Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2068/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 22 may 2024-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 32000,00 ABŞ dolları məbləğində vəsaiti 27 aprel 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 32000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 28 aprel 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili X2 protokola etiraz edərək bildirmişdir ki, 27 aprel 2022-ci il tarixdə Şəxs MMC tərəfindən 32000,00 ABŞ dolları məbləğində vəsait xidmətlərin göstərilməsi məqsədilə xaricə köçürülmüş və həmin vəsait hesabına xidmət göstərilmişdir, bu fakt tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli xidmətlərin göstərilməsi üzrə akt ilə öz təsdiqini tapır. Belə ki, həmin akt üzrə ümumilikdə 64000,00 ABŞ dolları məbləğində xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 30 aprel 2024-cü il tarixli məktubundan görünür ki, siyahıda qeyd olunan müştərilər vəsaitini "xxxx" ASC-də olan bank hesablarından müvafiq rekvizitlər üzrə köçürmüşdür. “Azərbaycan Republikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına əsasən malların idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödənilmiş vəsaitin geri göndərilmədiyi nəzərə alınmaqla, qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər əlavə edilməklə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən 32000,00 ABŞ dolları məbləğində vəsait “A.S.M. X4. İml. Ve İnş. San. Tic. LTD. ŞTİ.” bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Şəxs MMC və “A.S.M. X4. İml. Ve İnş. San. Tic. LTD. ŞTİ.” Şirkəti arasında imzalanmış xx.xx.2022-ci il tarixli xidmətlərinin göstərilməsi üzrə aktdan görünür ki, göstərilmiş xidmətlərin dəyəri 64000,00 ABŞ dollarıdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən 27 aprel 2022-ci il tarixdə xaricə köçürülmüş 32000,00 ABŞ dolları məbləğində vəsait hesabına xidmətin göstərilməsi təqdim edilmiş akt ilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2068/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2068/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver