Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2117/2023 24.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X1, şikayətçi X2 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 12:50-də yol polis inspektoru 20 Yanvar dairəsində ona protokol tərtib etmişdir. Belə ki, o, Həsən bəy Zərdabi küçəsi tərəfdən dairəyə yaxınlaşıb tıxacda dönərkən Şamaxinka istiqamətində hərəkət etmək istəyərkən polis inspektoru onu saxlamış, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbini pozduğunu bildirmiş və barəsində həmin maddə ilə protokol tərtib etmişdir. O, həmin vaxt polis əməkdaşına iradını bildirərək Həsən bəy Zərdabidən yaxınlaşanda əvvəldə 5.8.1 nişanının olmamasını və həmin nişanının olmaması səbəbindən bilmədiyini qeyd etmişdir. Bundan əlavə yerdə əmr edici nişanın ona sola dönməyə ixtiyar versə belə yerdəki nişanın olmamasından suiistifadə halı olaraq barəsində qanunsuz protokol tərtib edilmişdir. O, “Asan” sistemi vasitəsilə bu haldan şikayət etmiş və protokola qərarsızlıqdan qərar olaraq qeydə alınmışdır. Göstərilənləri nəzərə alaraq barəsində tərtib edilmiş protokol əsasında qəbul edilmiş Bakı Şəhər BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi R.İ.Nəsirli şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, yoldan keçən zaman yerdəki nişan pozulduğundan və yenilənmədiyindən həmin nişanı görməmişdir. Həmçinin hərəkət etdiyi yolun qarşısında da hansı xəttin hansı yola aid olmasına dair heç bir nişan yerləşdirilməmişdir. Həmin gün yolda tıxac olduğundan yerdəki xətlər görünməmişdir. Həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 5.8.1 nişanının görüntüsü olmalıdır. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi E.M.Qanbayev izahatında bildirmişdir ki, şikayətçi əvvəlcədən bilirdisə hansı tərəfə gedəcək, gedəcəyi istiqamətə uyğun yol seçməliydi, lakin sonuncu bunu etməmişdir. Buna görə də o, həm manevr keçmə qaydasını, həm də düz xətt tələblərini pozmuşdur. Həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinn 6-cı bəndinin 18-ci qrafasında qeyd edilmişdir ki, yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. Hal-hazırda isə hadisə ilə bağlı TŞ kameraları çəkiliş aparsada həmin videogörüntüləri təqdim edə bilmirlər. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, R.İ.Nəsirli xx.xx.2023-cü il tarixdə, saat 12:50-də ünvan 1 ünvanında “Nissan Sunny” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olan zaman Bakı şəhəri DYPİ-nin polis mayor E.T.Ələkbərov tərəfindən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cü maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-2117/2023 saylı qərardadından görünür ki, R.İ.Nəsirlinin vəsatəti təmin olunaraq inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, R.İ.Nəsirli tərəfindən Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət məhkəmə icraatına qəbul edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, R.İ.Nəsirli xx.xx.2023-cü il tarixdə, saat 12:50-də ünvan 1 ünvanında “Nissan Sunny” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və buna görə də barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək R.İ.Nəsirli 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında həmçinin verilmiş izahatlarla da müəyyən edilmişdir ki, R.İ.Nəsirli xx.xx.2023-cü il tarixdə avtomobili ilə Həsən bəy Zərdabi küçəsi tərəfdən dairəyə yaxınlaşan zaman çox tıxac olmuş, yerdə olan yol nişanları silindiyindən və çoxlu tıxac səbəbindən yol nişanlarını görməmişir, bu hal polis əməkdaşı tərəfindən nəzərə alınmamış və barəsində protokol tərtib edilmişdir. Bundan əlavə, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən baş vermiş inzibati xəta hadisəsi ilə bağlı heç bir videogörüntü məhkəməyə təqdim edilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, R.İ.Nəsirlinin barəsində Bakı Şəhər BPİ-nin DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmaqla inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhər BPİ-nin DYPİnin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2117/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2117/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver