Məhkəmə qərarları › İş №3(006)-2090/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2090/2020

01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2090/2020 01.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin polis mayoru Vüqar Azadəliyevin iştirakları ilə Şəxs barəsində Nəsimi Rayon Polis idarəsi 22-ci Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi Rayon Polis idarəsi 22-ci Polis şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza 35 ünvanında xx.xx.2020-ci il tarixdə, saat 00:10 radələrində “Amin” kabab evinin qarşısında stol-stul və manqal qoyulduğu, piyadaların gediş-gəlişinə mane olduğu faktı aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin polis mayoru Vüqar Azadəliyev verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza 35 ünvanında xx.xx.2020-ci il tarixdə, saat 00:10 radələrində “Amin” kabab evinin qarşısında Şəxs tərəfindən stol-stul və manqal qoyulduğunu, piyadaların gediş-gəlişinə mane olduğunu aşkar etmişdir. Obyekti işlədən Şəxs dəfələrlə xəbərdarlıq etməsinə və xx.xx.2020-ci il tarixdə İXM-nin 454-cü maddəsi ilə barəsində protokol tərtib edilməsinə baxmayaraq o, yenidən xx.xx.2020-ci il tarixdə öz əməllərini təkrar edərək, küçə alveri ilə məşğul olmuşdur. Ona dəfələrlə irad bildirilməsinə baxmayaraq, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, onun barəsində qanuni tədbir görülməsi məhkəmədən xahiş edilir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, qeyd edilən obyekt ona məxsus deyil, qohumunun işlətdiyini arada-bir ora vaxtının boş olması səbəbindən gəldiyini bildirmişdir. O, kafedə oturarkən qəflətən polis onu bölməyə aparıb, halbuki onun heç bir təqsiri və ya polisin qanuni tələblərinə tabe olmaması kimi hallar mövcud olmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş materiallardan Bakı şəhəri, Nəsimi rayonu, R.Rza 35 ünvanında yerləşən obyektin Şəxs məxsus olması müəyyən edilmir. Məhkəmədə tərəflərin izahatlarından qeyd olunan obyektin ona məxsus olmadığı məlum olunmuşdur. Beləliklə, Şəxs polisin hər hansı qanuni tələbinə tabe olmaması faktı öz təsdiqini tapmadığından iş üzrə inzibati xətanın tərkibi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar