Məhkəmə qərarları › İş №3(006)-2072/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2072/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2072/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1, Qərarı qəbul etmiş orqanın nümayəndəsi X3 iştirakları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edərək göstərmişdir ki, o, 2020-ci ilin iyul ayı üzrə pensiyasını çıxarmaq məqsədilə bankomata yaxınlaşan zaman pensiyası üzərinə məhdudiyyətin qoyulmasını öyrənmişdir. Bununla əlaqədar aidiyyəti quruma müraciət edəndən sonra ona məlum olmuşdur ki, bu məhdudiyyət Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsində icraatda olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı icra sənədi üzrə ondan 600 manat məbləğində cərimənin tutulmasına görə tətbiq edilmişdir. Məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin müdiri tərəfindən qəbul edilmiş qərara görə Məmmədli kəndində onun mülkiyyətində olan 0,0506 ha torpaq sahəsində tikinti işləri apararaq onun münbit qatını korladığına görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi üzrə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Qeyd edir ki, Məmmədli kəndi ərazisində yerləşən sözügedən torpaq sahəsi xx xxxxxxxx 2017-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Bu torpaq kənd təsərrüfatı təyinatlı olsa da, onun üzərində ailə üzvlərinin istirahət etməsi üçün inşa edilmiş qurğular, tikintilər bu torpağın üst qatının korlanması kimi qiymətləndirilə bilməz. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək izahatında göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisində yerləşən Məmmədli kəndində olan 0,0506 ha torpaq sahəsi onun mülkiyyətində olsa da, orada tikinti işləri gəlini tərəfindən həyata keçirilmişdir. Buna görə isə o, cərimə edilməməlidir. Özü pensiyaçıdır, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı qərarla bağlı pensiyasının ala bilmir. Göstərilənləri nəzərə alaraq həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərarı qəbul etmiş orqanın nümayəndəsi X5 izahatında bildirdi ki, X4 mülkiyyətində olan Sabunçu rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,0506 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaşayış evi inşa edərək onun münbit qatını korlamışdır. Buna görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2ci maddəsi üzrə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Şikayət əsassəz olduğundan onun rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Sabunçu rayonunun inzibati ərazisində yerləşən Məmmədli kəndində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,0506 ha torpaq sahəsində tikinti işləri apararaq onun münbit qatını korladığına görə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi üzrə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına məxsus 0,0506 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə məsuliyyət müəyyən edir. Beləliklə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X1 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri aparması və torpağın münbit qatını korlaması göstərilərək o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi üzrə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Şikayət vermiş şəxs barəsində qəbul edilmiş qərarın əsassız olduğunu qeyd etsə də, buna dair dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda onun əməlində İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində düzgün olaraq həmin maddə üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar