Məhkəmə qərarları › İş №3(006)-2042/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2042/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2042/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati İcraat İdarəsinin aparıcı mütəxəssisi X2 tərəfindən 02 avqust 2021-ci il tarixdə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, «Ziraat Bank (Azərbaycan)» ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət 75649,90 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 16.07.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 75649,90 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X5 oğlu məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 12 iyul 2019cu il tarixində Türkiyə şirkəti tərəfindən MMC-yə ödəniş edilmişdir. Bu ödəniş 1 ədəd yük maşınının alınmasına vasitəçilik xidməti göstərilməsi üçün edilmişdir. Bundan sonra həmin yük maşınının istehsalı üçün Almaniyanın müvafiq şirkətinə sifariş edilmiş və ilkin sifariş məbləği ödənilmişdir. Göründüyü kimi, bu ödəniş Türkiyə şirkətindən mədaxil gəldikdən sonra edilmiş və bu vasitəçilik xidməti ilə əlaqədar olmuşdur. "xxxx" ASC tərəfindən təqdim edilmiş məktubda da bu məsələ öz əksini tapmışdır. Mərkəzi Bankı müvafiq Qəraraının 4.3.1.3-cü maddəsinə əsasən müvafiq sənədlər iki il ərzində təqdim edilə bilər. "xxxx" tərəfindən müvafiq məktub qısa müddətdə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizənin surətindən görünür ki, Şəxs tərəfindən “MAN TRUCK AND BUSES” şirkətinin müvafiq bank hesabına 75649,90 Avro ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş 27 iyul 2021-ci il tarixli, ZB seriyalı, 6066 saylı «Ziraat Bank (Azərbaycan)» ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktubdan görünür ki, Şəxs tərəfindən ödənişin icrası zamanı müştəri tərəfindən banka əməliyyatın təyinatı haqqında məlumat düzgün verilməmişdir, bu səbəbdən, həmin ödəniş avans ödənişi olaraq icra edilmişdir, lakin 26 iyul 2021-ci il tarixdə həmin müştəri tərəfindən qeyd edilən ödənişin vasitəçilik xidməti ilə bağlı olduğunu sübut etməyə imkan verən vasitəçilik müqaviləsi (07012019 saylı və 07.01.2019-cu il tarixli), malın Türkiyə Cümhuriyyətinə idxal olunmasını təsdiq edən 19350300İM057200 saylı yük gömrük bəyannaməsi və invoys təqdim etmişdir, əlavə olaraq müştərinin bank hesabından çıxarışa və yuxarıda qeyd etdiyi sənədlərə əsasən həmin ödənişin vasitəçilik xidməti ilə bağlı köçürülmüş olduğunu təyin etmək mümkün olmuşdur. Belə ki, 12.07.2019-cu il tarixdə müştərinin bankdakı hesablaşma hesabına “X4 San.Tic. A.Ş” tərəfindən köçürülmüş 98000 Avro vəsait daxil olmuşdur, həmin daxil olmanın təyinatında (PRF NR 60-İ/19 DD.10.06.2019 İMPORT PAYMENT CUSTOMS DECLARATİON: 19350300İM057200) əks edilmiş məlumatlar təqdim edilmiş invoys və malın Türkiyə Cümhuriyyətinə idxal olunmasını təsdiq edən 19350300İM057200 saylı YGB-də qeyd edilmiş məlumatlar ilə eynilik təşkil etdiyi görünmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol 06 avqust 2021-ci il tarixdə tərtib edilsə də, həmin protokolun tərtib edilməsinə səbəb olmuş valyuta vəsaitinin avans ödənişi deyil, vasitəçilik yolu ilə köçürülmüş vəsait olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş vermədiyindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar