Məhkəmə qərarları › İş №3(006)-2074/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2074/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2074/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızının iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu Əliyeva (Əsədullayeva) X5 Rayon Məhkəməsinin 2(006)-1263/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbi icra etməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X2 izahat verərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1263/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızından 104.457 (bir yüz dörd min dörd yüz əlli yeddi) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla 104.487 (bir yüz dörd min dörd yüz səksən yeddi) manat məbləğində pul alınaraq X3 ödənilməlidir. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin borclu icra şöbəsi tərəfindən ona göndərilmiş bildirişlərə və edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən icra sənədinin icrasını tam təmin etmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Bu vaxta kimi borclu borcundan heç ödəniş etməmişdir. Qeyd olunanlara əsasən Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızının inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızı bildirmişdir ki, o, icra sənədlərinin icrasından yayınmır, sadəcə olaraq pulu birdəfəlik ödəməyə maddi imkanı olmamışdır. Ona bir qədər müddət verilərsə, borcunu hissə-hissə ödəyə biləcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar X4 bildimişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızından cəmi 104.487 (bir yüz dörd min dörd yüz səksən yeddi) manat məbləğində pul alınaraq ona ödənilməlidir. Lakin borclu 2 ildən çoxdur ki, borcunu ödəmir. Dəfələrlə razılıq əldə etməyə çalışsa da, heç bir nəticəsi olmamışdır. Borcun hissə-hissə ödənilməsi də ağlabatan məsələ deyil. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-1263/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızından 104.457 (bir yüz dörd min dörd yüz əlli yeddi) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla 104.487 (bir yüz dörd min dörd yüz səksən yeddi) manat məbləğində pul alınaraq X3 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1263/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə birlikdə borclu Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızına göndərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərardan, eyni tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən və Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızının izahatlarından görünür ki, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızı verdiyi izahatlarında maddi imkanı olmadığından ödəniş edə bilmədiyini bildirmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 3(006)-3602/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, icra sənədi üzrə tələb borclu tərəfindən hazırki tarixədək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızı icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Nəsimi Rayon Məhkəməsinin 2(006)-1263/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızı məhkəmə qərarında göstərildiyi qaydada üzərinə düşən öhdəliyi icra etməmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızının Dövlət adından çıxarılmış məhkəmə qərarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızı tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əliyeva (Əsədullayeva) Nuranə Arzu qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar