Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2067/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 22 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 80000.00 ABŞ dolları məbləğində vəsaiti 20 aprel 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 14341,60 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 21 aprel 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə zidd olaraq, prosesual qaydalar pozularaq, tərtib edilmişdir. Belə ki. həmin maddənin 100.1.7-ci bəndində inzibatı xəta törətmiş hüquqi şəxsin izahatının alınması nəzərdə tutulduğu halda, bizə məsələ ilə bağlı heç bir məlumat verilməmişdir və izahatımız alınmamışdır. Həmin maddənin 100.2, 100.3 və 100.4. bəndləri kobud surətdə pozulmuşdur. Belə ki, məcəllədə nəzərdə tutulmuş hüquq və vəzifələr izah edilməmiş, protokolun surəti bizə təqdim edilməmiş və tərəfimizdən imzalanmamışdır. Məsələ üzrə barəmizdə inzibati xəta haqqında protokolun tərtib olunması və icraatın başlanması yalnız məhkəmə iclasında xx.xx.2024-cü il tarixində onlara məlum olmuşdur. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən 14341.6 ABŞ Dolları məbləğində vəsait qısa bir müddətdə geri qayıtmışdır. Belə ki, BULUT İHTİYAC MADDELERİ GİDA TEKS. MAK SAN VE TİC LTD STİ şirkətində 14341.6 ABŞ Dolları vəsaitdən əlavə 115000 ABŞ Dolları məbləğində vəsait avans olaraq mövcud olmuşdur. Cəmi 129341.6 ABŞ Dolları BULUT İHTİYAC MADDELERİ GİDA TEKS. MAK SAN VE TİC LTD STİ şirkətinə köçürülən pulun müqabilində gətiriləcək malların Azərbaycan Respublikasında emal olunması və sonradan Rusiya federasiyasına ixracı üçün nəzərdə tutulmuşdur, lakin Rusiya ilə Ukrayna arasında başlayan silahlı münaqişədən sonra, Azərbaycan Respublikasından, Nazirlər Kabinetinin Qərarı ilə, müəyyən qida məhsullarını ixracına məhdudiyyət qoyulmuşdur. Bunu nəzərə alaraq və avans vəsaitin bağlanması məqsədi ilə BULUT İHTİYAC MADDELERİ GİDA TEKS. MAK SAN VE TİC LTD STİ şirkəti ilə 07 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə razılaşma imzalanmışdır. Razılaşmaya əsasən Rusiya Federasiyasının PRAVVKUS LTD şirkətinə istehsalçısı SETARE SAHAND KAVİR ROSHAN şirkəti olan balıq məhsulu göndərilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda əlavə razılaşma imzalandığı tarixə, PRAVVKUS LTD şirkətinin BRANDBOX MMC-də 128300 ABŞ dolları məbləğində avans olaraq köçürülmüş vəsaiti mövcud olmuşdur. xx.xx.2022-ci il tarixdə BULUT İHTİYAC MADDELERİ GİDA TEKS. MAK SAN VE TİC LTD STİ şirkəti ilə razılaşmaya əsasən PRAVKUS LTD şirkətinə 128257,48 ABŞ Dolları məbləğində balıq BRANDBOX MMC-nin tapşırığı ilə göndərilmişdir. Beləliklə, şirkət tərəfindən avans olaraq köçürülmüş məbləğ tam olaraq bərpa olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 vəsatətin məzmununa uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan "xxxx" ASC-nin KB-83/2-183/2024 nömrəli, 02 may 2024-cü il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərlməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC göstərilmişdir. İş materiallarında olan 20 aprel 2022-ci il tarixli köçürmə barədə sənəddən görünür ki, Şəxs MMC 80000.00 ABŞ dolları məbləğində vəsaitin ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC 20 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 80000.00 ABŞ dolları məbləğində vəsaiti köçürmüş, lakin qalıq 14341,60 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmişdir. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 14341,60 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 2868,32 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2067/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2067/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver