Məhkəmə qərarları › İş №3(006)-2126/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2126/2021

30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2126/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət verən şəxsin nümayəndəsi və vəkili Vəkil, Qərarından şikayət verilən səlahiyyətli orqan - Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin nümayəndəsi X3 iştirakı ilə X2 Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi tərəfindən qəbul edilmiş 04.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi tərəfindən qəbul edilmiş 04.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğvi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxsin nümayəndəsi və vəkili Vəkil şikayətdə göstərilənlərə uyğun izahat verərək göstərmişdir ki, X4 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin böyük məsləhətçisi X5 tərəfindən 24 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi X6 tərəfindən MN ******* №-li, 04.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq, M.Xəlilova 4000 (dörd min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati xəta haqqında prokol və onun əsasında qəbul edilmiş qərardan da görünür ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati xətayla bağlı protokol və onun əsasında qərar qəbul edilmişdir. X4 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 24 iyul 2021-ci il tarixli, MN № ******* saylı protokol və onun əsasında qəbul edilmiş MN ******* №-li, 04.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Eləcə də həmin protokol tərtib olunarkən və qərar qəbul edilərkən müvafiq inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri açıq-aşkar və kobud şəkildə pozulmuşdur. Belə ki, inzibati xəta haqqında protokolda «müəyyən etdi» hissəsində göstərilmişdir ki, «24.07.2021-ci il tarixdə Nəsimi rayonu, S.Vurğun küçəsində Zabitlər Parkında yerləşən «Qəbələ Xanlar» restoranında XK-nin 237 saylı qərarının tələblərinin kobud səkildə pozulduğu müəyyən olundu». X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş şəxs qanunvericiliyin tələblərinə zidd olaraq guya törədilmiş «inzibati xətanın» vaxtını və bu xətanın mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, ona hüquq və vəzifələrinin izah edilməsi, protokolda göstərməmiş, eyni zamanda inzibati xəta haqqında protokol imzalanması üçün təqdim edilməmişdir. Ümumiyyətlə inzibati xəta haqqında protokolun harada və nə vaxt tərtib edilməsi onlara məlum deyildir. Hər hansı bir inzibati xəta hadisəsi olmamışdır. İnzibati xəta haqqında iş üzrə qərardan da göründüyü kimi, həmin qərar da qanunvericiliyin tələblərinə tam şəkildə cavab vermir, qərarda işə baxılarkən müəyyən edilmiş hər hansı bir hal göstərilməmişdir. Odur ki, yuxarıda qeyd olunanları, habelə qanunvericiliyin tələblərini rəhbər tutaraq, 04.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən səlahiyyətli orqan - Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin nümayəndəsi X5 izahatında göstərdi ki, 24 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, Zabitlər parkında yerləşən “Qəbələ Xanlar” restoranında Nazirlər Kabinetinin 237 saylı Qərarının tələbləri kobud şəkildə pozulmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və vəzifəli şəxsə 4000 manat məbləğində cərimə tətbiq edilmişdir. Restoranda qeyd edilən tarixdə tədbirin keçirilməsi zamanı karantin qaydalarının pozulması “Facebook” sosial şəbəkəsində yerləşdirilən fotoşəkil və onun altında yazılan şərhlər əsasında müəyyən edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokolun surətindən görünür ki, 24 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, Zabitlər parkında yerləşən “Qəbələ Xanlar” restoranında Nazirlər Kabinetinin 237 saylı Qərarının tələbləri kobud şəkildə pozulmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və vəzifəli şəxsə 4000 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 04.08.2021-ci il tarixli, MN ******* nömrəli qərara əsasən X4 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə 4000 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən “Facebook” sosial şəbəkəsində yerləşdirilən fotoşəkilə istinad edilmiş, məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi qeyd edilən fotoşəkildən və ona yazılan şərhlər əsasında M.A.Xəlilov tərəfindən İXM-nin 211.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinin müəyyən edildiyini bildirmişdir. Məhkəmə, istinad olunan dəlili mötəbərliyi məhkəmədə şübhə doğurduğundan və digər sübutlarla öz təsdiqini tapmadığından inzibati xəta hadisəsinin olmasını təsdiq edən sübut kimi qiymətləndirmir. Belə olan halda məhkəmə hesab edir ki, X2 Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi tərəfindən qəbul edilmiş 04.08.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi tərəfindən qəbul edilmiş 04.08.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar