Məhkəmə qərarları › İş №3(006)-2103/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2103/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2103/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayət vermiş şəxs: X3 iştirakları ilə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 16 aprel 2023-cü il tarixli, EQ 14004209 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X6 barəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 16 aprel 2023-cü il tarixli, EQ 14004209 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, bu qərarla razı deyil, qərar tamamilə əsassızdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Mercedes- Benz Viano” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 9cu kilometrinin 3-cü cərgəsi ilə hərəkətdə olarkən yol ötürücü körpü üzərində yerləşən “Xırdalan dairəsi” adlanan dairəvi hərəkət yoluna çıxmaq üçün yolun 2-ci cərgəsinə keçmişdir. Maksimal sürət həddi 90 km/saat olan Bakı-Quba yolunun həmin hərəkət hissəsinin sözügedən kilometrində 06 hərəkət zolağı mövcuddur. Yolun bu hissəsində hərəkət zolaqlarının ilk ikisi Bakı-Quba yolundan “Xırdalan dairəsi” adlanan yol ötürücü körpünün üzərinə çıxmağa xidmət edir. Qeyd edilən şərtlər altında o, nəqliyyatın ümumi axım sürətini nəzərə alaraq və “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsini V bəndi ilə müəyyən edilmiş manevr etmə qaydalarını rəhbər tutaraq yolun 2-ci cərgəsində hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verib 3-cü cərgədən 2-ci cərgəyə keçmişdir. Bu yerdəyişməni nəqliyyat axınının ayrıldığı yerdə istiqamətləndirici adacığı göstərən Qanunun 5 saylı əlavəsinin 1.16.1-ci bəndi ilə təsdiqlənmiş üfüqi nişanlanma xəttini heç bir istiqamətdən kəsmədən başa çatdırmışdır. O, hərəkət zolağını dəyişərkən üfüqi nişanlanma xəttini heç bir istiqamətdən kəsməmişdir. Bu işdə olan foto görüntülərdə öz əksini tapmışdır. Lakin, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə inzibati tənbeh tətbiq etmə haqqında EQ 14004209 saylı elektron qərar qəbul edilmişdir. Bunun səbəbi isə yalnız Baş Dövlət Yol Polis İdarəsinin eyni istiqamətli yolda qanuni qüvvəsi olmayan, Qanunun 5 saylı əlavəsinin 1.1-ci bəndi ilə təsdiqlənmiş üfüqi nişanlanma xəttini kəsməyinə istinad etməsində görür. Üfiqi nişanlanma xətti nə eyni istiqamətli hərəkət zolaqlarını ayırmır, nə də nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdə istiqamətləndirici adacıqları göstərmir. Eyni zamanda Qanunda və onun 5 saylı əlavəsində təsbit edilən, nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdə istiqamətləndirici adacıqları göstərən “1.16.1” nişanlanma xəttinin təsir zonası “1.1” üfiqi nişanlanma xətti vasitəsi ilə uzadıldığı və ya uzadıla biləcəyi barədə heç bir norma mövcud deyildir. Bu halda isə “1.1” üfiqi nişanlanma xəttinin müstəqil istifadəsinin qanuni qüvvəsi mövcud olmadığı kimi, onun tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı heç bir yol nişanı da mövcud deyildir. Şikayətə əlavə edilmiş şəkillərdən sözügedən yolda əvvəllər qanunvericiliyin tələblərinə uyğun olaraq “1.5” üfiqi nişanlanma xəttinin istifadə edildiyini, daha sonra istifadə edilən nişanlanma xəttinin qırıq xətlərinin birləşdirilərək (birləşmə hissələrinin boyası daha solğundur) bütöv xətt olan “1.1” üfiqi nişanlanma xəttinə çevrildiyini görmək olar. Əgər “1.1” üfiqi nişanlanma xətti sözügedən eyni istiqamətli yolun həmin hissəsində nəqliyyat axınının ayrıldığı istiqamətləndirici adacığı göstərə bilirsə, həmin nişanla eyni anda “1.16.1” nişanlanma xəttindən niyə istifadə edilmişdir. Yolun həmin hissəsində yol nişanmalasının bu cür təşkil edilməsinin yeganə səbəbi isə yol nişanları arasında uyğunsuzluğun yaradılmasıdır. Qanunvericiliyin tələblərinə əsasən eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Qeyd olunanları nəzərə alaraq 16 aprel 2023-cü il tarixli, EQ 14004209 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmədə şikayət vermiş X6 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzər görülmüş tədbirlərə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 16 aprel 2023-cü il tarixli, EQ 14004209 saylı inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddəsi); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə tam riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 16 aprel 2023-cü il tarixli, EQ 14004209 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 16 aprel 2023-cü il tarixli, EQ 14004209 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar