Məhkəmə qərarları › İş №3(006)-211/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-211/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-211/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi üzrə tərtib olunmuş 29.11.2021-ci il tarixli, EP ******* (00100-1954/21) inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Protokola görə Şəxs MMC **********2403 sorğu nömrəli 21.09.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 1.492 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli, 3(006)-211/2022 saylı qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ödənilməli olan 1.492 manat gömrük ödənişlərinin 80%-i məbləğində - 1.193,60 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, 3(103)-592/2022 saylı qərarı ilə rayon məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarında göstərilir ki, gömrük orqanı tərəfindən iş üzrə ekspertiza keçirilən zaman ciddi pozuntulara yol verilmiş, ilkin ekspertizada iştirak edən ekspert “Gömrük ekspertizasının aparılması” Qaydaları”nın tələblərinə zidd olaraq təkrar ekspertiza zamanı yenidən rəy vermişdir. Bundan əlavə, "xxxx" MMC və "xxxx" MMC-nin əməkdaşları Şəxs MMC-nin ünvanına daxil olan “Kautek” markalı yükə baxış üçün müstəqil ekspert kimi dəvət olunub izahatlarında gördükləri stabilizatorun rezininin, vtulkanın, mühərrik yastığının, ötürücü qutunun yastığının və amortizator yastığının nəqliyyat vasitələrinin asma sistemi hissələrinə aid olmasını bildirsələr də, təkrar ekspertiza təyin olunan zaman rəy vermiş ekspert tərəfindən bu halların nəzərə alınmaması göstərilmişdir. Məhkəməyə təqdim olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, materiallar natamam olmaqla işə baxılarkən onları tamamlamaq mümkün olmadığı və aşağıdakı kobud prosessual pozuntulara yol verildiyi üçün inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, işdə olan: “ X2 İdarəsinin 28.09.2021-ci il tarixli ilkin və kompleks ekspertiza rəyindən görünür ki, bu rəyi ekspertlər X4 və X1 vermişlər; “ Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin böyük təhqiqatçısı C.Orucov tərəfindən 08.10.2021-ci il tarixdə qəbul edilmiş qərardadla Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır; “ Şəxs MMC-nin nümayəndəsinin vəsatəti əsasında inzibati araşdırma üzrə təkrar ekspertiza təyin edilmiş və onun aparılması X2 İdarəsinə həvalə olunmuşdur; “ 24.11.2021-ci il tarixdə iş üzrə təkrar ekspertiza ilə bağlı X2 İdarəsinin eksperti X4 tərəfindən rəy verilmişdir. Göründüyü kimi, həm ilkin, həm də təkrar eskpertiza haqqında rəyin tərtibində eyni şəxs - X2 İdarəsinin eksperti X4 iştirak etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”nın 8.1.3-cü bəndinə əsasən təkrar ekspertiza - ekspert rəyinin əsaslandırılmadığı və ya onun düzgünlüyünə gömrük orqanlarında şübhə yarandığı hallarda, yaxud bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin şikayəti əsasında, keçirilməsi başqa ekspertə tapşırılmaqla aparılan ekspertizadır. Əvvəlki ekspertizanı aparmış ekspert təkrar ekspertizada iştirak edə və izahlar verə bilər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən iştirak edə bilməz. Bundan əlavə, sonuncu ekspert rəyi ilə bağlı Şəxs MMC-nin nümayəndəsi razı olmamış, “Gömrük ekspertizasının aparılması Qaydaları”nın tələblərinin pozulmasını, eyni zamanda yükə baxış zamanı Bakı Baş Gömrük İdarəsinin dəvəti ilə iştirak etmiş mütəxəssislərin fikirlərinin tədqiqat zamanı nəzərə alınmadığı bildirmiş, bu səbəbdən də iş üzrə təkrar ekspertiza keçirilərək onun aparılmasının başqa ekspertə həvalə olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatət və etirazlar vermək hüququ vardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Qeyd olunan Məcəllənin 82.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 82.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlər üçün hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) onun baxdığı inzibati xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxsin, fiziki şəxsin müdafiəçisinin və ya qanuni nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin, prokurorun, zərər çəkmiş şəxsin və ya onun nümayəndəsinin vəsatəti ilə ekspertiza təyin edə bilər. Həmin şəxslərin vəsatəti rədd edildikdə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Lakin iş materiallarında inzibati araşdırmanı aparan təhqiqatçı tərəfindən bu vəsatətə münasibətin bildirilməsinə və bununla bağlı müvafiq qərarın qəbul edilməsinə rast gəlinmir. Bununla da yuxarıda göstərilən bütün hallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiə hüququnun kobud pozulması kimi qəbul edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, iş üzrə ilkin ekspertiza keçirildikdən sonra Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin böyük təhqiqatçısı C.Orucov tərəfindən 08.10.2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 18-ci maddəsinə əsasən gömrük orqanları tərəfindən gömrük qaydaları əleyhinə olan inzibati xətalar üzrə icraatın aparılması, həmin işlərə baxılması və bu zaman yerinə yetirilən prosessual hərəkətlər, inzibati xətalar törətməyə görə tətbiq edilən inzibati tənbehin növləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Bu da ona dəlalət edir ki, hazırki iş üzrə inzibati araşdırma apararkən bütün prosessual hərəkətlər İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun həyəta keçirilməli, o cümlədən ekspertizanın təyini zamanı da “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əməl olunmalıdır. Həmin Qanuna görə məhkəmə ekspertizası Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətinə aid olan mülki, cinayət və digər işlər üzrə icraat zamanı həyata keçirilir. Bu Qanunun 1-ci maddəsinə əsasən məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır; məhkəmə ekspertizası idarəsi - məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanıdır. Qeyd olunan Qanunun 23-cü maddəsinin birinci hissəsinə görə məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.01.2000-ci il tarixli, 252 nömrəli Fərmanının 2.6-cı bəndinə görə həmin Qanunun 23-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini məhkəmətibb (məhkəmə-psixiatriya) ekspertizası sahəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, məhkəmə ekspertizasının digər sahələrində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, ilkin və əlavə məhkəmə-daktiloskopik, məhkəmə tibbi-genetik, məhkəmə partlayış-texniki və məhkəmə-ballistik ekspertizaları sahəsində isə həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Qanunvericiliyin sadalanan normalarından belə aydın olur ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə ekspertizaları aidiyyəti üzrə yalnız yuxarıda qeyd olunan icra hakimiyyəti orqanlarının məhkəmə ekspertizası idarələrində aparıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları” isə yalnız gömrük ekspertizasının təşkili və aparılması, habelə mallardan prob və nümunələrin götürülməsi, onlar barəsində sərəncam verilməsi qaydalarını müəyyən edir (1.1-ci bənd). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi üzrə tərtib olunmuş 29.11.2021-ci il tarixli, EP ******* (00100-1954/21) inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar