Məhkəmə qərarları › İş №3(006)-2053/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2053/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2053/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakları ilə, Bakı Nəqliyyat Agentliyinin 08 may 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin 08 may 2021ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 89 nömrəli qərarına əsasən yaradılıb. Cəmiyyət Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olmaqla nizamnamə əsasında fəaliyyət göstərir. 2015-ci ildən Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəznində olan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təşəbüssü ilə Taksi fəaliyyəti üçün Bakıya gətirilən “London Cab TX4” markalı, **-TH-*** dövlət qeydiyyat markalı avtomobili idarə edir. Onun idarə etdiyi avtomobilə görə bu günkü günə kimi dövlətə 55.000 manat vergi ödəmişdir və bu günkü gündə də həmin avtomibili idarə etdiyindən vergi ödəməyə də davam edir. Belə ki, Ü.Hacıbəyov küçəsi Port Bakunun qarşısında müştərinin gəlməsini gözlədiyi vaxt 02.06.2020-ci il tarixində BNA1480234 qeydiyyatla “dayanma-durma”-nin pozulması cəriməsi qeydə almışdır. Həmin vaxt onunla bərabər **-AP-*** seriyalı yaş asvalt rəngində “Hunday Santafe” markalı avtomobildə dayanıb öz sahibini gözləyirmiş, həmin zaman o, BNA-nın əməkdaşına qanunun hamı üçün barabər olduğunu qeyd edərək etirazını bildirmiş və bu barədə şikayət edəcəyimi demiş, onlar da məcbur olaraq həmin avtomobilidə çəkdilər. Amma həmin nömrə ağ rəngli 2006-cı il model olan “Mitsubishi Pajero”-ya məxsus olduğundan və qeyri-qanuni olaraq “Hunday Santafe” markalı avtomobildə istifadə olunduğundan cəriməni qeydiyyata ala bilmədilər. Onun şikayət etməməsi üçün onada cərimə yazılmayacağını söyləmişlər. Xeyli müddət keçdikdən sonra həmin cərimə sistemə qeydiyyata alınmışdır. Bu barədə dəfələrlə şikayyət etsə də şikayətinə bu günki günə kimi baxılmamışdır. Hal-hazırda Rabitə Nazirliyinin tərkibində qeydiyyatda olan **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir, həmin avtomobilin texniki baxış müddəti bitdiyindən kameralar vasitəsi ilə aşkara çıxarılmış və BNA əməkdaşı vasitəsi ilə onun sürücülük vəsiqəsinə qeydiyyata alınmışdır. Texniki səhv olsa hardasa anlamaq olar. Lakin belə hallar dəfələrlə təkrarlandığından qeydə alınan protokoldan DYP əməkdaşının cibinə gələn 25% gəlirin tamahından başqa bir şey deyildir. Etdikləri səhvlərin qarşısında hətta Şaxta baba kimi hədiyyə göndərməyi belə unutmayıblar. Buna sübut olaraq BNA1480234 nomrəli 02.06 2020-ci il tarixdə, saat 14.56.34-də Bakı şəhəri, Ü.Hacibəyli 74 ünvanında daha dəqiq “PORT BAKU BAZARİNİN” qarşısında qeydə alınmış protokolun 02.06.2021-ci il tarixdə, saat 14.56.34də sistemə qeydiyyata alınmasını sübut kimi təqdim edə bilər. Bu İnzibati xətalar Məcəlləsinin 6-cı fəslinin, 38-ci maddəsi ilə nizamlanır. Orada ilk maddədə yazılır: Maddə

38. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol-hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən gcci bir il keçənədək verilə bilər. Bundan fərqli olaraq idarə etdiyi avtomobil onun özünə yox dövlətə daha dəqiq Rabitə Nazirliyinin balansında olan "xxxx" MMC-yə məxsusdur. Belə olduğu halda əgər avtomobil şəhər kameraları vasitəsi ilə qanun pozuntusuna görə qeydiyyata alınırsa həmin qanun pozuntusu yeni qərara əsasən 1 gün ərzində sistəmə yerləşdirilməli və bu barədə avtomobilin məxsus olduğu quruma məktubla bildiriş göııdərilməlidir. Məktubu qəbul edən qurum avtomobil barəsində və həmin vaxtı idarə hüququ kimə verilibsə (yəni yol vərəqəsi) həmin şəxs barəsində olan məlumatları aidiyyatı olaraq BNA-na göndərməlidir.( əgər qurum BNA-nin bildirişinə 30 iş günü ərzində cavab verməzsə 200 manat məbləğində BNA tərəfindən cərimə olunur.) BNA bildirişi aldıqdan sonra məlumatları sistəmə yerləşdirir və xəta törədildiyi zaman sükan arxasında olan vətəndaşa bildiriş göndərir. Həmin bildirişi alan vətəndaş 10 gün ərzində öncə aidiyyatı üzrə BNA daha sonra isə, BNA cavabından razı qalmadığı halda məhkəmə orqanlarına şikayət etmək hüququna malikdir. 2015-ci ildən Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəznində olan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təşəbüssü ilə taksi fəaliyyəti üçün Bakıya gətirilən “London Cab TX4” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. İdarə etdiyi avtomobilə görə bu günkü günə kimi dövlətə 55.000 manat vergi ödəmiş və bu günkü gündə də həmin avtomibili idarə etdiyindən vergi ödəməyə də davam edir. Bu günkü gündə realıqla qeyd etsə Azərbaycan yollarında hərəkətdə olan avtomobillərin 90%-i taksi fəaliyyəti ilə məşğul olur. Amma bunun müqabilində həmin sürücülərin çoxu vergidən yayınırlar. Yuxarıda qeyd etdiyi məbləğdə vergi ödəyərək və dövlət əmlakına lazımi qaydada qulluq edərək istifadə etməsinə baxmayaraq bu günkü gündə BNA cameraları sayəsində cərimə tədbiq olunur. Əgər sürücü qacıb gizlənibsə və sürücünü tapmaq qeyri-mümkündürsə bu halda qanun pozuntusu haqqında tədbir İXM-nin 38.5-ci maddəsi ilə nizamlanır. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan iki il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Burdan da aydın oldu ki, məktubun evə gəlməsi deyil, vətəndaşın qaçıb gizlənməsi təsdiqlənərsə, 2 illlik işin axımı dayandırılır. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Hər şey açıq-aydın yazılıb. Həmin Məcəllənin 122.1-ci maddəsində göstərildiyi kimi qayda pozuntusu xüsusi foto və video qeydiyyat vasitəsi ilə aşkara çıxanlıbsa, o 1 gün ərzində elektron kabinetə yerləşdirilməlidir. Qərarın və ya qərarsız fərq etməz. Lakin bu bilavasitə YPX əməkdaşı tərəfindən aşkara çıxarılmağa aid deyil. Bu yalnız kameraya düşməyə aiddir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1. 329.2, 330, 346.3 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bütün proses bu cür getməlidir. Bundan ayrı heç bir əlavə iş tələb edilmir. Həmin Məcəllənin 125.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Barəsində bu Məcəllənin 122.1-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən protokolla razılaşmadığı hallarda səlahiyyətli orqana vəsatətlə müraciət edə bilər. Vəsatət inzibati xəta haqqında protokol barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi vaxtdan 10 gün müddətində şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Vəsatət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını vəsatətdə göstərə bilər. Vəsatətdə göstərilən məlumatlar təsdiq olunarsa, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs haqqında olan iş üzrə icraata xitam verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 125.8ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilinəsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz. BNA əməkdaşı qanun pozuntusunu kamera qeydə alıb sistemə ötürdüyü zaman yəni 02.06.2020-ci il tarix, saat 14.56.34-də qeydə almamış və qeyd etdiyi vaxtdan bir il müddət keçdikdən sonra, yəni 08.05.2021-ci il tarixdə, saat 11.27.32-də qeydə alaraq sistemə yerləşdirmiş və sistemdə avtomobil sonuncu olaraq yol vərəqəsi ilə onun adına idarə huququ verildiyindən həmin qayda pozuntusunu da bir başa onun sürücülük vəsiqəsinin məlumatları üzrə qeydə alınmışdır. Beləliklə, hesab edir ki, İXM-nin 53.0 maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2.-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, X3 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin nəzərə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən X3 İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Göstərilənləri nəzərə alaraq, kamera vasitəsi ilə 02.06.2020-ci il tarixdə, saat 14:56:34-də qeydə alınmış BNA1480234 saylı protokola BNA tərəfindən çıxarılmış 08.05.2021-ci il tarixli, saat 11.27.32 tarixli səhv tərtib edilmiş protokolun qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, şikayətinə rəsmi cavab verilmədən ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğinin xitamı barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi S.M.İbrahimov ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, “Port Baku”-nun yanında dayanıb müştəri gözləyən vaxt Bakı Nəqliyyat Agentliyinin əməkdaşları “dayanma-durma” qaydasını pozduğuna görə onun şəklini çəkmişdir. Həmin vaxt onun maşınından başqa, orada “Hyundai Azera” markalı maşında dayanmış, həmin maşının üzərində lipa nömrəsi olmuşdur. Belə ki, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları onu sistemə vura bilmədiklərinə görə ona da cərimə yazmayacaqlarını bildirmişlər. Daha sonra onun barəsində “dayanma-durma” qaydasını pozması səbəbindən protokol tərtib olunduğunu məlum olmuşdur. Belə ki, üstündən bir il keçəndən sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, şikayətinin təmin edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş etmişdir. Bundan başqa, şikayətçi S.M.İbrahimov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin yolda taksi nişanı mövcuddur və həmin nişanın üstünə 10 metr məsafə göstərir. Bundan başqa, həmin yolun 1/3 hissəsi taksi sürücülərinə aiddir. Orada maşınların harada saxlanmasına və hər hansı yol hərəkəti qaydalarını pozmamasına nəzarət edən şəxslər durur. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinə lazımi qaydada məlumat verilsə də (07 avqust 2021-ci il tarixli reyestr ilə), Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri haqqında məhkəməyə məlumat verməmiş və ondan məhkəmə baxışının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin 08 may 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, S.M.İbrahimov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin Web portalından çıxarışdan görünür ki, 02 iyun 2020-ci il tarixdə, saat 14:56-da ünvan 2 ünvanında “London Taxi TX4” minik markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yanaşı “Hyundai Azera” markalı avtomobil dayanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, şikayətçi S.M.İbrahimov 02 iyun 2020-ci il tarixdə, saat 14:56-da ünvan 2 ünvanında müştərisini gözləyərkən idarə etdiyi “London Taxi TX4” minik markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, dayanma-durma nişanını pozmasına görə BNA-nın əməkdaşları tərəfindən onun avtomobilini saxlamasını təsdiq edilməsindən ötrü şəkli çəkilmişdir. Bununla razılaşmayan S.M.İbrahimov onun idarə etdiyi avtomobildən başqa həmin ünvanda başqa avtomobilin olduğunu BNA əməkdaşlarına bildirmiş, sonuncular həmin avtomobilə cərimə yaza bilmədiklərinə görə ona da cərimə yazmayacaqlarını bildirmişlər. Lakin daha sonra, yəni 01 (bir) ildən sonra həmin hadisə ilə bağlı onun barəsində 08.05.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, həmin qərarın qəbul edilməsi barədə ona heç bir məlumat verilməmiş, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun izahatı alınmamış və onun həmin qərara dair qeydlərinin verilməsi ilə bağlı hüquqları izah olunmamışdır. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Bakı Nəqliyyat Agentliyində aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, məhkəmə iclasında iştirak edən şikayətçi S.M.İbrahimovun izahatından, şikayət ərizəsinə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan və foto-şəkildən göründüyü kimi, S.M.İbrahimov 02 iyun 2020-ci il tarixdə Üzeyir Hacıbəyli küçəsi 74 ünvanında idarə etdiyi “London Taxi TX4” minik markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanma-durma qaydasını pozmaqla saxlamış, buna görə də barəsində Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında ona Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsində göstərilən hüquqlarını və vəzifələrini izah etmədən barəsində 11 (on bir) ay keçdikdən sonra inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi inzibati xəta hadisəsi 02 iyun 2020ci il tarixdə törədilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar qanunvericiliklə müəyyən edilmiş müddət ərzində deyil, 11 (on bir) ay keçdikdən sonra qəbul edilmişdir. Həmçinin onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ya qəbul edilmişdir. Qanunverciliyə əsasən inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məhkəmə qeyd edir ki, belə olan halda S.M.İbrahimov tərəfindən “dayanma-durma” yol hərəkəti qaydası pozulsa da, qanunvericiliklə müəyyən edilmiş tənbeh vermə müddəti keçdiyindən onun əməlində inzibati xəta hadisəsi nəzərdə tutula bilməz. İndiki halda isə S.M.İbrahimova istinad edilən inzibati xəta hadisəsini törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, S.M.İbrahimovun təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Qeyd edilən səbəbdən də, məhkəmə hesab edir ki, hazırki iş üzrə dayanma-durma yol hərəkəti qaydasını pozmasına görə S.M.İbrahimova istinad edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud deyildir, ona görə də, onun şikayəti təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin 08 may 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və S.M.İbrahimovun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respulbikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən X3 işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar X3 işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən X3 işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda X3 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi S.M.İbrahimova istinad edilən inzibati xəta hadisəsi mövcud olmadığından onun şikayəti təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin 08 may 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və S.M.İbrahimovun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X1 şikayəti təmin olunsun. Bakı şəhəri Bakı Nəqliyyat Agentliyinin 08 may 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X1 barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar