Məhkəmə qərarları › İş №3(006)-2100/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2100/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2100/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında protokolu 19-cu polis şöbəsinin sahə rəisi tərtib etmiş şəxs: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1986-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 29, mənzil 28-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 13.06.2022-ci i tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 27.05.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 260 manat dəyərində “Redmi” markalı mobil telefonu zəng etmək adı ilə sonuncudan alaraq danışa-danışa hadisə yerindən uzaqlaşıb telefonu ələ keçirməklə dələduzluq etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə rəisi X3 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 27.05.2022-ci il tarixdə, təxminən saat 08:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 34 saylı binanın qarşısında olarkən tanımadığı şəxs danışmaq adı ilə ondan “Redmi” markalı telefonu alaraq danışa-danışa oradan uzaqlaşaraq gedərək telefonu ələ keçirmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs 260 manat ziyan dəymişdir. Əməldə cinayət tərkibi olmadığından 13.06.2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Daha sonra dələduzluq edən şəxsin tüfeyli həyat tərzi keçirən, narkotik vasitə istifadəçisi olan, əvvəllər də talama cinayətləri törətmiş və məhkum olunmuş Şəxs olduğu müəyyən edilmişdir. Onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 27.05.2022-ci il tarixdə, təxminən saat 08:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 34 saylı binanın qarşısında olarkən tanımadığı şəxs ona yaxınlaşaraq danışmaq adı ilə ona məxsus “Redmi” markalı telefonu istəmişdir. O da telefonu ona verib özü su almaq üçün mağazaya girmiş və qayıtdıqda həmin şəxsin artıq orada olmadığını görmüşdür. Ona məxsus telefonun qiyməti 260 manat idi. Ona vurulmuş zərər ödənilməmiş, Şəxs şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək izahatında göstərdi ki, narkotik vasitə istifadəçisidir, daimi yaşayış yeri yoxdur. 27.05.2022-ci il tarixdə, təxminən saat 08:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 34 saylı binanın qarşısında olarkən danışmaq adı ilə Zərərçəkmiş şəxs məxsus “Redmi” markalı telefonu ondan alaraq danışa-danışa oradan uzaqlaşaraq getmişdir. Daha sonra həmin telefonu tanımadığı şəxsə 130 manata satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Dəymiş zərəri ödəmək imkanı yoxdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən olan çıxarışa əsasən Şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində bir neçə dəfə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini səciyələndirən halları, əmlak vəziyyətini və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12.06.2022-ci il tarixdə, saat 05:00-da tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 12.06.2022-ci il tarixdə, saat 05:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar