Məhkəmə qərarları › İş №3(006)-2030/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2030/2020

07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2030/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Əhmədov Rövşən Arif oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: ünvan 1 705-ci məhəllə, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokola əsasən Şəxs MMC Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7390/2019 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında icra məmuru Əhmədov Rövşən Arif oğlu izahat verərək göstərdi ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7390/2019 saylı icra vərəqəsinə əsasən X2 Şəxs MMC-yə xəzinədar vəzifəsinə, X3 isə mağaza müdiri vəzifəsinə işə bərpa olunmalı, işdən çıxarıldığı gündən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün itirdiyi əmək haqqı hesablanmaqla Şəxs MMC-dən tutularaq onlara ödənilməli, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin əvəzi, habelə apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun 10 manat hissəsinin əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İcra sənədinin icrası üzrə Şəxs MMC-nin nümayəndəsi şöbəyə dəvət olunsa da, o, şöbəyə gəlib izahat verməkdən imtina etmiş və görülmüş tədbirlərə, edilmiş xəbərdarlıqlara baxmayaraq icra sənədinin icrası təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs MMC-nininzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X6 izahatında bildirdi ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7390/2019 saylı icra vərəqəsi Şəxs MMC tərəfindən icra edilmişdir. Cəmiyyətin xx xxxx 2020-ci il tarixli müvafiq əmrlərinə əsasən X2 və X3 Şəxs MMC-də işə bərpa olunmuş, lakin məhkəmədə iş üzrə icraat davam edərkən onlarla bağlanmış əmək müqavilələrinin müddətləri bitmiş, eyni zamanda bərpa olunduqları vəzifələr üzrə işləməkdən imtina etdiklərindən onlarla bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 73-cü maddəsinin İ hissəsinə əsasən xitam verilmiş, hər iki tələbkara məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilmişdir. Lakin məcburi işburaxma dövrü üçün ödənişin düzgün hesablanmadığını əsas gətərək icra məmuru qətnamənin hələ də icra olunmadığıqeyd etmişdir. Əmək fəaliyyətini başqa müəssisələrdə davam etdirən, müqavilələrinin müddəti bitmiş və məhkəmə qətnaməsi ilə bərpa olunduğu işdə işləmək istəməyən tələbkarlara ödəniş edilməsi icra prosesində çətinliklərə səbəb olduğundan qətnamənin izahı barədə ərizə ilə cəmiyyət tərəfindən Bakı Apelyasiya Məhkəməsinə müraciət olunmuşdur. Həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən qətnamə cəmiyyət tərəfindən icra edildiyindən ərizə təmin olunmamışdır. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: - Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7390/2019 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-1385/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, X2 Şəxs MMC-yə xəzinədar vəzifəsinə işə bərpa olunması, onun işdən çıxarıldığı gündən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün itirdiyi əmək haqqı hesablanmaqla Şəxs MMC-dən tutularaq ona ödənilməsi, X3 Şəxs MMC-yə mağaza müdiri vəzifəsinə işə bərpa olunması, onun işdən çıxarıldığı gündən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün itirdiyi əmək haqqı hesablanmaqla Şəxs MMC-dən tutularaq ona ödənilməsi, iddia tələbi mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin əvəzi, habelə apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun 10 manat hissəsinin əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir; - Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən qeyd olunan icra sənədinin icrasını təmin olunması məqsədilə xx.xx.2020-ci il tarixli qərarla icraat başlanılmış və həmin tarixli, e18894/2020-15-20-i nömrəli məktubla müvafiq bildiriş Şəxs MMC -yə göndərilmişdir; - Şəxs MMC-nin xx xxxx 2020-ci il tarixli 162-K saylı əmrinə əsasən X2 Şəxs MMCyə xəzinədar vəzifəsinə, 163-K saylı əmrinə əsasən isə X3 mağaza müdiri vəzifəsinə işə bərpa olunmuşlar; - Şəxs MMC-nin xx xxxx 2020-ci il tarixli 156-X saylı əmrinə əsasən X2 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə müddəti bitdiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi ilə xitam verilmişdir; - Şəxs MMC-ninxx xxxx 2020-ci il tarixli, 157-X saylı əmrinə əsasənX3 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə müddəti bitdiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi ilə xitam verilmişdir; - Qeyd olunan icra sənədinin icra olunmaması ilə bağlı Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli məktubla Şəxs MMC-yə xəbərdarlıq məktubu göndərilmişdir; - Şəxs MMC tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə göndərilmiş məktuba əsasən xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna cavab olaraq Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7390/2019 saylı icra vərəqəsinin icra olunduğu bildirilmiş və bununla bağlı sənədlər qoşmada təqdim olunmuşdur; - Qeyd olunan icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli məktubla inzibati məsuliyyət haqqında bildiriş Şəxs MMC-yə göndərilmişdir; - Şəxs MMC Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin izah olunması üzrə ərizə ilə həmin məhkəməyə müraciət edərək göstərmişdir ki, X2 ilə cəmiyyət arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli əmək müqaviləsinin müddəti xx xxxxxxxx 2019-cu il tarixdə, X3 ilə cəmiyyət arasında bağlanmış xx xxxx 2018-ci il tarixli əmək müqaviləsinin müddəti xx xxxx 2019-cu il tarixdə bitmişdir. Apelyasiya instansiyası məhkəməsində işə baxılarkən əmək müqaviləsinin müddəti başa çatmışdır. İddiaçılar məhkəmə prosesinin başa çatmasını gözləmədən Qalina Pritulyak “xxxxxxxxxxx” MMCdə, Olesya Salnikova “xxxxxxxx” MMC-də işə qəbul olunmuşlar, onlar Şəxs MMC-də işləmək arzusunda olmadıqlarını biruzə vermişlər. Belə olan halda əmək müqaviləsinin müddəti bitmiş və məhkəmə qətnaməsi ilə bərpa olunduğu işdə işləmək istəməyən şəxsin işə bərpa olunması icra prosesində çətinliklərə səbəb olur. Qeyd olunanlardan əlavə məcburi işburaxmaya görə əmək haqqının kim tərəfindən ödənilməsi mübahisəlidir; - Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7390/2019 saylı qərardadına əsasən Qalina Pritulyak və Olesya Salnikova cəmiyyətdə müvafiq əmrlər əsasında əvvəlki vəzifələrinə bərpa olunmuş, elə həmin gün verilmiş əmrlə əmək müqaviləsinin müddətinin bitməsi və onların Şəxs MMC ilə əmək münasibətlərini davam etdirmək fikrinin olmaması nəzərə alınaraq, müqaviləyə Əmək Məcəlləsinin 73-cü maddəsi ilə xitam verilmiş hesab olunduğu və onlar işdən azad edildiyi, onlara məcburi işburaxma üçün əmək haqqı ödənildiyindən cəmiyyət tərəfindən qətnamə icra olunduğu üçün qətnaməyə izah verilməsi barədə Şəxs MMC-nin ərizəsi təmin olunmamışdır. Bundan əlavə həmin məhkəmə iclasında hər iki tələbkar məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını, onlara məcburi işburaxma üçün əmək haqqı ödənildiyini bildirmişdir; - xx.xx.2020-ci il tarixli ödəniş qəbzinin surətindən göründüyü kimi məcburi işburaxma dövrü üçün tələbkarlar X2 və X1 ümumilikdə 4.134 manat məbləğində pul ödənilmişdir. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7390/2019 saylı icra vərəqəsi Şəxs MMC tərəfindən icra edilmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi X2 və X3 cəmiyyətin müvafiq əmrləri ilə yendiən işə bərpa olunmuş, lakin hər iki tələbkar başqa müəssisələrdə işə qəbul olunduğu və Şəxs MMC ilə əmək münasibətlərini davam etdirmək fikirləri olmadıqları üçün onların əmək müqavilələrinə müddətləri bitdiyinə görə Əmək Məcəlləsinin 73-cü maddəsinin İ hissəsinə əsasən xitam verilmişdir. Eyni zamanda müvafiq icra sənədinin icrası üzrə hər iki tələbkara məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs MMC-nin icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun əməlində inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar