Məhkəmə qərarları › İş №3(006)-2111/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2111/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2111/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçi: X3 Qərarından şikayət verilən orqan: Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş 25 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X7 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 18 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 28 dekabr 2023-cü il tarixli, 3(006)-5591/2023 saylı qərarına əsasən şikayəti qismən təmin edilmiş, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş baxılması üçün həmin quruma göndərilmişdir. Lakin Bakı şəhər X11 İdarəsi tərəfindən təkrar araşdırma zamanı o, dəvət edilməmiş və iştirakı olmadan X4 tərəfindən yenidən onun təqsirli bilinməsinə dair 27 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. O bu qərardan da məhkəmə şikayət vermiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarı ilə həmin qərar da ləğv olunaraq iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə göndərilmişdir. Lakin Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən heç bir araşdırma aparılmadan yenidən onun təqsirli bilinməsinə dair 25 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X7 izahatında göstərdi ki, o, 09 dekabr 2023-cü il tarixdə saat 08:20 radələrində Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində “Honda Civic” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən polis əməkdaşının “SAXLA” əmrinə tabe olmuşdur. Söhbət zamanı saxlama səbəbi kimi inspektor təhlükəsizlik kəmərindən istifadə etmədiyini iddia etmişdir. O, inspektora təhlükəsizlik kəmərindən istifadə etdiyini bildirəndən sonra inspektor uydurma səbəblər axtarmaqla bir neçə qayda pozuntusu aşkar etdiyini dəfələrlə təkid etməyinə baxmayaraq, həmin qayda pozuntusunu protokollaşdırmaqdan imtina etmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə məhəl qoymayaraq onu qanunsuz olaraq nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırmağı qərara almışdır. Polis əməkdaşı xidməti səlahiyyətlərini aşaraq onun mülkiyyət hüququnu pozaraq heç bir razılığı olmadan avtomobilini evakuator vasitəsilə yanından naməlum istiqamətdə aparılmasına nail olmuşdur. Hadisədən 09 saat sonra elektron kabinetinə onun haqqında protokol tərtib olunmasına dair bildiriş daxil olmuşdur. Protokolda onun guya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 01 saylı Əlavəsinin 3-cü bəndini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, protokolla tanış olmamış və nüsxəsi ona təqdim olunmamışdır. Protokol onun iştirakı olmadan tərtib olunmuşdur. Bakı şəhər X12 İdarəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. O da bu qərardan məhkəməyə şikayət vermiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2023cü il tarixli qərarı ilə həmin qərar ləğv olunaraq iş yenidən obyektiv, hərtərəfli, tam araşdırılması üçün polis idarəsinə göndərilmişdir. Lakin buna baxmayaraq Bakı şəhər X11 İdarəsi araşdırma aparmadan, yalnız sənəd üzrə ləğv edilmiş inzibati qərarı heç bir sübut və dəlillərə əsaslanmadan yenidən köçürüb onun təqsirli olmasına dair TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. O bu qərardan da məhkəmə şikayət vermiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarı ilə həmin qərar da ləğv olunaraq iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə göndərilmişdir. Və bu dəfə də onun iştirakı təmin olunmadan və sübutlar təqdim olunmadan işə baxılaraq onun cərimə olunmasına dair 25 may 2024-cü il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. Göründüyü kimi, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən onun şikayətində göstərdiyi hallar araşdırılmır, süründürməçiliyə yol verilir, məhkəmə qərarlarında da hörmət edilmir. Protokolun tərtib olunmasına səbəb onun idarə etidiyi avtomobilin ön işıqlarının normativ tələblərə uyğun olmaması göstərilmişdir. Lakin onun idarə etidiyi avtomobilin ön işıqlarının tipi qanunvericiliyin tələblərinə uyğundur. Bununla bağlı avtomobilinin şəkillərini ilk dəfə məhkəməyə müraciət edən zaman şikayətinə əlavə etmişdir. Qanunvericiliyin tələblərinə əsasən sübutetmə yükü protokol tərtib edən orqanın üzərinə düşür. Onun idarə etdiyi avtomobilin faralarının normativ tələblərə uyğun olmamasına dair hər hansı bir müayinə və ya araşdırma aparılmadan protokol tərtib edilmişdir. Sonradan ona deyilmişdir ki, araşdırmanın aparılmamasına səbəb guya o, xətanı törətməsinə dair izahat yazıb. Halbuki, onu belə məzmunda izahat yazmağa polis əməkdaşı məcbur etdi, əks halda maşının verilməyəcəyini söyləmişdir. O da məcbur qalıb polis əməkdaşının diktə etdiyi məzmunda izahat yazdı ki, avtomobili duracaqdan götürə bilsin. Əgər onun avtomobilinin işığı normativ tələblərə uyğun deyildirsə, o zaman hansı əsasa görə maşın nasazlıq aradan qaldırılmadan ona qaytarılmışdır. Bu bir daha ona dəlalət edir ki, heç bir pozuntu mövcud deyil, sadəcə olaraq əsassız inzibati xəta haqqında protokol tərtib olunduğu üçün belə hərəkətə yol verilməklə polis əməkdaşının qanunsuz hərəkətləri ört-basdır olunur. Şikayətinin təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində idarə etdiyi “Honda Civic” markalı, **- VD-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılarkən müəyyən edilmişdir ki, maşının farasında quraşdırılmış lampada işığın səpələnməsi mövcuddur. Bu da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsinin İİİ hissəsində müəyyən edilmiş tələblərə ziddir. Eyni zamanda, şəxsin özü də yazdığı izahatında xətanı etiraf etmişdir. Bununla əlaqədar onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılmış və nəticədə A.X6 Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Şikayətin rədd olunmasını xahiş edir. İş materiallarında olan: • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 3(006)-5591/2023 saylı qərarına əsasən Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir; • Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 27 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara görə X1 Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 3(006)- 1361/2024 saylı qərarına əsasən Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 27 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Bakı şəhər X12 İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, habelə mövcud olan məhkəmə qərarında göstərilmiş işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək prosessual pozuntular aradan qaldırılmamışdır; • Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 25 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara görə X1 Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş 25 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, hazırki inizbati xəta ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən 11 dekabr 2023-cü il və 27 mart 2024-cü il tarixli inzibati tənbeh vermə barədə qərarlar X3 iştirakı olmadan və zəruri araşdırma aparılmadan qəbul edilmiş, bu səbəbdən də onlar müvafiq olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il və 16 aprel 2024-cü il tarixli qərarları ilə ləğv edilmiş və qanunvericiliyin tələblərinə əməl olunması üçün iş baxılması məqsədi ilə səlahiyyətli orqana göndərilmişdir. Lakin Bakı Şəhər X12 İdarəsi tərəfindən buna əhəmiyyət verilməmiş, barəsində icraat aparılan şəxsin iştirakı olmadan və qərarda şəxsin təqsirliyinə dair heç bir dəlillər göstərilmədən, “Honda Civic” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin xarici işıq cihazının tipi və iş rejiminin onun konstruksiyasının tələblərinə uyğun olub-olmaması, habelə işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadəsi müvafiq müayinələr nəticəsində müəyyən olunmadan 25 may 2024-cü il tarixdə yenidən əvvəlki ləğv edilmiş 27 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmunu ilə eynilik təşkil edən hazırki mübahisələndirilən qərar qəbul olunmuşdur. Bununla da prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Eyni zamanda Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndəsinin şikayətçinin törətdiyi xətanın etiraf etməsinə dair həmin orqanda vermiş olduğu izahatı ilə bağlı məhkəmə qeyd edir ki, prosessual qanunvericliyin tələbinə görə şəxsin hansısa əməlin törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); • Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); • İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı (106.0-cı maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Göründüyü kimi, qərarı qəbul etmiş qurum tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmadan, şikayət vermiş şəxsin törətdiyi xətaya dair mötəbər və təkzibedilməz dəlillər olmadan, əvvəlki məhkəmə qərarlarında göstərilən nöqsanlar aradan qaldırılmadan, bu şəxsin iş üzrə icraatın aparılmasında iştirakı təmin olunmadan və qəbul edilmiş qərarda şəxsin təqsirliyinə dair sübutetmə vəzifələri kobud şəkildə pozulmaqla əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş 25 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar