Məhkəmə qərarları › İş №3(006)-2071/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2071/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2071/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası DİN NBPİ-nin Dəmir yolu NPİ-nin Biləcəri st. XPS-nin İctimai təhlükəsizlik qrupu YYÇ işləri üzrə inspektoru, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 06 avqust 1994-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN NBPİ-nin Dəmir yolu NPİ-nin Biləcəri st. XPS-nin İctimai təhlükəsizlik qrupu YYÇ işləri üzrə inspektoru, polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı dəmiryolu vağzalında ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN NBPİ-nin Dəmir yolu NPİ-nin Biləcəri st. XPS-nin İctimai təhlükəsizlik qrupu YYÇ işləri üzrə inspektoru, polis mayoru X4 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində DYNPİ-nin SQM üzrə PPXB-nin polis nəfəri polis serjantı Emin Həsənov Bakı dəmiryolu vağzalının giriş turniketlərində xidmətdə olan zaman qatar bələdçisi ona yaxınlaşaraq bir nəfər qadının naməlum şəxs tərəfindən narahat edildiyini və ona kömək lazım olduğunu bildirmişdir. O, post yoldaşı Rəşid Osmanovla birlikdə həmin yerə yaxınlaşmış, xanımı narahat edən adı sonradan məlum olan Şəxs qaçmağa cəhd göstərərkən onlar tərəfindən saxlanılaraq polis idarəsinə dəvət olunmuş, lakin Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra həmin şəxs polis əməkdaşlarının köməyi ilə fiziki güc tətbiq olunmaqla DYNPİ-nə gətirilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə evi Biləcəri qəsəbəsində olduğu üçün Bakı dəmiryolu vağzalına gələrək elektrik qatarını platformada gözləyərkən əvvəllər tanıdığı Bilallı Cəmilə turniketdən keçərək platformaya yaxınaşmışdır. Bu zaman Cəmilə getmiş və aralarına təxminən 3 metr qalmış polis əməkdaşı ona yaxınlaşaraq barəsində şikayət olduğunu və onunla polis idarəsinə getməyi təklif etmişdir. O da hansı əsasla onunla getməli olduğunu və hansı qanun pozuntusuna yol verdiyini soruşmuşdur. Polis əməkdaşı isə israrla onunla getməli olduğunu bildirmişdir. O, heç bir qanun pozuntusuna yol vermədiyini bildirib ərazini tərk etmək istəyərkən polis əməkdaşı ona zor tətbiq edərək onu tutmağa çalışmışdır. O, yenə də heç bir qanun pozuntusuna yol vermədiyini və onu buraxmasını demişdir. Daha sonra həmin polis əməkdaşı digər əməkdaşları çağıraraq onu polis idarəsinə aparmışlar. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, köhnə işçiləri Xalid işdən çıxdıqdan sonra təxminən 15 gün olar ki, iş saatı bitdikdən sonra evə gedərkən onu izləyir, yolunu kəsir, hətta evə çatana kimi onun arxasınca izləməni davam etdirir. Onun qarşısını kəsən zaman ona bir yerdə olmalarını istəmiş, lakin o, Xalidə rədd cavabı verməsinə baxmayaraq ondan əl çəkməmiş və əməllərinə davam etmişdir. Bundan sonra həyat təhlükəsi hiss etdiyi üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş NBPİ-nin DYNPİ-nin sərnişin qatarlarının müşayiəti üzrə PPX bölüyünün polis nəfəri polis serjantı X7 izahatında göstərmişdir ki, Bakı dəmiryolu vağzalının giriş turniketlərində xidmətdə olan zaman bir nəfər qatar bələdçisi ona yaxınlaşaraq bir nəfər qadına kömək lazım olduğunu və naməlum şəxs tərəfindən narahat edildiyini bildirmişdir. O, post yoldaşı Rəşid Osmanovla birlikdə həmin yerə yaxınlaşarkən xanımı narahat edən adı sonradan məlum olan Şəxs qaçmağa cəhd göstərərkən onlar tərəfindən saxlanılaraq polis idarəsinə dəvət olunmuş, lakin Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra həmin şəxs polis əməkdaşlarının köməyi ilə fiziki güc tətbiq olunmaqla DYNPİ-nə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş NBPİ-nin DYNPİ-nin sərnişin qatarlarının müşayiəti üzrə PPX bölüyünün polis nəfəri polis serjantı X3 şahid X7 ilə eyni məzmunlu izahat vermişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, Əliyev X5 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulan həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 29 may 2024-cü il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar