Məhkəmə qərarları › İş №3(006)-2033/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2033/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2033/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş 21 may 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş 21 may 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 21 may 2021-ci il tarixdə, saat 23:00 radələrində Səməd Vurğun küçəsində yerləşən “Taifa Lounge” restoranında dostu ilə, yəni onunla birlikdə 2 nəfər masada qarşı-qarşıya arasında 2 metr məsafə olaraq, heç bir karantin qaydasını pozmadan masa arxasında əyləşib şam yeməyi edərkən, polis əməkdaşları heç bir qanuni əsas olmadan, DİN-in rəsmi yazılı göstərişi və ya icazəsi olmadan restorana daxil olaraq özlərini təqdim etmədən onun adını, soyadını və ata adını soruşmuş, o, polis əməkdaşının sualına cavab verəndən sonra, polis əməkdaşı əyləşdiyimiz “Taifa Lounge” restoranın karantin qaydalarının pozması əsas tutmaqla, şəxsən onun heç bir karantin qaydasını pozmamasına baxmayaraq, onun hansı səbəblə inzibati məsuliyyətə cəlb edildiyi sualına heç bir cavab verməməsinə baxmayaraq AR İXMnin 211.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli qərarına əsasən 01 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd edim ki, polis əməkdaşı mənə yaxınlaşarkən heç bir protokol tərtib etməmiş və bununla bağlı mənə protokolun nüsxəsini verməmişdir. Sadəcə olaraq məni cərimə etdiyini bildirdi və mən dəfələrlə protokolu təqdim etməsini tələb edərkən polis əməkdaşı bundan imtina etdi. Şəxs barəsində inzibati tənbeh vermə haqqında protokol təıtib olunursa, həmin protokol vətəndaşa təqdim olunmalıdır və bu protokolu tərtib edən səlahiyyətli şəxsin vəzifəsidir. Halbuki, ona tərdib olunmuş protokol və qərar ona rəsmi olaraq 23.07.2021-di il tarixində o, ərizə ilə müraciət edəndən sonra əlbəəl təqdim olunub. Qeyd etdiy kimi qərar düzgün tərtib olunmamış 21 may 2021-ci il tarixdə polis əməkdaşı tərəfindən ona protokol dərhal tərtib olunmamışdır və bununla da AR İXM-nin 101-ci maddələsinin tələbi pozulmuşdur. Əlavə olaraq da qeyd edir ki, qanunun tələbindən də göründüyü kimi o, sübut etmək məcburiyyətində deyil və inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqanın nümayəndəsi iştirak edərək qərarı müdafiə etməlidir. Göründüyü kimi AR DİN tərəfindən tərtib olunmuş qərar ləğvə məhkum olduğundan sözügedən inzibati xəta işi üzrə icraata xitam verilməlidir. Odur ki, Hesab edir ki, şikayət təmin olunmalıdır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin EXP1055005 nömrəli, 21 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalıdır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş barəsində EXP1055005 saylı, 21.05.2021-ci il tarixli qərarı ləğv edilməsi və inzibati xəta işi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi İ.S.İbrahimli şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi RPİ-nin 21-ci PB-yə lazımi qaydada məlumat verilsə də, Nəsimi RPİ-nin 21-ci PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi RPİ-nin 21-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İ.S.İbrahimlinin barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə 21 may 2021-ci il tarixdə, EXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında həmin tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İ.S.İbrahimlinin barəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verməsi ilə bağlı polis əməkdaşı tərəfindən 21 may 2021-ci il tarixdə, EXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında həmin tarixdə inzibati tənbeh vermə haqqında qərarla o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İ.S.İbrahimlinin barəsində Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşı tərəfindən EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında saylı inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli qərarı nəzərə alınmadan və İ.S.İbrahimliyə qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət edilmədən qəbul edilmişdir. Bununla da, İ.S.İbrahimlinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və İ.S.İbrahimlinin barəsində əsassız qərar qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli qərarına əsasən 01 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilir. Həmçinin, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin 21-ci PB-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi RPİ-nin 21ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş 21 may 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Nəsimi RPİ-nin 21-ci PB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş 21 may 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar