Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2087/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 iştirakları ilə, xx.xx.1972-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Qaradağlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 33 ünvanında yerləşən Mehriban Qasımovanın satıcı işlədiyi “Unix” mağazasında 200 manat dəyərində qol saatını oğurluq yolu ilə ələ keçirmişdir. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi ev 22, mənzil 18-də yaşayan vətəndaş X4 şikayət ərizəsi ilə Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinə müraciət edərək bildirmişdir ki, 2021-ci ilin oktyabr ayından Bakı şəhəri, Azadlıq prospektində yerləşən “Unix” mağazasının qızıl şöbəsində satıcı işləyir. xx.xx.2022-ci il tarixdə saat 19:12 radələrində mağazada olan zaman bir nəfər kişinin yaxınlaşaraq gümüş boyunbağı almaq istədiyini bildirmiş və ona bu səbəbdən arxa hissədə olan rəflərdən gümüş boyunbağı götürüb ona göstərmiş, o baha olduğunu bildirərək, digər gümüşlərə də baxmaq istədiyini bildirmiş, M.Qasımova yenidən arxa hissədə olan rəfə tərəf dönərək digər bir ədəd gümüşü götürüb geriyə dönüb ona təklif etmiş, bu dəfə isə həmin şəxs bayırda tanışının olduğunu, onunla məsləhətləşib biriki dəqiqəyə geri dönəcəyini bildirmiş, lakin geri qayıtmamışdır. Həmin şəxs getdikdən sonra digər rəfdə olan dəyəri 200 manat olan saatın həmin şəxs tərəfindən başının qarışmasından istifadə edərək oğurlandığını aşkar etmişdir. Müraciət xx.xx.2022-ci il tarixdə raport əsasında qeydiyyata alınmış və təhqiqatçının icraatına verilmişdir. Araşdırma aparıldıqdan sonra əməldə cinayət tərkibi olmadığı üçün təhqiqatçı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və material üzrə əməli törətmiş şəxs və ya şəxslərin yaxalanaraq barələrində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbirinin görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti icra edilməsi üçün Nəsimi RPİnin 22-ci PŞ-yə həvalə edilmişdir. Bundan sonra, aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, şəxs əməlini etiraf etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron sanatoriyası, 6-cı korpusda yaşayır. xx.xx.2022-ci il tarixdə saat 19:12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 33 ünvanında yerləşən “Unix” mağazasına saat almaq adı ilə daxil olmuş və satıcının başının qarışıq olmasından istifadə edərək, piştaxtanın üzərində olan saatı götürərək oradan uzaqlaşıb getmişdir. Həmin saatı Nizami rayonunda yerləşən “Kolxoz” bazarında tanımadığı şəxsə 30 manata satmışdır. Oğurluğu maddi imkanı olmadığından etmiş, əldə etdiyi pula isə xəstə bacısına bazarlıq etmişdir. İzahatının sonunda törətdiyi əməldən peşman olduğunu, vaxt verilərsə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəyini bildirərək, məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 verdiyi izahatında göstərmişdir ki, o, 2021ci ilin oktyabr ayından Bakı şəhəri, Azadlıq prospektində yerləşən “Unix” mağazasının qızıl şöbəsində satıcı işləyir. xx.xx.2022-ci il tarixdə saat 19:12 radələrində mağazada olan zaman bir nəfər kişinin yaxınlaşaraq gümüş boyunbağı almaq istədiyini bildirmiş və o da arxa hissədə olan rəflərdən gümüş boyunbağını götürüb həmin şəxsə göstərmiş, həmin şəxs də baha olduğunu bildirərək, digər gümüşlərə də baxmaq istədiyini bildirmişdir. Bundan sonra o, yenidən arxa hissədə olan rəfə tərəf dönərək digər bir ədəd gümüşü götürüb geriyə dönüb ona təklif etmiş, bu dəfə isə həmin şəxs bayırda tanışının olduğunu, onunla məsləhətləşib bir-iki dəqiqəyə geri dönəcəyini bildirmiş, lakin geri qayıtmamışdır. Həmin şəxs getdikdən sonra digər rəfdə olan dəyəri 200 manat olan saatın həmin şəxs tərəfindən başının qarışmasından istifadə edərək oğurlandığını aşkar etmişdir. Bundan sonra polisə müraciət etmiş, mağazanın daxilində olan kameradan oğurluq edən şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Hal-hazırda ona dəymiş ziyan Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 iyun 2022-ci il tarixdə, saat 22.00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı X6 tərəfindən araşdırma aparılaraq, hadisəni törətmiş şəxs(lər)in əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, həmçinin hadisəni törətmiş şəxs(lər)in tapılaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış materiallar Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 09 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 09 iyun 2022-ci il tarixdən, saat 22:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2087/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2087/2022
10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver