Məhkəmə qərarları › İş №3(006)-2098/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2098/2021

10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2098/2021 10.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 10 avqust 2021-ci il tarixdə, saat 10:55 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə M.Əliyev küçəsinin kəsişməsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru X3 verdiyi izahatında bildirdi ki, 10 avqust 2021-ci il tarixdə, saat 10:55 radələrində yol patrul xidməti əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə M.Əliyev küçəsinin kəsişməsində avtomobilindəki səs gurluğuna görə saxlanılmış Şəxs avtomobilindəki səs gurluğunun ölçülməsi üçün Bakı şəhər DYPİ-nə aparılmasına çalışsalar da, sonuncu polis əməkdaşlarının tələbini yerinə yetirməkdən imtina etmiş, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs post-patrul xidməti əməkdaşlarının köməkliyi ilə polis bölməsinə gətirilmiş və tərəfindən Şəxs barəsində inzibati xəta haqqında prorokol tərtib olunaraq aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə M.Əliyev küçəsinin kəsişməsində ona məxsus **-NX-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olan zaman DYP əməkdaşlarının “saxla” əmri ilə dayandırılmış, bundan sonra DYP əməkdaşı ona yaxınlaşaraq səs boğucu sistemdə əlavə avadanlığın quraşdırıldığını və sənədləri təqdim etməyini bildirmişdir. O, da öz növbəsində sənədləri təqdim edib əlavə avadanlığın avtomobilin texniki pasportunda qeyd olunduğunu bildirmişdir. Lakin DYP əməkdaşı maşının texniki baxış və səs boğucunun qanuna uyğunluğunun yoxlanılması üçün Bakı şəhər DYPİ-nə aparılmasının zəruri olduğu bildirilmişdir. O, isə protokol yazıldıqdan sonra avtomobilin ora aparılmasına razılıq vermişdir. DYP əməkdaşı isə maşın dayanacağa təmin olunduqdan sonra protokolun yazılacağını bildirmişdir. O, bu qərarla razılaşmadığına görə polis şöbəsinə dəvət olunmuşdur. Onun polis əməkdaşlarına qarşı müqavimət göstərmək və onların qanuni tələblərinə əməl etməmək niyyəti olmamış, sadəcə olaraq avtomobilin qanunauyğunluğunun yoxlanılması üçün müvafiq sənədləşmənin aparılmasını tələb etmişdir. İzahatının sonunda heç bir təqsirinin olmamasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX alayının Müşayiət-eskort bölüyü yol-patrul xidməti inspektoru X2 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 10 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə M.Əliyev küçəsinin kəsişməsində avtomobilindəki səs gurluğuna görə Şəxs saxlanılmış, onun sənədlərinə baxıldıqdan sonra avtomobilindəki səs gurluğunun ölçülməsi üçün Bakı şəhər DYPİ-nə aparılmasının zəruri olduğu bildirilmişdir. Lakin Şəxs bununla razılaşmayaraq polsin qanuni tələbini yerinə yetirməkdən imtina etmişdir. Daha sonra post-patrul xidməti əməkdaşları hadisə yerinə gələrək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi polis şöbəsinə aparmışlar. Bundan sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru X8 oğlu tərəfindən tərtib edilmiş 10.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar