Məhkəmə qərarları › İş №3(006)-2045/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2045/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2045/2021 23.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 12 iyul 2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin 22-ci PŞ-nin 12 iyul 2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, 09 iyul 2021-ci il tarixdə “28 Mall”-da fəaliyyət göstərən “Bravo” marketə su almaq üçün getdiyi vaxt üzərində olan maska burun nahiyəsindən bir qədər aşağıda olmuşdur. Həmin halı polis əməkdaşı görmüş və ona yaxınlaşaraq buna iradını tutmaqla barəsində protokol tərtib etmişdir. İsti yay günü olduğu və tərlədiyi üçün maska ilə nəfəs almaqda çətinlik çəkmiş və buna görə də maskanı burnundan endirmişdir. Qeyd edir ki, pandemiya vaxtlarında həmişə maskadan istifadə etmişdir. Maskasının burnundan aşağı olması maska taxmamaq və ya inzibati xəta törətmək anlamına gəlmir. Haqsız olaraq maskasızmış kimi cərimələnməyə görə etiraz edir. Göstərilənləri nəzərə alaraq barəsinə qəbul edilmiş 12 iyul 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və Nəsimi RPİ-nin 22-ci PŞ-yə lazımi qaydada məlumat verilsə də, şikayətçi və Nəsimi RPİ-nin 22-ci PŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin və Nəsimi RPİ-nin 22-ci PŞnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 09 iyul 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, H.C.Hacıyev həmin tarixdə, saat 13:25-də Azadlıq prospekti, “28 Mall” ticarət mərkəzində olarkən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasını bir il ərzində təkrar törətməsinə görə barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan 12 iyul 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, H.C.Hacıyev Azərbaycan Respublikasının İXM-nin 211.3cü maddəsini törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, H.C.Hacıyevin barəsində 09 iyul 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 12 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında şikayətçinin ərizəsindən müəyyən edilmişdir ki, şikayətçi barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən o, fərdi qoruyucu vasitədən istifadə etməmişdir. Göründüyü kimi H.C.Hacıyev epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması halına yol vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 12 iyul 2021-ci il tarixli, EXP ******* saylı qərarı qanuni və əsaslı olduğundan H.C.Hacıyevin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 12 iyul 2021-ci il tarixli, EXP ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar