Məhkəmə qərarları › İş №3(006)-2065/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2065/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2065/2021 23.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 iyul 2021-ci il tarixli, 00100-2378/20/1 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-117/2021 saylı, 19 yanvar 2021-ci il tarixli qərarı ilə 18 noyabr 2020-ci il tarixli, 00100-2378/20 saylı protokol və ona əlavə edilmiş sənədlər üzrə ”Aktiv Qrup” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilmiş, həmin qəraradan Bakı Baş Gömrük İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli Qərarı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-117/2021 saylı, 19 yanvar 2021-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 iyul 2021-ci il tarixli Qərardadına əsasən 18 noyabr 2020-ci il tarixli, 00100-2378/20 saylı protokol və ona əlavə edilmiş sənədlər Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə geri qaytarılmış, həmin orqan tərəfindən 23 iyul 2021-ci il tarixli, 00100- 2378/20/1 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 52K5004/52DG476 nömrəli nəqliyyat vasitəsi ilə 422723805, 422723806, 422723808, ********* və 42272400 saylı 29.09.2020-ci il tarixli invoyslarda sənədi ilə daxil olmuş yüklər **********7663 sorğu nömrəli 15.10.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-016/001-25/005818 saylı 03.11.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmişdir. X3 İdarəsinin rəyinə əsasən **********7663 sorğu nömrəli 15.10.2020-ci il tarixli gömrük bəyannaməsində Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 1460 azn, ƏDV üzrə 262.80 azn, elektron gömrük xidməti haqqı üzrə 30 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn təşkil edir. 2200-016/001-25/005818 saylı 03.11.2020-ci il tarixli laboratoriya rəyinə əsasən yaranmış 1758.20 manat əlavə ödəniş şirkət tərəfindən ödənmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin qanuni təmsilçisi E.R.Hüseynov izahatında bildirmişdir ki, 14 oktyabr 2020-ci il tarixində MMC-nin ünvanına 52K5004/52DG476 nömrəli nəqliyyat vasitəsi ilə 422723805, 422723806, 422723808, ********* və ********* saylı invoyslarla daxil olmuş yük **********7663 nömrəli sorğu nömrəsi ilə bəyan edilmişdir. Qeyd edir ki, gömrük bəyannaməsi daxil olmuş yol müşaiyət sənədləri, invoys və ixrac bəyannaməsi əsaında tətbiq olunmuşdur. Sözügedən gömrük bəyannaməsi, bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin araşdırılması və Xİ MN kodunun müəyyən edilməsi məqsədi ilə BBGİ tərəfindən X3 İdarəsinə göndərilmişdir. Həmin idarənin BBGİ-nə göndərdiyi 03.11.2020-ci il tarixli 2200-016/001 saylı qərarına əsasən gömrük rüsumu 1460 azn, ƏDV üzrə 262.8 azn, elektron gömrük xidməti haqqı üzrə 30 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.4 azn əlavə ödəniş etmələri təyin olunmuşdur. X3 İdarəsinin qərarı onları qane etməməsinə baxmayaraq təyin olunan məbləğ tərəflərindən tam ödənilmişdir. Şəxs MMC olaraq 12.11.2020-ci il tarixində gömrük rüsumu 1487.16 azn, ƏDV üzrə 267.68 azn, elektron gömrük xidməti haqqı üzrə 60.4 azn, elektron gömrük xidməti üzrə ƏDV 11.2 azn ödənilmiş və bununla da heç bir yayınma olmamışdır. Həmçinin ödənişlə bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Buna baxmayaraq BBGİ-si Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsinə əsasən protokol tərtib edilmiş və Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Əlavə təyin edilmiş məbləği tam ödədikləri və heç bir yayınmanın olmadığını nəzərə alaraq Şəxs MMC-nin barəsində başlanılmış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 12.11.2020-ci il tarixli qəbzlərin surətindən görünür ki, Şəxs MMC tərəfindən yaranmış gömrük borcu əlavə ödəniş kimi şirkət tərəfindən tam ödənilmişdir. Beləliklə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 23 iyul 2021-ci il tarixli, 00100-2378/20/1 saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən yaranmış gömrük borcu əlavə ödəniş kimi şirkət tərəfindən tam olaraq ödənilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 1460 azn, ƏDV üzrə 262,80 azn, elektron gömrük xidməti haqqı üzrə 30.00 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn 2200-016/001- 25/005845 saylı 03.11.2020-ci il tarixli laboratoriya rəyinə əsasən yaranmış 1823,02 manat əlavə ödəniş şirkət tərəfindən ödənildiyi və MMC-nin gömrük ödənişlərinin ödənilməsindən yayınmadığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi (tərkibi) yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən 505-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 271.1.1-ci maddəsinə əsasən borclu şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan edilməsi nəticəsində borcunu ödəyə bilməməsi halları ilə yanaşı, gömrük borcu aşağıdakı üsullardan hər hansı birinin tətbiqi vasitəsilə də ləğv edilir: 271.1.1. gömrük borcunun tam məbləğdə ödənilməsi; 271.1.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda şəxsin gömrük borcunu ödəməkdən azad edilməsi; 271.1.3. idxal və ya ixrac gömrük rüsumları və vergiləri ödənilməli olan malların qanunla nəzərdə tutulmuş hallarda və qaydada müsadirəsi; 271.1.4. idxal və ya ixrac gömrük rüsumları və vergilər ödənilməli olan malların gömrük nəzarəti altında məhvi, yaxud şəxsin onlardan dövlətin xeyrinə imtina etməsi; 271.1.5. malların fors-major hallar nəticəsində bərpaedilməz şəkildə itirilməsi və ya məhv olması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 505.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar