiyi üçün onlara yol verməmiş və digər avtomobilin sürətinin azadılmasına səbəb olmuşdur. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və Bakı şəhəri BPİ DYPİ-nin 10 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına, DVD diskindəki videogörüntüyə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 10 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, R.F.Əfəndiyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi E.M.Qanbayev tərəfindən məhkəməyə təqdim edilmiş DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, 27 fevral 2023-cü il tarixdə, saat 18:08-də Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində “İnfiniti FX-35” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yolayrıcını keçmə qaydaları pozaraq hərəkətini davam etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, R.F.Əfəndiyev 27 fevral 2023cü il tarixdə, saat 18:08-də Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində “İnfiniti FX-35” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilə yolayrıcını keçmə qaydaları pozmuş, bu hal Yol Patrul Xidmətinin əməkdaşlarının xidməti avtomobilinə quraşdırılmış “i-patrul” sistemi vasitəsilə aşkar edilərək qeydə alınmışdır. Bu səbəbdən də, R.F.Əfəndiyevin barəsində 27 fevral 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin protokol əsasında qəbul edilmiş 10 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş DVD diskindəki videogörüntüyə əsasən isə müəyyən edilmişdir ki, R.F.Əfəndiyev idarə etdiyi “İnfiniti FX-35” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydaları pozmuşdur. Bununla da, məhkəmə hesab edir ki, şikayətçi R.F.Əfəndiyevin 27 fevral 2023-cü il tarixdə “İnfiniti FX-35” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydaları pozması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin 10 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan R.F.Əfəndiyevin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin 10 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2028/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2028/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver