Məhkəmə qərarları › İş №3(006)-2124/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2124/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2124/2020 04.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – X1, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs Almaz oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1973-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nizami rayonu, İnzibati Bina, Ş.Mirzəyev küçəsi, ev 71-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 58 saylı ünvanda yerləşən 14 saylı notariat kontorunda Zərərçəkmiş şəxs Almaz oğluna məxsus 100 manat dəyərində 01 ədəd “Samsung A30” markalı mobil telefon aparatını oğurlamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə inspektoru X2 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Almaz oğlunun şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 2020-ci ilin sentyabr ayının 03-də, təxminən saat 17 radələrində, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 58 saylı ünvanda yerləşən 14 saylı notariat kontorunda olarkən naməlum şəxs onun piştaxtanın üzərinə qoyduğu 100 manat dəyəri olan 01 ədəd “Samsung A30” markalı mobil telefon aparatını gizli olaraq talayıb oğurluq etmişdir. Onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onu da qeyd edir ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 ay müddətinə inzibati həbs edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Almaz oğlu izahatında göstərdi ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 17 radələrində, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 58 saylı ünvanda yerləşən 14 saylı notariat kontorunda olarkən naməlum şəxs onun başının sənədləşmə işinə qarışmasından istifadə edərək piştaxtanın üzərinə qoyduğu 100 manat dəyəri olan 01 ədəd “Samsung A30” markalı mobil telefon aparatını götürərək çıxıb getmişdir. Ona vurulmuş zərər ödənilməmiş, Şəxs şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 58 saylı ünvanda yerləşən 14 saylı notariat kontorunda 01 ədəd “Samsung A30” markalı mobil telefon aparatını oğurlamışdır. O, həmin telefonu “20 Yanvar” dairəsi yaxınlığında tanımadığı şəxsə 50 manata satmışdır. İİ qrup əlil olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Eyni zamanda “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumata əsasən Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə təqsirli bilinərək 01 ay müddətinə inzibati həbs edilmişdir. Məhkəmə onun tərəfindən eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə müvafiq olaraq onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında inzibati tənbeh növü kimi ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda inzibati həbs nəzərdə tutulmuşdur. Bununla belə məhkəmədə o da müəyyən olunmuşdur ki, Şəxs İİ dərəcəli əlildir. İnzibati Xətalar Məcəlləsinin 28.4-cü və 30.2-ci maddələrinə əsasən isə ikinci dərəcə əlilliyi olan şəxslərə ictimai işlər növündə inzibati tənbeh tətbiq oluna bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 34-1-ci maddəsi tətbiq olunmaqla o, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar