Məhkəmə qərarları › İş №3(006)-2066/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2066/2021

09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2066/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5 qızının katibliyi, Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 iyul 2021-ci il tarixli, 00100-2379/21 (EP № 0000270) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli, 3(006)-116/2021 saylı qərarı ilə (Hakim E.M.Hüseynov) Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Bakı Baş Gömrük İdarəsinin rəisi X3 tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 3(103)-954/2021 saylı qərarı ilə (Hakim İ.M.Murquzov) Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Nəsimi Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 3(006)-116/2021 saylı qərardadı ilə (Hakim B.Ə.Pənahov) Şəxs MMC-nin barəsində Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi üzrə tərtib olunmuş 17.11.2020-ci il tarixli, 00100-2379/20 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 52K5004/52DG476 nömrəli nəqliyyat vasitəsi ilə ********* saylı 25.09.2020-ci il tarixli və 95500093, 95500106, 95500109 saylı 24.09.2020-ci il tarixli invoyslarda sənədi ilə daxil olmuş yüklər **********7536 sorğu nömrəli 15.10.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-016/001-25/005845 saylı 05.11.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmişdir. X4 İdarəsinin rəyinə əsasən **********7536 sorğu nömrəli 15.10.2020-ci il tarixli gömrük bəyannaməsində Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 3.500 azn, ƏDV üzrə 630 azn, elektron gömrük xidməti haqqı üzrə 30 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn təşkil edir. Araşdırma məqsədilə Şəxs MMC-nin nümayəndəsi Elbrus Kələntərov izahat verərək Almaniyadan 52K5004/52DG476 nəqliyyat vasitəsilə Şəxs MMC-nin ünvanına daxil olmuş yüklər göndərən şirkətin təqdim etdiyi sənədlər əsasında Bakı Baş Gömrük İdarəsində **********7536 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş və X2 İdarəsinin rəyinə əsasən yaranmış 3.459,42 manat idxal gömrük rüsumu və 622.69 manat ƏDV üzrə ödənişi 12 noyabr 2020-ci il tarixdə həyata keçirdiyinə dair sənəd təqdim etmişdir. İzahatda göstərilən halın dəqiqləşdirilməsi məqsədilə tərəflərindən Şəxs MMC tərəfindən ödənilməli olan və ödənilmiş gömrük ödənişlərinin dəqiq məbləği barədə məlumat verilməsi üçün Gömrük Prosedurları və Ödənişləri Şöbəsinə müraciət edilmiş və həmin müraciətə cavab olaraq 3459.42 manat idxal gömrük rüsumu və 622.69 manat ƏDV olmaqla ümumilikdə 4082.11 manat təşkil etdiyi göstərilmişdir. 2200-016/001-25/005845 saylı 05.11.2020-ci il tarixli laboratoriya rəyinə əsasən yaranmış 4082.11 manat əlavə ödəniş şirkət tərəfindən 12 noyabr 2020-ci il tarixdə Şəxs MMC barəsində İXM-nin 505-ci maddəsi ilə icraat başlanıldıqdan sonra ödənilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin qanuni təmsilçisi E.R.Hüseynov izahatında bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli qərarı ilə Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilmiş, daha sonra həmin qərardan gömrük orqanı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli qərarı ləğv edilərək araşdırılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bundan sonra yenidən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilsə də Nəsimi Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadı ilə protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib edilmədiyinə görə gömrük orqanına geri qaytarılmışdır. Belə ki, MMC heç bir gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmamış və ona hesablanmış bütün gömrük ödənişlərini etmişdir. Həmin ödənişləri təsdiq edəcək qəbzlərdə iş materiallarına əlavə edilmişdir. Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 3.500 azn, ƏDV üzrə 630 azn, elektron gömrük xidməti haqqı üzrə 30 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn, ümumilikdə 4082.11 manat 12 noyabr 2020-ci il tarixdə ödənilmiş, ödənişin olunmasından 5 gün sonra, 17 noyabr 2020-ci il tarixdə MMC barəsində protokol tərtib edilmişdir. Göstərilənləri, Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsinin olmasını nəzərə alaraq MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 12 noyabr 2020-ci il tarixli qəbzlərin surətindən görünür ki, Şəxs MMC tərəfindən yaranmış gömrük borcu 4082.11 manat əlavə ödəniş şirkət tərəfindən tam ödənilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarından görünür ki, Bakı Baş Gömrük İdarəsinin rəisi K.Ə.Məmmədov tərəfindən apelyasiya şikayəti qismən təmin edilmiş və Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ödənilməli olan 2045.42 (iki min qırx beş) manat 42 (qırx iki) qəpik məbləğində gömrük ödənişlərinin məbləğinin 100% (yüz faiz) məbləğində, yəni 2045.42 (iki min qırx beş) manat 42 (qırx iki) qəpik məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qərarından görünür ki, Şəxs MMC-nin direktoru tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 3(002)-603/2020 saylı qərarı ləğv edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru E.R.Hüseynov tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, iş üzrə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ödənilməli olan 772.90 mant gömrük ödənişi məbləğinin 70 faizi – 541.03 (beş yüz qırx bir manat üç qəpik) məbləğində cərimə edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmiş, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətdiyindən və inzibati xəta nəticəsində vurulmuş ziyan tamamilə ödədiyindən inzibati məsuliyyətdən azad edilmişdir. Beləliklə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş dair 23 iyul 2021-ci il tarixli, 00100-2379/21 (EP № 0000270) saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən yaranmış gömrük borcu şirkət tərəfindən tam ödənilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarındanda göründüyü kimi Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Bakı Apelyasiya Məhkəməsinin qərarları ilə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 3.500 azn, ƏDV üzrə 630 azn, elektron gömrük xidməti haqqı üzrə 30 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn, ümumilikdə 4082.11 manat 12 noyabr 2020-ci il tarixdə şirkət tərəfindən tam ödənildiyi, MMC tərəfindən inzibati xəta hadisəsinin ilk dəfə törədildiyini və MMC-nin gömrük ödənişlərinin ödənilməsindən yayınmadığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən 505-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Gömrük Məcəlləsinin 271.1.1-ci maddəsinə əsasən borclu şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan edilməsi nəticəsində borcunu ödəyə bilməməsi halları ilə yanaşı, gömrük borcu aşağıdakı üsullardan hər hansı birinin tətbiqi vasitəsilə də ləğv edilir: 271.1.1. gömrük borcunun tam məbləğdə ödənilməsi; 271.1.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda şəxsin gömrük borcunu ödəməkdən azad edilməsi; 271.1.3. idxal və ya ixrac gömrük rüsumları və vergiləri ödənilməli olan malların qanunla nəzərdə tutulmuş hallarda və qaydada müsadirəsi; 271.1.4. idxal və ya ixrac gömrük rüsumları və vergilər ödənilməli olan malların gömrük nəzarəti altında məhvi, yaxud şəxsin onlardan dövlətin xeyrinə imtina etməsi; 271.1.5. malların fors-major hallar nəticəsində bərpaedilməz şəkildə itirilməsi və ya məhv olması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar