Məhkəmə qərarları › İş №3(006)-2057/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2057/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2057/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı – X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Neftçala rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nəsimi RPİ-in 21-ci PB-də tərtib olunmuş iş materialları baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin 21-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı – X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X1 velosipedini S.Rüstəm küçəsi 37A ünvanından oğurlamış, nəticədə, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Nəsimi RPİ-nin 21-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı – X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək göstərmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə müraciət edərək, «WOLT» şirkətində kuryer işlədiyini, xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində sifarişlə əlaqədar ünvan 2 ünvanın qarşısında saxlayaraq sifarişi vermək üçün yuxarı qalxdığını, düşərkən velosipedi saxladığı yerdə olmadığını görərək oğurlandığı barədə şikayət etmişdir, həmin şikayət əsasında araşdırma aparılmış və həmin velosipedin Şəxs tərəfindən oğurlanması faktı öz təsdiqini tapmış, 29 may 2024-cü il tarixdə Şəxs 21-ci PB-nə gətirilmiş, hadisə ilə bağlı bölmənin təhqiqatçısı Nicat Qasımzadə tərəfindən araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunmasına dair qərar qəbul olunmuş və Şəxs barəsində inzibati araşdırma aparılması üçün həmin qərarın icrası ona həvalə olunmuşdur. Şəxs barəsində inzibati araşdırma aparılarkən Şəxs törətdiyi əməli etiraf etmiş. xx.xx.2024-cü il tarxdə, saat 00:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi 37A ünvanından velosipedin onun tərəfindən oğurlandığını, həmin velosipedi Sabunçu rayonunda bazarda 100 manata, tanımadığı şəxsə satdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edə bilməyən zərər çəkmiş şəxs şikayətçi olduğunu bildirmişdir. Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati xəta törətməsinə dair protokol tərtib olunmuşdur. Nəticədə, inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi 37A ünvanının qarşısından keçərkən orada sahibsiz velosiped görmüş, həmin vaxt pula ehtiyacı olduğundan həmin velosipedi qoyulan yerdən götürmüş və səhəri günü velosipedi Sabunçu bazarına apararaq tanımadığı şəxsə 100 manata satmış, əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hal hazırda törətdiyi əməli etiraf edərək o, əməlindən peşmançılıq çəkdiyini və barəsində yüngül cəzanın tətbiq olunmasını xahiş etmişdir. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmiş, maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşmançılıq çəkməsini (İXM-in 32.1.1-ci maddəsi), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 23 (iyirmi üç) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «29» may 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar