Məhkəmə qərarları › İş №3(006)-2118/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2118/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2118/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 qanuni nümayəndəsi X3, Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhər BPİ-nin X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inizbati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ-nin X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, protokol və qərardan şikayətçidir. Bakı şəhəri DYPİ ona guya xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, A.Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində idarə etdiyi “TOYOTA TAND-CRJİSER-PRADO” markalı **-ML-*** dövlət nömrə nişanlı avtomobilini “X7” Azərbaycan Respublikasının 42-ci maddəsinin tələbinə riayət etməyib əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulmasına görə həmin ərazidə xidmət aparan YPX inspektoru tərəfindən qanunvericiliyə uyğun olaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında protokol və qərar tərtib edilmişdir. Bir gün sonra xx.xx.2023-cü tarixdə ASANPAY vasitəsi ilə şikayət etsə də onunla əlaqə saxlayan olmamış, videogörüntülərə də baxıb aydınlaşdırılmamış və xx.xx.2023-cü tarixdə email vasitəsi ilə 7/2-Q-19944/11, xx.xx.2023 tarixli məktubda protokol və qərarın düzgün olduğu və ona həmin qərardan narazılığı ilə əlaqədar məhkəməyə müraciət edə bilmə hüququnun olduğu bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. O, özünü həmin protokol və qərar üzrə təqsirli bilmir. Belə ki, o, maşını sürdüyü zaman orada sola dönmə manevrini yol kəsişməsində etmiş və “əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr elmə qaydalarının və “X7” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin tələbini pozmamışdır. Göstərilənləri nəzərə alaraq “X7” Azərbaycan Respublikasının Qanunun 42ci maddəsinin tələbini pozduğu üçün ona tətbiq edildiyi bildirilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Bakı şəhər BPİ-nin X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inizbati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi G.M.Qasımovanın qanuni nümayəndəsi N.M.Qasımov şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə arvadının barəsində protokol tərtib edilmişdir. Onlar həmin protokoldan məlumat aldıqdan dərhal sonra “Asanpay” vasitəsi ilə şikayət etmişlər. Həmin şikayətdən sonra onlara 02 ay ərzində məlumat verməmişlər. Bundan sonra o, özü polis idarəsinə yaxınlaşmış, ona şikayətlərinə baxılmış və qəbul edilmiş qərarın əsaslı olduğu bildirimişdir. Bundan başqa, o bildirmişdir ki, onlar İnqilab küçəsi ilə getmiş və Tbilisi prospektindən dönmək üçün sola dönərkən polis əməkdaşları onlara bir xətti tez keçdiklərini bildirmişlər. Həmçinin törədilmiş inzibati xəta hadisəsinin videogörüntüləridə onlara təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini və G.M.Qasımovanın barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər BPİ DYPİ-nin nümayəndəsi E.M.Qanbayev bildirmişdir ki, törədilmiş inzibati xəta hadisəsinin videogörüntülərini məhkəməyə təqdim edə bilmirlər. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığnı bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, G.M.Qasımova xx.xx.2023-cü il tarixdə, saat 08:50də Bakı şəhəri, A.Əliyev küçəsi Tbilisi prospekti istiqamətində idarə etdiyi “Toyota Land- Cruiser-Prado” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər BPİ DYPİ-nin şikayətçi G.M.Qasımovaya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, barəsində əsassız inzibati xəta haqqında protokol tərtib edilməsi barədə DİN BDYPİ-nin rəhbərliyinə ünvanladığınız müraciətə baxılmış və cavab olaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Toyota” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhərin A.Əliyev küçəsində hərəkətdə olarkən “X7” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etdiyinə görə həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən dayandırılaraq barəsində Azerbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol hərəkəti qaydasını pozması həmin ərazidə quraşdırılmış “Təhlükəsiz Şəhər” kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə baxış zamanı öz təsdiqini tapmışdır. Törətdiyi inzibati xətanın aşkar edilməsində və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, G.M.Qasımova xx.xx.2023-cü il tarixdə, saat 08:50-də Bakı şəhəri, A.Əliyev küçəsi Tbilisi prospekti istiqamətində idarə etdiyi “Toyota Land-Cruiser-Prado” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qayda pozuntusuna yol verməsinə görə barəsində xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu 60 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, G.M.Qasımovanın sorğusuna cavab olaraq Bakı Şəhər BPİ DYPİ onun şikayətinə baxıldığını və tərəfindən inzibati xəta hadisəsini törədilməsinin videogörüntülərlə təsdiq edilməsi bildirilmişdir. Lakin həmin videogörüntülər nə şikayətçiyə nə də məhkəmə iclasına təqdim edilməmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, G.M.Qasımovanın barəsində Bakı şəhər BPİ DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, G.M.Qasımovaya istinad edilən inzibati xəta hadisəsinin xüsusi texniki vasitənin köməyi ilə qeydə alınmış videogörüntüsü mövcuddur. G.M.Qasımovanın əməlində inzibati xəta hadisəsinin həqiqətən də mövcud olub-olmamasını birbaşa müəyyən etməyə imkan verən sübut növü olduğundan, məhkəmə tərəfindən Bakı Şəhər BPİ DYPİ-nə müraciət edilərək həmin hadisəni əks etdirən müvafiq videogörüntünün məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Lakin Bakı Şəhər BPİ DYPİ-nin nümayəndəsi tərəfindən sözügedən videogörüntü məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi inzibati xəta hadisəsinin mövcudluğu əks etdirən videogörüntülərini məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər BPİ-nin X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inizbati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər BPİ-nin X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inizbati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər BPİ DYPİ-nə göndərilməli və həmin qərar əsasında Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin Mərkəzi İnformasiya sistemində G.M.Qasımovanın barəsində yerləşdirilmiş inzibati cəriməyə dəbbə pulunun hesablanması şikayətin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən dayandırılmalıdır. Bundan əlavə Bakı şəhər BPİ-nin X9 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta hadisəsinin törədilmə anını əks etdirən videogörüntülərə baxış keçirilməli və həmin videogörüntülərə əsasən əmələ hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı şəhər BPİ-nin X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inizbati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinə göndərilsin. Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cəriməyə dəbbə pulunun hesablanması şikayətin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən dayandırılsın. Bakı şəhər BPİ-nin X9 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta hadisəsinin törədilmə anını əks etdirən videogörüntülərə baxış keçirilsin və həmin videogörüntülərə əsasən əmələ hüquqi qiymət verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar