Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2124/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Qərardan şikayət vermiş şəxs: X3 iştirakları ilə X3 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14261092 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 01 may 2023-cü il tarixdə iş yeri olan ünvan 1 ünvanda yerləşən “City Point” Biznes Mərkəzinin yaxınlığında özünə məxsus “Hyundai Elantra” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili park etmişdir. Saat 12:30-13:00 radələrində avtomobilinə əyləşib Zabrat qəsəbəsində yerləşən “X5 Baxış Məntəqəsi”nə gedib avtomobilini texniki baxışdan keçirən zaman ona bildirmişlər ki, ödənməmiş cəriməsi var və buna görə texniki baxışdan keçə bilməz. “Smsradar.az” və “asanpay.az” saytlarına baxdıqda avtomobilinə dayanma-durma qaydasını pozduğuna görə cərimə yazıldığını görmüşdür. O, texniki baxışın vaxtına 01 gün qaldığı üçün məcbur olub cəriməni ödəmişdir. Lakin müvafiq elektron sistemə yüklənən şəkillərdə dayanma-durmanı qadağan edən nişanın şəklinin olmamasını müəyyən etmişdir. Nişanın şəkli olsa belə o, Allahyar Nəsibov küçəsindən Cəlil Məmmədquluzadə küçəsinə dönəndə parklamanı qadağan edən heç bir nişanın olmadığına əmindir. Qeyd etdiyi ünvan iş yerinin yaxınlığıdır və demək olar ki, hər gün eyni küçədən gəlib avtomobilini orada park edir. Qanunvericiliyin tələblərinə əsasən yol nişanları sürücünün aydın görəcəyi yerdə və məsafədə quraşdırılmalıdır. O, A.Nəsibov küçəsi ilə hərəkət edib C.Məmmədquluzadə küçəsi, 102A saylı ünvanda avtomobili park etdikdə isə parklamanı qadağan edən nişanla rastlaşmamışdır. Göstərilənləri nəzərə ödədiyi cərimənin geri qaytarılması, habelə xx.xx.2023-cü il tarixli, EQ 14261092 inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında X6 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • xx.xx.2023-cü il tarixli, EQ 14261092 saylı inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə olunmuşdur; • Fotoşəkillərdən görünür ki, HYUNDAİ ELANTRA” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında durur, yolun hərəkət hissəsinin kənarında nişanlanma xətti olsa da, orada durma və ya dayanmanı qadağan edən 3.28 nişanı görünmür. Məhkəmədə tədqiq edilmiş sənədlərlə inzibati xəta hadisəsinin baş verdiyi yerdə dayanma-durmanı qadağan edən nişanın quraşdırıldığı və bu ərazinin həmin nişanın təsiri altında olduğunu müəyyən etmək mümkün olmur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin Vİ hissəsinə əsasən 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında nəqliyyat vasitələrinin durması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Eyni zamanda həmin Məcəlləyə əsasən: • inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə tam riayət olunmamış, işin bütün halları, o cümlədən barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14261092 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14261092 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2124/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2124/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver