Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2114/2021 20.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 Qərarı qəbul etmiş qurum: Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 Şikayət vermiş şəxslər: X3 X4 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 05.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 və X7 tərəfindən qeyd olunan qərardan verilmiş şikayətə göstərilmişdir ki, S.Ağayeva Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Quliyevin 05.08.2021-ci il tarixli, MN ******* saylı qərarı ilə Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, ev 21, mənzil 19-da özbaşına yenidən qurulmasına görə İnzibati Xətalar Məcəlləsinin 393.3-cü maddəsi üzrə 500 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın məktubunda Nəsimi rayon prokurorluğu tərəfindən tərtib olunmuş İnzibati Xətalar Məcəlləsinin 393.3-cü maddəsi ilə iş üzrə icraatın başlanılması haqqında qərara istinad edilir, lakin həmin Məcəllənin 54-cü maddəsində prokurorun belə bir səlahiyyəti göstərilməmişdir. Həmçinin qərarda özbaşına yenidən qurulmanın nədən ibarət olduğu, xətanın törədildiyi, aşkarlandığı vaxt qeyd olunmamış, tənbeh İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş üç ay müddət keçdikdən sonra tətbiq edilmişdir. Bundan əlavə İnzibati Xətalar Məcəlləsi 1 mart 2016-cı ildən qüvvəyə minmiş, xətanın isə həmin vaxtdan əvvəl törədildiyi fərz edilərsə, həmin Məcəllənin 11.3-cü maddəsinə görə inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi olmadığından xəta ilə bağlı 393.3-cü maddənin tətbiqi yolverilməzdir. İnzibati Xətalar Məcəlləsinin 393.3-cü maddəsi yaşayış sahələrinin özbaşına yenidən qurulmasına və (və ya) yenidən planlaşdırılmasına görə məsuliyyət nəzərdə tutur. Qərarda isə tənbehin Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, ev 21, mənzil 19-da özbaşına yenidən qurulmasına görə tətbiq edildiyi göstərilir. Qanunvericlikdə yaşayış sahəsi qeyd olunsa da, qərarda mənzil nəzərdə tutulur ki, o da həm yaşayış, həm də qeyri-yaşayış sahələrindən ibarətdir. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 05.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli, 3(006)-2114/2021 saylı qərarı ilə X3 və X4 Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 05.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməyərək həmin qərar dəyişdirilmədən saxlanılsa da, Bakı Apellyasiya Məhkəməsinin 29.09.2021-ci il tarixli qərarı ilə rayon məhkəməsinin qərarı ləğv edilmiş, iş materialları yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmədə şikayət vermiş şəxs X3 şikayətdə qeyd olunanlardan əlavə olaraq göstərdi ki, o, heç bir xəta törətməmiş, özünü təqsirli bilmir. Belə ki, ona məxsus, ünvan 1 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci blokda olan 19 saylı mənzilin ümumi istifadədə olan dayaq kanalizasiya xəttinə onun tərəfindən heç bir qanunsuz müdaxilə olunmamışdır. Bundan əlavə, 2000-ci ildə baş vermiş zəlzələ nəticəsində həmin mənzilin mətbəx və vanna otagında olan tüstü bacaları uçmuş, tavan hissəsində 2 mm-lik ölçüdə çatlar əmələ gəlmiş, qazdan istifadə etmək mümkün olmamış və bununla bağlı Nəsimi rayonu 14 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi, mühəndisi və texniki tərəfindən 29.11.2000-ci il tarixli akt tərtib edilməklə bərpa işləri aparılmışdır. Şikayətin təmin olunmasını xahiş edir. Məhkəmədə şikayət vermiş digər şəxs X7 da şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 izahatında bildirdi ki, X1 məxsus Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, 21 saylı ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci blokunda olan mənzil 19-da ümumi istifadədə olan dayaq kanalizasiya xəttinə qanunsuz müdaxilə ilə diametri 110 mm-lik havalanıdrma borusu diametri 50 mm-lik boru ilə dəyişdirilməklə aşağı mərtəbədə yerləşən 17 saylı mənzildə kəskin qoxu əmələ gəlməsinə şərait yaratmışdır. Həmin mənzilin sakini Südabə Əliyevanın şikayəti əsasında "xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsi tərəfindən qeyd olunan ünvana dəfələrlə baxış keçirilmiş, əvvəlki vəziyyətin bərpasına imkan yaradılması üçün tədbirlər görülməsi barədə xəbərdarlıqlar olunsa da, buna məhəl qoyulmamışdır. S.Əliyevanın məsələ barəsində Nəsimi rayon prokurorluğuna müraciəti əsasında prokurorun 23.07.2021-ci il tarixli qərarı ilə Svetlana Ağayeva barəsində İnzibati Xətalar Məcəlləsinin 393.3-cü maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, həmin qərar aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Aparılmış araşdırma nəticəsində Nəsimi Rayon İcra Hakimiyyətinin 05.08.2021-ci il tarixli, MN ******* saylı qərarı ilə S.Ağayeva Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, ev 21, mənzil 19-da özbaşına yenidən qurulmasına görə İnzibati Xətalar Məcəlləsinin 393.3-cü maddəsi üzrə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Şikayətin rədd olunmasını xahiş edir. İş materiallarında olan: Nəsimi rayon prokuroru H.Hənifəyevin 23.07.2021-ci il tarixli qərarı ilə Svetlana Ağayeva barəsində İnzibati Xətalar Məcəlləsinin 393.3-cü maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, həmin qərar aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilmişdir; Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 05.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, ev 21, mənzil 19-da özbaşına yenidən qurulmasına görə İnzibati Xətalar Məcəlləsinin 393.3-cü maddəsi üzrə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir; Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən S.Ağayevanın da iştirakı ilə tərtib edilmiş 29.11.2000-ci il tarixli akta əsasən Nəsimi rayonu,Topçubaşov küçəsi, 21 saylı evin 19-cu mənzilində 25.11.2000-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində mətbəx və vanna otağında tüstü bacaları uçmuş, tavan hissəsində 2 mm-lik ölçüdə çatlar əmələ gəlmiş, qazdan istifadə etmək mümkün olmamışdır; "xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsinin 21.04.2021, EH-01/1-335 saylı məktubunda qeyd olunur ki, X1 məxsus, ünvan 1 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində olan 19 saylı mənzilin ümumi istifadədə olan dayaq kanalizasiya xəttinə qanunsuz müdaxilə edilərək d=110 mm-lik borunun diametri dəyişdirilmişdir. Dəyişdirilən boru beton qatın altında olduğu üçün diametrini müəyyən etmək mümkün olmamış, d=50 mm-lik olduğu qənaət edilir. Yaranmış vəziyyət nəticəsində borunun iş sistemi pozulmuş və aşağı mərtəbədə yerləşən mənzillərdə üfunət iyi və kəskin qoxunun əmələ gəlməsi sakinlərin narazılığına səbəb olmuşdur. Aşağı mərtəbədə yaşayan Südabə Əliyevanın şikayəti əsasında qeyd olunan mənzilə dəfələrlə əsaslı baxış keçirilmiş, oranı əvvəlki vəziyyətə gətirmək üçün daxilində santexnik işlərinin aparılmalı olduğu aşkar edilmişdir. Nazirlər Kabinetinin 21.12.2012-ci il tarixli, 345s nömrəli sərəncamına əsasən çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri "xxxx" ASC-nin balansına verilmiş, buna baxmayaraq mənzili sahibi tərəfindən edilmiş böyük ölçüdə konstruksiya dəyişikliyi ilə bağlı həmin qurumdan rəsmi icazə alınmamışdır. S.Ağayeva barəsində ciddi tədbir görülməsi xahiş olunur; Nəsimi rayonu 14 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi, mühəndisi və sahə nəzarətçisinin iştirakı ilə tərtib edilmiş 06.01.2021-ci il tarixli akta əsasən ünvan 1 evin 17-ci mənzilinin sakini Südabə Əliyevanın müraciəti əsasında həmin ünvana baxış keçirilmiş, müəyyən edilmişdir ki, yuxarı mərtəbədə yaşayan Svetlana Ağayeva illər əvvəl 19 saylı mənzilin sanitar qovşağındakı havalanıdrma borusunun diametrini dəyişdirib d=50 mm-lik boru ilə əvəz etdiyindən aşağı mərtəbədəki 17 saylı mənzildə kəskin qoxu yaranır. Tərəflərindən 19 saylı mənzilin sakininə üç dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir tədbir görülməmiş, bərpa işləri üçün şərait yaradılmamışdır; Bakı şəhəri Nəsimi Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin 15.04.2021-ci il tarixli, 06/15-327 saylı məktubunda qeyd olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, ev 21, mənzil 17-də yaşayan Südabə Əliyevanın aidiyyəti üzrə araşdırılması üşün daxil olmuş müraciəti əsasında Nəsimi rayonu 14 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisinin iştirakı ilə həmin mənzilə baxış keçirilib müvafiq akt tərtib olunmuş, baxış zamanı yuxarı mərtəbədəki 19 saylı mənzildə dayaq kanalizasiya xəttində təmir işləri aparılaraq d=110 mm-lik borunun d=50 mmlik boru ilə dəyişdirildiyi məlum olmuşdur. Təmir işlərindən sonra 17 saylı mənzilin sanitar qovşağında kəskin iy hiss olunmuş, 19 saylı mənzildə isə heç bir iy yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslərtərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-ü maddə); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı (106.0-cı maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, X1 məxsus Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, 21 saylı ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci blokunun 5-ci mərtəbəsində olan mənzil 19-da ümumi istifadədə olan dayaq kanalizasiya xəttinə qanunsuz müdaxilə ilə d=110 mm-lik havalanıdrma borusu d=50 mm-lik boru ilə dəyişdirilməklə aşağı mərtəbədə yerləşən 17 saylı mənzildə kəskin qoxu əmələ gəlməsinə şərait yaradılması barəsində həmin mənzilin sakini X9 Rayon Prokurorluğuna müraciət etmişdir. Bu müraciət əsasında Nəsimi rayon prokuroru H.Hənifəyevin 23.07.2021-ci il tarixli qərarı ilə Svetlana Ağayeva barəsində İnzibati Xətalar Məcəlləsinin 393.3-cü maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, bu qərar aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Rayon İcra Hakimiyyətinin 05.08.2021-ci il tarixli, MN ******* saylı qərarı ilə S.Ağayeva Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, ev 21, mənzil 19-da özbaşına yenidən qurulmasına görə İnzibati Xətalar Məcəlləsinin 393.3-cü maddəsi üzrə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Lakin buna baxmayaraq məhkəmə qərardan şikayət vermiş S.Ağayeva və Z.Ağayev heç bir xəta mövcud olmadığını, kanalizasiya xətlərinə onlar tərəfindən heç bir qanunsuz müdaxilə və ya konstruktiv dəyişiklik edilmədiyini, yaranmış qəzalı vəziyyətin illər əvvəl baş vermiş zəlzələ nəticəsində mənzilə dəymiş zərərdən və nəticədə həmin vaxt aparılmış bərpa işlərindən əmələ gəldiyini bildirmişlər. İşlə bağlı Bakı Apellyasiya Məhkəməsinin 29.09.2021-ci il tarixli qərarında qeyd olunan haqlı mövqeyə bir daha vurğulayaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat sözügedən mənzilin sanitar qovşağının havalanıdrma borusunun diametrlərinin dəqiq öçülərini, aşağı mərtəbələrdə yaranmış kəskin qoxunun S.Ağayevanın 19 saylı mənzilində etdiyi güman edilən hər hansı konstruktiv dəyişiklikdən irəli gəlib-gəlmədiyini sübut edən heç bir ekspertiza rəyi olmadan, sadəcə olaraq iş materiallarında olan Nəsimi rayonu 14 saylı Mənzil Kommunal İstismar Sahəsinin, "xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsinin, Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin mənzilə baxış keçirilməsinə dair tərtib olunmuş aktlarında qeyd olunan məlumatlara söykənərək aparılmışdır. Nəticədə işlə bağlı bütün hallar tam və hərtərəfli qaydada öyrənilməmiş, habelə S.Ağayevanın təqsirliliyinə dair şübhə doğurmayan dəlillər olmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 05.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 05.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2114/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2114/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver