Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2030/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Bank Olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, BOKT "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 16 may 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən BOKT "xxxx" MMC-də xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2018 - xx.xx.2023-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in (DNP) 2.1.1-ci maddəsinə görə (anoloji tələb xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (PL/TMM) Qanunun 12.1-ci maddəsində də göstərilmişdir) monitorinq subyekti tərəfindən aşağıdakı qayda və prosedurlar hazırlanmalıdır: müştəri uyğunluğu tədbirlərinə və müştəri profili üzrə risklərin qiymətləndirilməsinə dair daxili qayda və prosedurların təsdiq edilməsi; müştərilərin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurların təsdiq edilməsi, məlumat və sənədlərin saxlanılmasına və konfidensiallığına dair daxili qayda və prosedurların təsdiq edilməsi, şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) təsdiq edilməsi, şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə (bundan sonra - MMX) təqdim olunması üzrə daxili qayda və prosedurların təsdiq edilməsi. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də yuxarıda qeyd edilən qayda və prosedurlar yoxlama dövründə hazırlanmamış, yalnız xx.xx.2023-cü il tarixində təsdiq edilmişdir (Yoxlama haqqında hesabat, səh 33). “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (ƏL/TMM) Qanunun 10.1.4-cü maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.4-cii maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən yoxlanılan dövr ərzində əməkdaşlara müvafiq təlimlər keçirilməmişdir (Yoxlama haqqında hesabat, səh 33). Bundan başqa, ƏL/TMM Qanunun 10.1.5-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.7-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-nin daxili audit mexanizmini tənzimləyən təkmil qayda və prosedurlar mövcud deyil, habelə yoxlama dövründə ƏL/TM sahəsinin adekvatlılığını yoxlayan daxili audit həyata keçirilməmişdir (Yoxlama haqqında hesabat, səh 34). Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar BOKT-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında xx.xx.2018 - xx.xx.2023-cü il tarixlərində törədilmişdir, inzibati pozuntular yoxlama nəticəsində xx.xx.2023-cü il tarixdə aşkarlanmışdır. Bununla da BOKT "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək BOKT "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 598.1.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 yazılı izahat təqdim edib ona uyğun bildirmişdir ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində Mərkəzi Bank tərəfindən BOKT "xxxx" MMC-də xx.xx.2018- xx.xx.2023-cü tarixləri arasındakı dövrü əhatə edən kompleks yoxlama keçirilmişdir. Həmin yoxlamanın nəticəsinə görə xx.xx.2024-cü il tarixində İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, inzibati xəta haqqında həmin protokolu qanunsuz və əsassız hesab edir. Yoxlama nəticəsində pozuntu kimi aşkarlanmış məsələlərdən birincisi "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.1.1-ci maddəsinə uyğun olaraq müvafiq qayda və prosedurların hazırlanmamasıdır. Yoxlamanın nəticələri əks etdirən Yoxlama haqqında hesabatdan və Protokoldan göründüyü kimi DNP-nin 2.1.1-ci maddəsinə uyğun olaraq müvafiq qayda və prosedurlar təşkilat tərəfindən xx.xx.2023- cü il tarixində qəbul olunmuşdur. Əvvəla, qeyd edir ki, Mərkəzi Bankın bununla bağlı protokolda qeyd olunmuş mövqeyi ziddiyyətlidir. Belə ki, müvafiq qayda və prosedurların təşkilat tərəfindən qəbul olunduğu tarix (xx.xx.2023) yoxlamanın əhatə etdiyi dövrə (xx.xx.2018-xx.xx.2023) təsadüf etsə də, protokolda müvafiq qayda və prosedurların yoxlama dövründə hazırlanmadığı qeyd olunmuşdur. Bundan əlavə, DNP-nin 2.1.1.7-ci yarımbəndinə uyğun olaraq şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) xx.xx.2023-cü il tarixində təsdiq edilmişdir. Mərkəzi Bank xx.xx.2023-cü il tarixində təşkilata məktub göndərərək, DNP-nin 2.1.1.7-ci yarımbəndinə uyğun olaraq şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) xx.xx.2023-cü il tarixinədək təsdiqlənərək Maliyyə Monitorinq Xidmətinə göndərilməsini tələb etmişdir. Mərkəzi Bankın məktubunda şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) xx.xx.2023-cü il tarixinə qədər təsdiq olunmasının prioritet kimi müəyyənləşdirilməsi, digər sənədlərin hazırlanaraq qəbul olunmasına nəzarət orqanı olan Mərkəzi Bank tərəfindən möhlət verilməsi kimi qəbul olunmalıdır. Protokolda pozuntu kimi qeyd olunmuş ikinci məsələ işçilərin təlimə cəlb olunmamasıdır. Belə ki, hesabatda məsul şəxs tərəfindən filial müdirlərinə, filialların idarə olunması şöbəsinin müdirinə və monitorinq menecerlərinə təlim keçirilməsinin qeyd olunmasına baxmayaraq protokolda təlimin keçirilmədiyi qeyd olunmuşdur. Bununla bağlı qeyd edir ki, DNP-nin 4.2.9-cu maddəsinə əsasən öhdəlik daşıyan şəxsin müvafiq işçiləri ildə bir dəfədən az olmayaraq planlı təlimdə iştirak etməlidirlər. Hesabatdan da göründüyü kimi xx.xx.2023-cü il tarixində işçilərə təlim keçirilmişdir. Yəni, təşkilat öhdəlik daşıyan şəxs kimi Qanunun və DNP-nin tələblərinə uyğun olaraq 2023-cü ildə işçiləri təlimə cəlb etmişdir. Bundan, əlavə, təşkilatın məsul şəxsi, onun əvəzedicisi və baş daxili auditoru təşkilatın hesabına Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən təşkil olunmuş ödənişli təlimlərə göndərilmişdir. Protokolda pozuntu kimi qeyd olunmuş digər məsələ audit mexanizmi bağlıdır. Audit planına uyğun olaraq filialların kredit fəaliyyəti ilə bağlı həyata keçirilən kredit sənədlərin yoxlanılması üçün yoxlama vərəqəsi (check list) tətbiq olunur. Həmin yoxlama vərəqəsində verilmiş kreditin "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" AR Qanunun tələblərinə uyğun olub-olmamasının yoxlanılmasını təsdiq edən bənd var. Göründüyü kimi, yoxlanılması həyata keçirilən kredit sənədlərində Qanunun tələbləri ilə bağlı audit yoxlaması həyata keçirilib. Mərkəzi Bank tərəfindən tərtib olunmuş protokol həyata keçirilmiş yoxlamanın nəticələrini əks etdirən yoxlama haqqında hesabata uyğun deyildir. Belə ki, yoxlama haqqında hesabatda qeyd olunmuş bütün nöqsanlar xx.xx.2023cü il tarixində ləğv olunmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun (PL/TMM) tələbləri ilə bağlıdır. Belə ki, məlum olduğu kimi xx.xx.2023cü il tarixinə kimi "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanun (PL/TMM) qüvvədə olmuşdur. xx.xx.2023-cü il tarixində isə həmin Qanun ləğv olunmuş və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanun (ƏL/TMM) qüvvəyə minmişdir. Həm yoxlama haqqında hesabatda, həm də protokolda qüvvədən düşmüş PL/TMM Qanununa istinad olunması, xx.xx.2023-cü il tarixinə qədər olan dövr üçün həmin Qanunun tələbləri rəhbər tutularaq protokol tərtib İnzibati Xətalar Məcəlləsinin 53-cü ilə ziddiyyət təşkil edir. X3 Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Hesab edir ki, xx.xx.2023-cü il tarixinə qədər olan dövrdə fəaliyyətlərində hər hansı bir çatışmazlıq olub-olmamasından asılı olmayaraq həmin dövrə görə inzibati xəta haqqında icraat aparılmamalıdır. Yuxanda qeyd olunanlardan əlavə, inzibati xəta haqqında icraat zamanı İnzibati Xətalar Məcəlləsinin aşağıda qeyd olunan tələbləri də nəzərə alınmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətinin yaranması üçün inzibati xəta vəzifəli şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olmalıdır. Aparılmış inzibati xəta haqqında icraatda inzibati xəta törətməklə təşkilatın hansı maraqlarının qorunduğu və onun xeyrinin nədən ibarət olduğu sübut olunmamışdır. Belə olan halda, hüquqi şəxsin məsuliyyətinin yaranmadığı üçün onun barəsində tərtib olunmuş protokol qanuni və əsaslı hesab oluna bilməz. Tərtib olunan protokolun İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olmadığını göstərən hallardan biri də inzibati xəta haqqında protokolun inzibati xətanın aşkarlanmasından 160 gün sonra tərtib olunmasıdır. Səlahiyyətli orqan tərəfindən tərtib olunmuş protokolda inzibati xətanın xx.xx.2023-cü il tarixində aşkarlandığı qeyd olunmuşdur, protokol isə xx.xx.2024-cü il tarixində tərtib olunmuşdur. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməlidir. Hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilə bilər. Protokolun tərtib olunması müddətinin uzadılması hallarından biri də inzibati araşdırma aparılmasıdır. Bu işdə inzibati araşdırma aparılması haqqında qərardad qəbul olunmadığı üçün protokolun tərtib olunma müddətinin 160 gün olması inzibati araşdırmanın olması ilə əsaslandırıla bilməz. Lap inzibati araşdırma olsa belə qanunla müəyyən olunmuş 2 aylıq müddət pozulmuşdur. Yuxarıda qeyd olunanları, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin barəsində inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, BOKT "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankı Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin yoxlama haqqında hesabatından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edən xx.xx.2023-cü il tarixdə başlanılmaqla xx.xx.2023-cü il tarixdə yekunlaşmış yoxlama keçirilmişdir. Yoxlama nəticəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 16 may 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmiş nöqsanlar aşkar edilmişdir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Daxili nəzarət proqramı 10.1. Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər: 10.1.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi; 10.1.2. rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi; 10.1.3. işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi; 10.1.4. işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi. 10.2. Öhdəlik daşıyan şəxslər olan maliyyə qrupları (holdinqlər) həmin qrup (holdinq) miqyasında daxili nəzarət proqramları çərçivəsində bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlərə əlavə olaraq aşağıdakı tədbirlərin bütün filiallara və törəmə hüquqi şəxslərə tətbiq edilməsini təmin etməlidirlər: 10.2.1. müştəri uyğunluğu tədbirləri çərçivəsində və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin idarə edilməsi məqsədilə məlumat və sənədlərin qrupdaxili (holdinqdaxili) ötürülməsinə dair qayda və prosedurların təsdiq və tətbiq edilməsi; 10.2.2. qrup (holdinq) səviyyəsində leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət, audit və bu Qanundan irəli gələn öhdəliklər çərçivəsində əsas hüquqi şəxsdən, filial və törəmə hüquqi şəxsdən müştərilər, hesablar və əməliyyatlar barədə məlumat və sənədlərin alınması qayda və prosedurlarının təsdiq və tətbiq edilməsi; 10.2.3. ötürülmüş məlumat və sənədlərin konfidensiallığını və təhlükəsizliyini, eləcə də yayılmasının qarşısının alınmasını təmin edən mexanizmlərin formalaşdırılması qayda və prosedurlarının təsdiq və tətbiq edilməsi. 10.3. Maliyyə institutunun təsis edildiyi yurisdiksiya cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində maliyyə institutlarının filiallarının və törəmə hüquqi şəxslərinin yerləşdiyi xarici yurisdiksiyada mövcud olan tələblərlə müqayisədə daha sərt tələblər müəyyən edərsə, maliyyə institutları xarici yurisdiksiyanın qanunvericiliyinin imkan verdiyi çərçivədə xarici filiallarının və törəmə hüquqi şəxslərinin daha sərt tələblər əsasında fəaliyyət göstərməsini təmin etməlidir. 10.4. Əgər xarici yurisdiksiyanın qanunvericiliyi daha sərt tələblərin tətbiqini qadağan edirsə, maliyyə qrupları (holdinqlər) risklərin idarə edilməsi məqsədilə tədbirlər görməli və bu barədə nəzarət orqanına məlumat verməlidirlər. 10.5. Maliyyə monitorinqi orqanı daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələbləri müəyyən edir. Nəzarət orqanları nəzarət etdikləri öhdəlik daşıyan şəxslərə münasibətdə maliyyə monitorinqi orqanının müəyyən etdiyi minimum tələblərdən əlavə tələblər müəyyən edə bilər. Həmin Qanunun 11-ci maddəsinə əsasən Monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin maliyyə monitorinqi orqanına təqdim edilməsi 11.1. Maliyyə institutları tərəfindən aşağıdakı əməliyyatlara dair məlumat və sənədlər maliyyə monitorinqi orqanına təqdim edilir: 11.1.1. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlara dair məlumat və sənədlər; 11.1.2. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlər. 11.2. Aşağıdakı hallar olduqda məbləğindən asılı olmayaraq, əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilir: 11.2.1. əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar; 11.2.2. əmlakın terror aktının hazırlanmasında, təşkil olunmasında və ya törədilməsində, habelə terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağı ilə bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar. 11.3. Aşağıdakı əməliyyatlar barədə məlumat və sənədlər məbləğindən və ya şübhəlilik əsaslarının mövcud olubolmamasından asılı olmayaraq öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim olunur: 11.3.1. xarici dövlətlərin siyasi nüfuzlu şəxsləri, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslər tərəfindən həyata keçirilən istənilən əməliyyatlar; 11.3.2. “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə əməliyyatlar; 11.3.3. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank hesabları üzrə əməliyyatlar. 11.4. Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər bu Qanunun 4.14-cü, 4.15-ci və 11.1–11.3-cü maddələrində nəzərdə tutulmuş məlumat və sənədləri maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş qaydada ona təqdim etməlidirlər. Bu Qanunun 11.1-ci, 11.3.1-ci və 11.3.3-cü maddələrində nəzərdə tutulmuş məlumat və sənədlər maliyyə monitorinqi orqanına əməliyyat həyata keçirildikdən sonra 3 iş günü ərzində, bu Qanunun 4.14-cü, 4.15-ci və 11.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məlumat və sənədlərin təqdim edilməsinə dair əsaslar müəyyən edildikdən dərhal sonra, lakin hər bir halda həmin iş gününün sonundan gec olmayaraq təqdim edilməlidir. 11.5. Bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hallar olduqda, aşağıdakı əməliyyatlar maliyyə institutları tərəfindən, bu Qanunun 11.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 2 iş günü ərzində icra edilmir və məlumat və sənədlər, əməliyyatlar icra olunmadan, dərhal maliyyə monitorinqi orqanına təqdim edilir: 11.5.1. yüksək riskli müştəri profilləri ilə əlaqədar əməliyyatlar; 11.5.2. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı məbləğdə həyata keçirilən əməliyyatlar; 11.5.3. maliyyə vəsaitlərinin hesabdan çıxarılması ilə nəticələnən əməliyyatlar. 11.6. Bu Qanunun 11.5-ci maddəsində nəzərdə tutulmuş əməliyyatın icra olunmaması mümkün deyildirsə, maliyyə institutları əməliyyatın icrasından dərhal sonra maliyyə monitorinqi orqanına məlumat verməlidirlər. 11.7. Bu Qanunun 11.5-ci maddəsində nəzərdə tutulan müddət ərzində əməliyyatın dayandırılması barədə maliyyə monitorinqi orqanının göstərişi daxil olmazsa, əməliyyat icra edilməlidir. Bu müddət ərzində maliyyə monitorinqi orqanından əməliyyatın dayandırılmasının zəruri olmadığına dair məlumat daxil olduğu halda, əməliyyat 2 günlük müddətin bitməsi gözlənilmədən dərhal icra edilməlidir. 11.8. Əldə edilmə mənbəyindən asılı olmayaraq maliyyə monitorinqi orqanına təqdim edilən məlumat və sənədlər məxfi və konfidensial saxlanılır, yalnız bu Qanunla nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün istifadə edilir və qanunla müəyyən edilmiş sirlərin qorunması rejimi çərçivəsində qorunur. Maliyyə monitorinqi orqanı məlumat və sənədlərin təhlükəsizliyinin təmin olunması sistemini təşkil edir. 11.9. Maliyyə monitorinqi orqanı hər 5 ildən gec olmayaraq bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş əməliyyatların minimum məbləğinin yenilənməsi məsələsinə baxır. 5 illik müddətin axımı maliyyə monitorinqi orqanının əməliyyatların minimum məbləğini müəyyən etdiyi vaxtdan başlayır. 11.10. Bu Qanunun 4.14-cü, 4.15-ci, 11.2-ci və 11.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məlumat və sənədlərin maliyyə monitorinqi orqanına təqdim edilməsinə dair müştəriyə məlumat verilməməlidir. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun; 12.1-ci maddəsinə əsasən monitorinq iştirakçıları cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. Bu sistem ən azı aşağıdakılardan ibarət olmalıdır: 12.1.1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların hazırlanması; 12.1.1-1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu risklərin idarə olunması və azaldılması üçün tədbirlərin görülməsi; 12.1.2. müştərilərin, onların adından çıxış edən səlahiyyətli nümayəndələrin, benefisiar mülkiyyətçilərin, əməliyyatların eyniləşdirilməsinə və verifikasiyasına, müştərinin və benefisiar mülkiyyətçinin xarici dövlətlərin siyasi xadimlərinə aid olduğunun müəyyən edilməsinə imkan verən daxili, mərkəzləşdirilmiş arxivin yaradılması; 12.1.3. məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsinə dair qaydaların hazırlanması; 12.1.4. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə əməkdaşlara mütəmadi təlimlərin keçirilməsi; 12.1.5. monitorinq iştirakçılarının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarlarının müəyyən edilməsi; 12.1.6. əməliyyatın həyata keçirilməsinin dayandırılması ilə əlaqədar meydana çıxa biləcək problemlərin həlli istiqamətində tədbirlər; 12.1.7. bu Qanunla tələb olunan qaydaların monitorinq iştirakçıları tərəfindən tətbiq olunmasının səmərəliliyini yoxlayan daxili audit mexanizmi; 12.1.8. hüquqi şəxs olan monitorinq iştirakçılarında rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxsin təyin edilməsi; 12.1.9. fəaliyyət xüsusiyyətindən asılı olaraq, işə qəbul və işçilərin yoxlanması mexanizmlərinin, habelə xarakteri şübhə doğuran hər hansı əməliyyatın aşkarlanması, qarşısının alınması və lazımi məlumatların bu Qanunun 11-ci maddəsinə əsasən maliyyə monitorinqi orqanına təqdim olunması üzrə digər mexanizm və qaydaların hazırlanması. 12.2-ci maddəsinə əsasən monitorinq iştirakçılarının strukturu daxilində bu Qanunun 12.1.8-ci maddəsində qeyd olunmuş məsul şəxs yalnız hüquqi şəxsin rəhbərliyinə hesabat verməlidir. 12.3-cü maddəsinə əsasən monitorinq iştirakçıları daxili nəzarət sistemlərini maliyyə monitorinqi orqanının tələblərinə uyğun olaraq hazırlamalıdırlar. 12.4-cü maddəsinə əsasən daxili nəzarət sistemi çərçivəsində tətbiq olunan tədbirlərin növü və həddi monitorinq iştirakçılarının fəaliyyətinin xarakterinə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 598.1.2-ci maddəsinə əsasən Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər - iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs BOKT Şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri pozularaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs BOKT Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, BOKT Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs BOKT Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20000 (iyirmi min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2030/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2030/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver