Məhkəmə qərarları › İş №3(006)-2100/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2100/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2100/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları, ev 137; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (00100-00983/23) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP ******* (00100-00983/23) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları, ev 137 ünvanında qeydiyyatda Şəxs MMC-nin adına Türkiyə Respublikasından 53AAZ277/53AAE604 nömrəli yük nəqliyyat vasitəsilə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********2996 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallara Şəxs MMC-nin Bakı şəhəri, Abşeron rayonu, Məhəmmədi anbarı 31001 ünvanında yerləşən anbarında xx.xx.2023-cü il tarixdə baxış keçirilən zaman malların yığıldığı anbara gömrük orqanı tərəfindən vurulmuş AA953272 seriya nömrəli gömrük təminatı olan stikerin olmadığı aşkar edilmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 34/015/010432 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postu tərəfindən ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********2996 saylı xx.xx.2023-ci il tarixli GB ilə AA953272, seriya və nömrəli stickerlə sorğu nömrəli gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin hal-hazırda Şəxs MMC-nin Bakı şəhəri, Abşeron rayonu Məhəmmədi anbarı (31001) anbarında olu-olmadığı, malların istifadə vəziyyəti, yerinin dəyişdirilib-dəyişdirilmədiyinin və malların müvəqqəti saxlanc qaydalarına uyğun saxlanılıb-saxlanılmadığının müəyyən olunması məqsədilə 34/024/008865 saylı Raport daxil olmuşdur. Raportun icrası ilə əlaqədar olaraq Mobil gömrük şöbəsinin əməkdaşları Şəxs MMC-nin Bakı şəhəri ,Abşeron rayonu Məhəmmədi anbarı (31001) anbarında olan yüklərinə baxış zamanı xx.xx.2023-ci il tarixli, **********2996 sorğu nömrəli gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin gömrük təminatının pozulduğu , yüklərin anbarda olduğu müəyyən edilmişdir. İş materiallarında olan Dövlət Gömrük Xidmətinin X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC ünvanına Gürcüstandan idxal edilmiş malların daşındığı 99VG135/99ZH105 nömrəli yük nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2023-cü il saat 23:54-də daxil olmuş, lakin 99VG135/99ZH105 nömrəli yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən mallara dair elektron qaydada qısa idxal bəyannaməsinin verilmədiyi məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə əsasən Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-yə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar